Məhkəmə qərarları › İş №2(046)-952/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-952/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-952/2020 28.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə,uşağın təhsilinə çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 təhsilinə görə ödənilmiş 2625 manatın və gələcəkdə ödəniləcək 525 manat olmaqla cəmi 3150 manat Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay 136.60 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda birgə nikahdan anadan olmuş uşaq iddiaçının himayəsində yaşayır. İddiaçının oğlu iki il müddətdir ki, “Balaca Dahi” Körpələr EV-Uşaq Bağçasında təhsil alır. Uşağın illik təhsil haqqı 3500 manat olmaqla iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı 2018-2019-cu tədris ili üçün 3150 manat, 2019- 2020-ci tədris ili üçün 2100 manat ödəniş etmiş, mart, aprel və may ayı üçün gələcəkdə 1050 manat ödəniş edilməlidir. Hesab edir ki, ödənilmiş 5250 manatın yarısı, yəni 2625 manat və gələcək 3 ay ərzində ödəniləcək 1050 manatın yəni 525 manat olmaqla, cəmi 3150 manatın cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də 3150 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, sosial işçi kimi işləyir, aylıq 250 manat məvacib alır, uşağın saxlanması üçün 170 manat aliment ödəyir. Cavabdeh isə Azercell MMC-də işləyir, aylıq 1841 manat maaş alır. Maddi imkanı zəif olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsini və cavabdehin izahatını dinləyən və təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxx” MMCnin idarə qulluqçusu qiymətləndirmə vəzifəsində işləməklə 1841 manat əmək haqqı alır. Cavabdeh isə “xxxxxxxxxxxxxxx” MMC-də sosial işçi vəzifəsində işləməklə 250 manat əmək haqqı alır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı birgə nikahından anadan olmuş azyaşlı Cavadın “Balaca Dahi” Körpələr Ev-Uşaq Bağçasında ödənişli əsaslarla tərbiyə alması ilə əlaqədar çəkilən xərcin atası Cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi iddiaçının ödənişli əsaslarla məktəbəqədər təlim müəssisəsi seçmək hüququdur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh azyaşlı oğlu Cavadın məktəbəqədər təlim alması ilə əlaqədar ödənilmiş və gələcəkdə ödəniləcək təlim haqqının ödənilməsini tələb etməsi qanunda nəzərdə tutulmamışdır. İddiaçı nümayəndəsi məhkəmə baxışı zamanı Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 təhsilinə görə ödənilmiş 2625 manatın və gələcəkdə ödəniləcək 525 manat olmaqla cəmi 3150 manatın tutulmasına əsas verən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 təhsilinə görə ödənilmiş 2625 manatın və gələcəkdə ödəniləcək 525 manat olmaqla cəmi 3150 manatın tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 təhsilinə görə ödənilmiş 2625 manatın və gələcəkdə ödəniləcək 525 manat olmaqla cəmi 3150 manatın tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar