Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-841/2021 11.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X3, Cavabdeh1, nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə cavabdeh keçmiş əri Cavabdeh1 yaşadığı, gəlin köçdüyü Göyçay rayonunun Qaraxıdır kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı X4 iddianı müdafiə edərək göstərmişdir ki, 20 avqust 2017-ci il tarixdə ailə qurmuşam, nikahıarə 24 fevral 2018-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Toydan sonra cavabdehin yaşadığı Göyçay rayonu Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cavabdehlə həmin fərdi yaşayış evində yaşayaraq ümumi təsərrüfatı idarə etmiş və aralarında heç bir qeyd şərt olmamışdır. Birgə nikahlarından 28.06.2018-ci il tarixdə X5 anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olmuş, sonradan aralarında mübahisələr olduğundan cavabdehlə ayrılmış, cavabdehin yaşadığı fərdi yaşayış evini tərk etmişdir. Hal-hazırda müvəqqəti olaraq, valideyinlərinə məxsus fərdi yaşayış evində yaşayır. Lakin istifadə hüququ əldə etdiyi, əmlaklarının yerləşdiyi, cavabdehin yaşadığı və Göyçay rayonu Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evinə köçüb yaşamaq istəyir, lakin cavabdeh həmin mənzilə köçüb yaşamağına icazə vermir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Göründüyü kimi cavabdehlə mübahisəli fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmış, fərdi yaşayış evində bərabər hüquqa malik şəxs kimi maneəsiz yaşamışdır. Cavabdeh onun evə qayıdıb yaşamasına könüllü razılıq vermədiyinə görə iddianın təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə 24.02.2018-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan bir uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra iddiaçı ilə birlikdə valideyinlərinə məxsus evdə Göyçay rayonu Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. İddiaçı ilə ailə münasibətləri pozulduğundan ayrılmışlar. İddiaçı ilə birlikdə yaşamaqları mümkün deyildir. İddiaçı onun və ailə üzvlərinin mülkiyyətində olan fərdi yaşayış evində istifadə hüququnun saxlanması, mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaran haldır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-185A saylı şəhadətnamədən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28.06.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 0.65 ha torpaq sahəsi Cavabdeh2, X2, Cavabdeh1 və X1 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 0.65 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi **** m2 olan fərdi yaşayış evi Cavabdeh2, X2, Cavabdeh1 və X1 adına xüsusi mülkiyyət kimi 23.10.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X4 Cavabdeh1la 24.12.2017ci il tarixdə rəsmi nikah qeyd etdirməklə, ailə həyatı qurmuşdur. Toy mərasimi olduqdan sonra İddiaçı cavabdehin və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüş, birgə nikahlarından övladları dünyaya gəlmişdir. İddiaçı bir müddət mübahisəli fərdi yaşayış evində yaşasa da, sonradan cavabdehlə münasibətləri pozulduğu üçün yaşadığı evi tərk edib, validenlərinin yanına qayıtmışdır. Mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi cavabdehin və ailə üzvlərinin adına 23.10.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İşin hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibəti 24.12.2017-ci il tarixdə yaranmışdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mülkiyyətçi ilə yaşayış sahəsində yaşayan şəxslər arasındakı münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 16.12.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilə cavabdehin ailə üzvü kimi, yəni arvadı kimi köçmüşdür və onun hüquqları Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin təsiri altına düşür. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Hazırki mübahisə üzrə iddiaçının özünün yaşayış evinin olmamasını, özünü başqa yerdə yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması aşkardır. Cavabdeh1 mülkiyyət hüquqlarının pozulması dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. İddiaçının mənzildən 3 il müddətinə istifadə hüququnun saxlanması du prinsiplərə zidd deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlara araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı 2017-ci ilin dekabr ayında cavabdehlə nikah münasibətlərinə daxil olaraq, mübahisəli evə köçmüş və həmin vaxtdan cavabdehlə birlikdə mübahisəli fərdi yaşayış evində yaşamışdır. Tərəflər arasında mübahisə yarandığı üçün iddiaçı yaşadığı evi tərk etmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 məxsus Göyçay rayonu, Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçı həmin fərdi yaşayış evinə köçürüldüyü vaxtdan yaşayış sahəsindən istifadə hüququ 3 il müddətinə saxlanılsın və həmin müddət başa çatdıqda onun yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-841/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-841/2021
11.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver