Məhkəmə qərarları › İş №2(046)-918/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-918/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-918/2021 06.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X2 nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, X2 debitor borcunun və dəymiş ziyanın ödənilməsi, eləcə də Cavabdeh cərimə borcunun və yeni quraşdırılmış sayğacların dəyərinin silinməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə Göyçay şəhərində 06 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadə edilmiş təbii qaza görə yaranmış 179.70 manat borcun, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manatın, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X1rşı qarşılıqlı iddia qaldıraraq X4 tərəfindən hesablanmış 216 manat təbii qaz itkisinə görə borcun və 68 manat yeni sayğacların dəyərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X2 nümayəndəsi X8 iddianın həcminin artırılması barədə ərizə təqdim edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə Azəriqaz” X5 X7 İdarəsinin Göyçay Xidmət Sahəsinə 324.50 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədəki müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa 06.04.2020-ci il tarixində "Azəriqaz” X5 RQİİ- nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu, Bığır kəndində yaşayan Cavabdeh məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 06.04.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 28.04.2020-ci il tarixli, MSK-29/1710-00897-2 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən Cavabdeh mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30.06.2020-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə ‘Azəriqaz” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 aprel 2020 - ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı **********02780 nömrəli abonent koduna 2160 m3 – 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Onu da qeyd edirik ki, Cavabdeh hər ay bildiriş almış, sonuncu dəfə 2020-ci ilin avqust ayında cəmi 100 manat pul ödəmişdir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş,mübahisələndirməmiş, lakin yaranmış borcu yenə də tam ödəməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək, qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonunun Bığır kəndində qeydiyyatda olmaqla yaşayır İddiaçı İB əməkdaşları tərəfindən ona məxsus sayğac 2020-ci ilin aprel ayında sökülərək yenisi ilə əvəz olunmuşdur. İddiaçı İB-nin Göyçay Xidmət sahəsindən məktub və məktuba əlavə edilmiş akt gələrkən məlum olmuşdur ki, köhnə sayğac laboratoriya yoxlamasından keçrilən zaman sayğacın üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Həmin rəyə əsasən ona məxsus sayğacın abonent koduna 216 manat itirilmiş qazın həcmi və yeni quraşdırılmış sayğacı dəyəri kimi 68 manat borc yazılmışdır. Yaşayış sahəsində istifadə etmək üçün quraşdırılmış qaz sayğacı həyətindən kənarda quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə heç bir cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan İddiaçı İB daşıyır. Sayğacın hesablama mexanizimin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar olunması mənim təqsirim nəticəsində baş verməmişdir. Buna görə də iddianın istifadə etdiyi qazın dəyərinin ödənilməsi tələbinə dair hissədə təmin, qarşılıqlı iddianın isə tam təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01.04.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 30.04.2020-cu il tarixli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Göyçay rayonun Bığır kəndində yerləşən fərdi yaşayış evində sayğacın hesablama mexanizminin qoruyucu qapağınının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş 29.06.2021-ci il tarixli Abonentin saldosundan görünür ki, Cavabdeh hesablanmış akt üzrə 2020-ci ilə Azəriqaz İB-nə 216 manat, qazdan istifadəyə görə isə 324.50 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin iyul ayında qazdan istifadə etmişdir. Cavabdeh istifadə etdiyi qazın dəyərini təşkil edən 324.50 manat borcu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə Azəriqaz İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, Cavabdeh həmin müqavilə əsasında yaşadığı Göyçay rayonunun Bığır kəndində qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmiş, həmin vaxt qaz sayğacı yenisi ilə əvəz edilmiş və buna görə Cavabdeh 30.04.2020-ci il tarixdə 68 manat məbləğində pul hesablanmışdır. Həmin aktlara əsasən 216 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi hesablanaraq Cavabdeh abonent koduna vurulmuşdur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il № 80 saylı Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh qazdan istifadəyə görə aylar üzrə İddiaçı İB-nə ödənilməmiş 324.50 manat alınaraq İddiaçı İB-nə verilməsinə dair hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı İB-dən dəymiş zərərin əvəzinin ödənilməsini və yeni sayğacın quraşdırılması üçün pul tələb etməkdə haqlı deyildir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sənədlərlə Cavabdeh yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının həyətindən kənarda quraşdırıldığı müəyyən edilmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Hazırkı vəziyyətdə qaz sayğacının iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğaca kənar müdaxilənin aşkar olunması müəyyən edilməmişdir. Eyni zamanda qaz sayğacının Cavabdeh təqsirli hərəkətləri nəticəsində sayğaca kənar müdaxilənin aşkar olunması barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğacda aşkar edilmiş qüsurların istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın Cavabdeh tutulması, yeni qaz sayğacının Cavabdeh vəsaiti hesabına quraşdırılması qərara alınmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 20 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 324.50 manat qazdan istifadəyə görə borc tutularaq Azəriqaz İB-nə ödənilməli, qarşılıqlı iddia təmin olunmalı, İddiaçı İB tərəfindən Cavabdeh abonent koduna hesablanmış borc və yeni quraşdırılmış sayğacın dəyəri olan cəmi 216 manat məbləğində pul silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 324.50 manat qazdan istifadəyə görə borc, 20 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı İB tərəfindən Cavabdeh abonent koduna hesablanmış 216 manat borc və yeni quraşdırılmış sayğacın dəyəri olan 68 manat məbləğində pul silinsin. Qətnamənin ilkin iddiaya dair hissədə icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə, qarşılıqlı iddiaya dair hissədə isə Bakı şəhəri Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar