Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-834/2021 26.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində 26 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə 08.01.2007-ci il tarixdə nikaha daxil olmuşdur. Cavabdeh şəxsi və cehiz əşyaları ilə birlikdə ona məxsus olan Göyçay rayonu Çərəcə kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan uşaqları olmamışdır. Cavabdeh ilə bir müddət ona məxsus Göyçay rayonu Çərəcə kəndində yerləşən fərdi yaşayış evində yaşasalar da, 14.12.2010-cu il tarixdə birgə nikah dövründə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi alaraq, həmin evə köçmüşlər. Cavabdehlə aldıqları evin şəraiti normal olmadığından sözügedən evi sökərək, yerində bir mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Yeni inşa etdikləri evdə cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan aralarında mübahisə olmuş, bu səbəbdən münasibətləri pozulmuşdur. Faktiki nikah münasibətləri pozulsa da, rəsmi qaydada nikahları pozulmamışdır. Münasibətləri pozulduqdan sonra, Cavabdeh onu birgə nikah dövründə əldə etdikləri evə buraxmamış, yaşamağa imkan verməmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində faktiki mülkiyyətindən məhrum olmuş və kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə 08.01.2007-ci il tarixdə nikah bağlamışlar. İddiaçı ilə birgə nikahdan uşaqları yoxdur. 2010-cu il tarixdə öz vəsaiti hesabına fərdi yaşayış evi almış, həmin fərdi yaşayış evi təmirsiz olduğundan, evi söküb, öz vəsaiti hesabına yeni fərdi yaşayış evi tikdirmişdir. İddiaçının həmin evdən imtina etməsi ilə əlaqədar ona 3000 manat pul vermişdir. Hazırda həmin fərdi yaşayış evində yaşayış yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 08.01.2007-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş MA ******* saylı 14.01.2011-ci il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, iddia predmeti olan ünvan 2 saylı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 142 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi İddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2011-ci ildə yaranmışdır. İddiaçı Cavabdeh əri olmaqla ailə üzvü hesab edilir. Cavabdeh İddiaçı ilə birgə nikah dövründə olduqları zamanı ünvan 2 saylı fərdi yaşayış evini almış, həmin fərdi yaşayış evi hazırda cavabdehin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında hüquq münasibətlərinin 2007-ci il tarixdən yarandığını, birgə nikah dövründə əldə olunmuş fərdi yaşayış evinin 2011-ci il tarixdə dövlət qeydiyyatına alındığını, hazırda həmin fərdi yaşayış evindən istifadə ilə bağlı mübahisə yarandığını nəzərə alan məhkəmə hesab edir ki, mülki mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30cu maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış ünvan 2 saylı fərdi yaşayış evinə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-834/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-834/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver