Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-924/2020 22.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 123 saylı binanın 19 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, mərhum həyat yoldaşı X2 ilə 1963-cü ildə nikah bağlamışdır. Birgə nikahdan dörd övladı anadan olmuşdur. Qızları Rəşidə və Təranə ailə həyatı quraraq yaşamaq üçün biri Bakı şəhərinə digər isə Ucar rayonuna köçmüşdür. Oğlu Cavabdeh el adətinə uyğun evlənmiş və həyat yoldaşı ilə özünün mərhum həyat yoldaşı Sədrəddin Qurbanova məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 123 saylı binanın 19 saylı mənzilində onunla və mərhum həyat yoldaşı ilə birlikdə yaşamışlar. Sözügedən mənzili 1971-ci ildə həyat yoldaşı ailənin ümumi gəlirləri hesabına almış və həmin mənzilə köçərək orada yaşamışlar. Həyat yoldaşı Sədrəddin Qurbanov xx xxxxxx 2012-ci ildə vəfat etmişdir. Həyat yoldaşının ölümündən əvvəl cavabdehlə birgə yaşadığı, yəni Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 123 saylı binanın, 19 saylı mənzilini qızı Rəşidə Qurbanovaya bağışlamış və bağışlama müqaviləsi Göyçay rayonu Notariat Kontorunda rəsmiləşdirilmişdir. Sözügedən mənzil qızı Rəşidənin mülkiyyətinə keçdikdən sonra, oğlu Cavabdeh ona müraciət edərək borca düşdüyünü, bunun üçün pula ehtiyacı olduğunu, bankdan pul götürmək üçün girov qoymaq lazım olduğunu, yaşadığı mənzili girov qoyacağı, bu səbəbdən sözügedən mənzili onun adına keçirilməsi üçün qızı Rəşidə ilə danışıqlar aparmağını xahiş etmişdir. Qızı Rəşidədən israrla xahiş edərək, yaşadığı mənzili oğlu Cavabdeh adına keçirməsini xahiş etmişdir. Cavabdeh istəyinə nail olmuş və qızı Rəşidə 2012-ci ildə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 123 saylı binanın 19 saylı mənzilini cavabdehə bağışlamışdır. Sözügedən mənzil cavabdehin mülkiyyətinə keçdikdən sonra, bir müddət mehriban yaşasalar da, sonradan Elçinin həyat yoldaşının ona qarşı pis davranışından sonra ailədə söz-söhətlər yaranmışdır. Səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq Bakı şəhərinə qızı Rəşidənin yanına getmək məcburiyyətində qalmışdır. Bir müddət qızı Rəşidə yaşadığı evdə saxlayaraq müalicə etdirmiş, səhhəti normallaşdıqdan sonra Göyçay rayonuna qayıtmışdır. Qayıdanda 40 ilə yaxın yaşadığı mənzilin açarlarının dəyişdirildiyini, oğlu Cavabdeh tərəfindən sözügedən mənzilin kirayə verildiyinin şahidi olmuşdur. Cavabdehlə əlaqə saxlayıb nə üçün belə etdiyini sorşduqda, onu mənzilə buraxmayacağını, özünə başqa yaşayış yeri tapmağını bildirmişdir. Əlacsız qalıb, qızı Təranənin yaşadığı Ucar rayonuna gedib Təranə ilə yaşamaq məcburiyyətində qalmışdır. Dəfələrlə yaşadığı və pasport qeydiyyatında olduğu mənzilə köçməyə cəhd göstərsə də, cavabdeh buna imkan verməmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı onun anasıdır. İddiaçı özü evdən getmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Abdullayeva (Qurbanova) Fəridə Abdulla qızı ilə X2 xx.xx.1963-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş, Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1965-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. X1, anası isə İddiaçıdır. Məhkəməyə təqdim edilmiş MA ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 123, 19 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında görünür ki, İddiaçı Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 123, 19 saylı mənzildə qeydiyyatdadır. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh anası İddiaçı onun mülkiyyətində olan Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 123 saylı binanın 19 saylı mənzilə köçürülməsinə etirazı olmadığı bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Repsublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehin mülkiyyətində olan Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 123 saylı binanın 19 saylı mənzilə köçürülməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumunu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 123 saylı binanın 19 saylı mənzilinə köçürülməsi barədə tələbi təmin edilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-924/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-924/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver