Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-84/2025 27.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı uşağı ilə birlikdə cavabdeh keçmiş əri Cavabdeh ilə birgə inşa etdikləri Göyçay rayonunun Yalman kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlə faktiki olaraq 2018-ci ildən nikah münasibətində olmuş, gəlin kimi Göyçay rayonunun Yalman kəndinə cavabdehin ümumi birgə mülkiyyətində inşa edilmiş valideyinlərinin yaşadığı evə köçmüşdür. Faktiki nikah münasibətlərində olduğu zaman cavabdehin ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində anasının köməkliyi və vəsaiti hesabına bir otaqdan ibarət fərdi yaşayış evi inşa etməyə başlamış, Cavabdeh ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuş və cavabdehlə həmin evdə yaşamışlar. Cehiz əşyaları və qızılzinət əşyaları hazırki vaxtadək həmin evdədir. Həmin evdə yaşayarkən birgə nikahdan xx.xx.2019-cu il tarixdə X6 anadan olmuşdur. 2024-cü ilin iyun ayında Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh onu həmin evdən qovub çıxarmışdır. Halhazırda müvəqqəti olaraq anasının yanında Göyçay rayonunun Ləkçıplaq kəndində yaşayır. Lakin hazırda yaşadığı evdə ondan başqa 7 nəfər anası, bacısı və qardaşı ailəsi ilə birgə yaşayır. Buna görə də həmin evdə daimi qalıb yaşamaq imkanı yoxdur. Cavabdeh Bakı şəhərində yenidən evləndiyi qadınla kirayədə yaşayır.Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh nümayəndəsi (arvadı) X4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2019-cu il tarixdə Göyçay rayon İHB-nın Yalman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 03 nömrəli qeydlə bağlanmış nikah pozulmuş, trəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 adlı uşaq tərəflər arasında nikah pozulduqdan sonra X1 yanında qalmışdır. İş materiallarına əlavə olunmuş Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli arxiv məlumatlarından görünür ki, Cavabdeh adına ümumibirgə mülkiyyət hüququ üzrə Göyçay rayonu Yalman kəndində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh adına xx.xx.2004cü il tarixli JN-086A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayonu Yalman kəndində ümumibirgə mülkiyyətində 0.29 ha həyətyanı xx.xx.2004-cü il tarixli JN-086F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən isə ümumibirgə mülkiyyətində olan 0.72 ha həyatyanı torpaq sahəsi vardır. Göyçay RİHB-nin Yalman kənd İƏD üzrə nümayəndələyinin 30. 10.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə X1 birgə evlilik dövründə Göyçay rayonu Yalman kəndində inşa edilmiş 72 m2 bir otaqdan ibarət fətrdi yaşayış evi vardır. Göyçay rayon Yalman Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh özünə məxsus bir otaqlı evi vardır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə Göyçay rayonu Yalman kəndində yerləşən İş üzrə Cavabdeh oğlunun ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin torpaq sahəsində bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evi inşa edilmiş, fərdi yaşayış evinin ətrafı dəmir hasarla bağlanmış, iddiaçıya məxsus cehiz əmlaklar həmin evdə müəyyən edilmişdir. Mübahisəli fərdi yaşayış evinə baxış keçirilən zaman iddiaçı həmin evə dair foto şəkilləri təqdim etmişdir. İş üzrə iddiaçını dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı xx.xx.2019-cu il tarixdə nikah bağlamışlar. Nikaha daxil olduqdan sonra İddiaçı Cavabdeh ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Daha sonra Cavabdeh ilə İddiaçı Cavabdeh ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində bir mərtəbəli bir otaqlı fərdi yaşayış evi inşa etmişlər. Həmin evdə birgə təsərrüfat aparmışlar. Göründüyü kimi İddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2019-cu ildə yaranmışdır. İddiaçı Cavabdeh arvadı kimi mübahisəli özbaşına tikili olan fərdi yaşayış evində yaşamış, orada cavabdehlə birlikdə təsərrüfat aparmış, azyaşlı uşaqları həmin evdə yaşadıqları müddətdə doğulmuşdur. Mübahisəli ev üzərində cavabdehin və digərlərinin mülkiyyət hüququ qeydə alınmamışdır. Tərəflər arasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evə köçürülmə ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilr (qanunun analogiyası). Qeyd edilən maddi hüquq normalarını hazırkı iddia tələbi üzrə mübahisəli evin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar tətbiq edərək müəyyən etmişdir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. Tərəflər arasında olan mübahisəli mülki hüquq münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyinə görə məhkəmə hesab edir ki, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq olunmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin xx.xx.2019-cu ildə yaranmasını nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, mülki mübahisə qanunun analogiyası üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 68.3-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu huquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yerinin olması təsbit olunmuşdur. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh arvadı kimi cavabdehin ümumi-birgə mülkiyyətində olan torpaq sahəsində birgə nikah dövründə inşa etdikəri, mübahisəli evdə cavabdehin ailə üzvü kimi 5 il müddət ərzində yaşamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçüb yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. xx.xx.2016-cı il tarixli 374499 nömrəli vəsiqədən görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikasının Dövlət X5 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Dövlət rüsumu haqqında qanunun 8.2-ci maddəsinin Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı azyaşlı uşağı xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə Cavabdeh ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa etdikləri Göyçay rayonunun Yalman kəndində yerləşən bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evinə köçürülsün. 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-84/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-84/2025
27.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver