Məhkəmə qərarları › İş №2(046)-866/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-866/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-866/2020 15.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və İddiaçı nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun və Cavabdeh iştirakı ilə, dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 432 manat itirilmiş qazın dəyərinin, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 452.40 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini müdafiə edərək göstərmişdir ki, Göyçay rayonunun Potu-Şıxlı kəndində yaşayan Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə İddiaçı Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinə 432 manat borcu vardır. İddiaçı Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinin əməkdaşları xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar rezin boru vasitəsi ilə çəkilmiş qaz xətti aşkar etmiş və bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Cavabdeh Göyçay XS-nın abonent bazasındakı abonent koduna 4320 m3 – 432 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Cavabdeh borcunun ödənilməsi barədə bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilmiş, lakin cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış borcu ödəməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, yaşadığı Göyçay rayonunun Potu-Şıxlı kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan istifadə etmişdir. Buna görə də İddiaçı Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinin əməkdaşları akt tərtib etmişlər. Həmin aktda 4320 m3 – 432 manat dəyərində qazdan istifadə etdiyi göstərilmişdir. Həmin məbləğ ona cərimə kimi hesablanmışdır. Qazın dəyərini hissə-hissə ödəyəcəkdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank, poçt, internet və ya ödəniş terminalları vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşlarının iştirakı ilə istehlakçı Cavabdeh məxsus Göyçay rayonunun Potu-Şıxlı kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və qaz sayğacının çıxarılaraq rezin boru vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkar edilmiş və itirilmiş qazın dəyərinin hesablanması üçün İddiaçı İB-nin Ağsu RQİİ-yə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş İddiaçı xx.xx.2020-ci il tarixli itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh Göyçay XS-nin abonent bazasındakı abonent koduna 4320 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş Abonentin saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə İddiaçı İB-nə 432 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh qaz sayğacını çıxarmış rezin boru vasitəsi ilə birbaşa qaz xəttinə qoşularaq qazdan istifadə etmişdir. Buna görə də Göyçay XS-nin abonent bazasındakı abonent koduna 4320 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Cavabdeh qaz sayğacını çıxarmış rezin boru vasitəsi ilə birbaşa qaz xəttinə qoşularaq istifadəyə görə hesablanmış 432 manatı iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il № 80 saylı Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı 432 manat borcun, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 432 manat borc, 20 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı, cəmi 452.40 manat alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar