Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-215/2024 15.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə nikah münasibətlərinə daxil olmuş, aralarında olan nikah xx.xx.2023-cü il tarixdə 1613 nömrəli qeydlə 7 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, lakin onların nikaha daxil olmaqda məqsədləri ailə həyatı qurmaq olmamışdır. Belə ki, nikahlarının qeydə alındığı vaxtdan toy mərasimi olmamış, nikaha daxil olanadək və nikaha daxil olduqdan sonra o, valdeyinləri ilə birlikdə yaşamış, cavabdehlə heç vaxt bir yerdə yaşamamış və birgə təsərrüfat aparmamışdır. Sonradan xasiyyətlərinin uyğun gəlmədiyi üçün hesab edir ki, aralarında olan nikah etibarsız hesab edilməlidir. Ona görə də Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə 7 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 1613 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. O, iddia tələbini qəbul edir. Belə ki, o, İddiaçı ilə nikah münasibətlərinə daxil olmuş və aralarında olan nikah xx.xx.2023-cü il tarixdə 1613 nömrəli qeydlə 7 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, lakin onların nikaha daxil olmaqda məqsədləri ailə həyatı qurmaq olmamışdır. Belə ki, nikahlarının qeydə alındığı vaxtdan toy mərasimi olmamış, nikaha daxil olanadək və nikaha daxil olduqdan sonra o, valdeyinləri ilə birlikdə yaşamış, iddiaçı ilə heç vaxt bir yerdə yaşamamış və birgə təsərrüfat aparmamışdır. Sonradan xasiyyətlərinin uyğun gəlmədiyi üçün hesab edir ki, aralarında olan nikah etibarsız hesab edilməlidir. Ona görə də İddiaçı ilə xx.xx.2023-cü il tarixdə 7 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 7 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahları 7 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və bu barədə xx.xx.2023-cü il tarixli, 1613 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə və arvada Qardaşxanlı soyadları verilmişdir. Mülki işin materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 6 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmış və ona izah olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Ona görə də ona nikahın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş mediator X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. Bundan başqa, məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır (mad. 25.1). Nikah məhkəmə qaydasında etibarsız sayılır (mad. 25.2). Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır (mad. 25.4). Nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa-nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) (mad. 26.1.3) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə olan nikahları 7 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış, bu barədə xx.xx.2023-cü il tarixli, 1613 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə və arvada Qardaşxanlı soyadları verilmişdir. Lakin İddiaçı ilə Cavabdeh arasında olan nikah rəsmiləşsə də, onların nikaha daxil olaraq ər-arvad kimi birgə yaşamaq niyyətləri olmamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 7 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış, xx.xx.2023-cü il tarixli, 1613 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah tərəflərin hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda bağlandığına görə etibarsız sayılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad.14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad.77.1). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad.217.4). Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə 1613 nömrəli akt qeydi ilə 7 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikah etibarsız sayılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 24 sentyabr 2023-cü il tarixdə 1613 nömrəli akt qeydi ilə 7 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-215/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-215/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver