Məhkəmə qərarları › İş №2(047)-330/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-330/2025

22.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-330/2025 22.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (bundan sonra mətndə ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 1977-ci ildən 01 Sentyabr 1991ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və 01 sentyabr 1991-ci iildən 01 mart 1992-ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1959-cu il tarixdə Laçın rayonunun Mayıs kəndində anadan olmuş, 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və 01 sentyabr 1991-ci iildən 01 mart 1992-ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işləmişdir. Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyi illəri təsdiq edən əmək kitabçası, kolxozun və məktəbin bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və 01 sentyabr 1991-ci iildən 01 mart 1992-ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa o, həmin illəri əmək pensiyasına əlavə edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon “C.Cabbarlı” adına kolxozda fəhlə və Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Kolxozda və məktəbdə işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edirlər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və 01 sentyabr 1991-ci iildən 01 mart 1992-ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş, habelə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, o, 1967ci ildən 1992-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda çoban işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, o, 1972- 1990-cı illər ərzində Laçın rayon C.Cabbarlı adına qoyunçuluq sovxozunda (sonrakı kolxoz) naxırçı, çoban, kolxozçu, 1990-1992-ci illər ərzində Laçın rayon Sonasar kənd XDS icraiyyə komitəsinin katibi, 1992-2012-ci illər ərzində isə Laçın rayon Sonasar kənd icra nümayəndəliyinin mühasibi (baş mühasib) vəzifələrində işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu ilə kimi Laçın rayon “C.Cabbarlı” adına qoyunçuluq sovxozunda (sonrakı kolxoz) traktorçu və mexanizator vəzifələrində işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, o, 01 may 1979-cu ildən 01 may 1980-ci ilə kimi və 01 iyun 1982-ci ildən 01 may 1998-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda kolxozçu işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, o, 30 dekabr 1984-cü ildən 01 sentyabr 1989-cü ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda fəhlə işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin və məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür. İşdə olan X11, X6, X5, X2, X12, X3 və X7 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının Sonasar kəndi üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktın məzmunundan görünür ki, Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və 01 sentyabr 1991-ci iildən 18 may 1992-ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işləmişdır. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (bundan sonra-Fond) daxil olmuş müraciətə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Təqdim etdiyiniz sənədlərin surətinə əsasən xx.xx.2006-cı il tarixinədək 19 il 6 ay 29 gün sığorta stajınız, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 357,42 manat pensiya kapitalı (2009-cu il üzrə indeksiəşdirilmiş), pensiya təyin edildiyi tarixdən sonra 6 il və daha çox işlədiyiniz üçün xx.xx.2009-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək qeydə alınmış 4474,76 manat pensiya kapitalı (2019-cu il üzrə indeksiəşdirilmiş) əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətinizdən 3 ıl əvvəl) 279,95 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən iliik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 311,86 manata, xx.xx.2022-ci il tarixindən 322,46 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 339,12 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 388,97 manata, xx.xx.2024-cü il tarixindən 432,53 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək pensiyaya çıxmış şəxslərin (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixindən yenidən hesablanırdı. Müraciətinizin araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2011-ci il tarixində pensiyanız sığorta stajına əsasən yenidən hesablanarkən xx.xx.2006-cı il tarixinədək sığorta stajınız 19 il 6 ay 29 gün nəzərə alınmalı olduğu halda, 28 il 8 ay nəzərə alınmaqla hesablanmışdır. Bu səbəbdən əmək pensiyanızın məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixii müraciətinizdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş dövrlər (xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləriniz və 6 il uşaqlara qulluq etdiyi müddət) tam olaraq nəzərə alınmışdır. Bildiririk ki, ərizənizdə qeyd etdiyiniz 1972-1992-ci il illər üzrə olan əmək fəaliyyətiniz məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra sığorta stajınıza daxil edilərək əmək pensiyanızın yenidən hesablanmasına baxıla bilər. Əlavə olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixli 3-17-1/1-N-304712/2023 nömrəli müraciətiniz Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixində 3-17-1/2-N-308613/2023 nömrəli məktubla cavablandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hququnuz vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etirazın məzmunundan görünür ki, icraatda olan 2(047)- 330/2025 saylı iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, Ərizəçi iddia etdiyi dövrləri onunla birgə eyni illərdə işləmiş və əmək kitabçası olan şahidlər təsdiq edə bilər. Yəni şahid qismində cəlb olunmuş şəxslərin işləmələri barədə sənədləri olmalıdır. Lakin iş üzrə icraat materiallarında ərizəçinin işlədiyi illəri təsdiq edəcək hər hansı şahidin işə cəlb olunmadığı aydın görünür. Beləliklə iş materiallarına əsasən ərizəçinin işləməsi faktını təsdiq edən hallar, sənədlər və materiallar mövcud olmadığından ərizə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən də Ərizəçi 2(047)-330/2025 nömrəli iş üzrə ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İşdə olan Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 5-64-51-/3-2-7/2025 saylı xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, Laçın rayonunun “C.Cabbarlı” adına kolxozunun və Laçın rayon Sonasar kənd tam orta məktəbin 1992-ci ilin may ayınadək olan fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı olaraq həmin kolxozun və məktəbin sənədləri Laçın rayonunun işğalı ilə əlaqədar işğal zonasında qalmışdır. İşdə olan əmək kitabçaslarının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, şahid X12 1972-1990-cı illər ərzində Laçın rayon C.Cabbarlı adına qoyunçuluq sovxozunda (sonrakı kolxoz) naxırçı, çoban, kolxozçu, 1990-1992-ci illər ərzində Laçın rayon Sonasar kənd XDS icraiyyə komitəsinin katibi, 1992-2012-ci illər ərzində isə Laçın rayon Sonasar kənd icra nümayəndəliyinin mühasibi (baş mühasib) vəzifələrində işləmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu ilə kimi Laçın rayon “C.Cabbarlı” adına qoyunçuluq sovxozunda (sonrakı kolxoz) traktorçu və mexanizator vəzifələrində işləmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, şahid X5 30 dekabr 1984-cü ildən 01 sentyabr 1989-cü ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda fəhlə işləmişdir. İşdə olan 27 nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X11 1967-ci ildən 1992-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda çoban işləmişdir. İşdə olan Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)-902/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, şahid X6 01 may 1979-cu ildən 01 may 1980-ci ilə kimi və 01 iyun 1982-ci ildən 01 may 1998-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda kolxozçu işləmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, ərizəçinin 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayonu C.Cabbarlı adına kolxoz 1999-cu ilədək fəaliyyət göstərmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi 01 iyul 1977-ci il tarixdən 01 sentaybr 1991-ci il tarixədək Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsinin nəzərə alınmaması və Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Ərizəçi 01 sentyabr 1991-ci iildən 01 mart 1992-ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyini bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin məhkəmə iclasında ərizəçinin həmin məktəbdə işləməsini təsdiq edəcək qeyd edilən məktəbdə işləmiş iki nəfər şahidin də bu barədə ifadə verməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən də məhkəmə ərizənin qismən, yəni Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işlədiyi müddətin onun sosial sığorta stajı kimi müəyyən edilməli olduğunu qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM–nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–nin 309.1-ci maddəsində göstərir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM–nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bədində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qaçqın və ya köçkünlərin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqlarına təminat verir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 sentyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndində da qeyd edilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmalı və ərizə qalan hissədə isə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar