Məhkəmə qərarları › İş №2(046)-830/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-830/2021

26.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-830/2021 26.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zəbt etdiyi, onun və ailə üzvlərinin mülkiyyətində olan 2,03 ha torpaq sahəsinin boşaldılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfat məhsullarının istehsalı məqsədi üçün ona və ailə üzvlərinə 2,03 hektar torpaq sahəsi verilmişdir. Sözgügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən JN-345 seriyalı, kod sayı 40804068 nömrəli dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətlərinə verildiyi vaxtdan hazırki dövrə kimi cavabdehlər onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini zəbt edərək istifadələrinə imkan vermirlər. Belə ki, cavabdehlər onun və ailə üzvlərinin Rusiya Federasiyasında yaşamasından istifadə edərək, heç bir əsas olmadan mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edirlər. Dəfələrlə cavabdehlərlə görüşüb söhbətlər aparsa da, bir nəticəsi olmamış, onun və ailəsinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsini boşaltmayacaqlarını bildirmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə, eləcə də bələdiyyəyə müraciət etsə də, sözügedən qurumların inzibati tədbirləri də bir nəticə verməmişdir. Bu səbəbdən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Bu səbəbdən, iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Bu səbəbdən, iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Bu səbəbdən, iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 10 iyul 1998-ci il tarixli JN seriyalı 345 saylı, 40804068 Kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Göyçay rayonu Mallı-Şıxlı kəndi ərazisində yerləşən 2,03 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (məqsədli) torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə (X4, X1, X2, X3) verilmişdir. - «X9 və Ekspertiza Mərkəzi» MMC-nin 16 iyul 2021-ci il tarixli 37 saylı mütəxəssis rəyindən (Yerquruluşu mühəndisi Ayaz Şıxəliyev) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli 10/4334 saylı rəyindən görünür ki, «X9 və Ekspertiza Mərkəzi» MMC-nin mütəxəssis rəyinə əsasən JN- 345 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2,03 ha torpaq sahəsinin 1,278 hektarını X8, 0,0342 hektarını Cavabdeh4, 0,196 hektarını Cavabdeh2 istifadə edir. Yerdə qalan 0,4317 ha torpaq sahəsi isə kolluq əraziyə düşür. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından görünür ki, iddiaçıya və ailə üzvlərinə məxsus olan 2,03 ha torpaq sahəsinin 0,0342 hektarını Cavabdeh4, 0,196 hektarını Cavabdeh2 qanunsuz olaraq istifadə edirlər, bununla da mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozurlar. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinin tələbinə görə qətnamə qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-345 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2,03 ha torpaq sahəsinin zəbt olunmuş 0,0342 hektarından Cavabdeh4 və 0,196 hektarından Cavabdeh2 çıxarılmalı, həmin ərazilər boşaldılmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməli, 100 manat ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. JN-345 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2,03 ha torpaq sahəsinin zəbt olunmuş 0,0342 hektarından Cavabdeh4 və 0,196 hektarından Cavabdeh2 çıxarılsın, həmin ərazilər boşaldılsın. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin, 100 manat ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar