Məhkəmə qərarları › İş №2(047)-45/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-45/2024

11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-45/2024 11.01.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxs1nə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərardadına əsasən Maraqlı şəxs2 mülki iş üzrə məhkəmə icraatına maraqlı şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim edərək Maraqlı şəxs2 ilə faktiki nikahlarından anadan olmuş X3 xx.xx.2017-ci il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsində ev şəraitində doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atasının Maraqlı şəxs2, anasının Ərizəçi, milliyətinin isə azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, o, Maraqlı şəxs2 ilə 2006-cı il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuş, onların faktiki nikahlarından xx.xx.2007-ci il tarixdə X12, xx.xx.2009-cu il tarixdə X14 və xx.xx.2017-ci il tarixdə isə X10 adlı üç uşaqları anadan olmuş, X10 adlı uşaq ev şəraitində doğulduğundan və müvafiq xəstəxana arayışı almadıqlarından səhlənkarlıq edərək həmin uşağa doğum haqqında şəhadətnamə almamışlar. Uşağın doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu hal onlara bir sıra çətinliklər yaradır. Mövcud məsələnin həlli ilə əlaqədar olaraq o, Maraqlı şəxs1nə müraciət etmiş, lakin ona uşağın doğum faktının təsdiqlənməsi üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Qeyd edilənlərə əsasən də ərizəsinin təmin olunmasını və Maraqlı şəxs2 ilə faktiki nikahlarından anadan olmuş X3 xx.xx.2017-ci il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsində ev şəraitində doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atasının Maraqlı şəxs2, anasının Ərizəçi, milliyətinin isə azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 məhkəməyə ərizə təqdim edərək Ərizəçi izahatına uyğun izahat verərək ərizəçinin ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş, habelə işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına çağırılmış maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, 1999-cu il tarixdən Laçın Rayon Mərkəzi Xəstəxanasında həkim, 2009-cu il tarixdən həmin xəstəxananın doğum şöbəsində müdir, hal-hazırda isə həmin xəstəxananın Konsultativ Poliklinika şöbəsində mama-ginekoloq vəzifəsində işləyir. xx.xx.2017-ci il tarixdə doğuşla bağlı ona zəng edilərək xəstənin xəstəxanaya gətirilməsinin mümkün olmadığı bildirilmiş və ona görə də o, Ağcabədi rayon Taxta körpü qəsəbəsinə Ərizəçi yaşadığı evə gedərək həmin tarixdə ərizəçinin bir oğlan uşağının doğuşunu həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Bacısı ailəsi ilə birlikdə Ağcabədi rayon Taxta körpü qəsəbəsində yaşayır. Bacısının 2006-cı ildə Maraqlı şəxs2 ilə toyları olmuş, onların faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsində X10 adlı bir oğlan uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulduğu üçün uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Bacısı oğlunun doğum haqqında şəhadətnaməsinin olmaması onlar üçün bir sıra çətinliklər yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Qonşusu Ərizəçi ailəsi ilə birlikdə Ağcabədi rayon Taxta körpü qəsəbəsində yaşayır. Ərizəçi 2006-cı ildə Maraqlı şəxs2 ilə toyları olmuş, onların faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsində X10 adlı bir oğlan uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulduğu üçün uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahid ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Laçın rayon Minkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Laçın rayon İHB-nın Taxta körpü köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə X13 rayon üzrə bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Ərizəçi məcburi köçkündür və o, qızı X12, oğlu X14 və xx.xx.2017-ci il təvəllüdlü oğlu X10 ilə birlikdə Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbə ev 253-də yaşayır. İş materiallarına əlavə olunmuş Laçın rayon X9 hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Ərizəçi xx.xx.2017-ci il tarixdə X10 adlı bir oğlu doğulmuş, uşaq sağlamdır və halhazırda valideyn himayəsində yaşayır. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Laçın rayonu qeydiyyat şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin xx.xx.2017-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bundan başqa tibb müəssisəsinin sənədi olmadığı üçün Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü oğlu X3 doğumunun qeydə alınması mümkün olmadığından ona məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarında olan Laçın rayon İHB-nın Taxta körpü köçkünlər qəsəbəsi üzrə icra nümayəndəsi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ərizəçi Ağcabədi rayon Taxta körpü qəsəbəsində xx.xx.2017-ci il tarixdə X10 adlı bir oğlan uşağı ev şəraitində anadan olmuş və hal-hazırda həmin uşaq sağ və salamat yaşayır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, həmin şəhadətnamələrdə xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 bacısı X4 və qardaşı X6 milliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs2 2006-cı il tarixdə faktiki nikaha daxil olmuş, onların faktiki nikahlarından xx.xx.2017-ci il təvəllüdlü övladları X10 anadan olmuş, uşaq ev şəraitində doğulduğundan və ona görə də tibbi arayışın alınmaması səbəbindən həmin uşağa doğum haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətində MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Həmçinin, «Uşaq hüquqları haqqında» BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 7-ci maddəsində göstərilir ki, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Həmin Konvensiyanın 8-ci maddəsində göstərilir ki, iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 ilə Ərizəçi faktiki nikahından xx.xx.2017-ci il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsində X3 doğulması faktı müəyyən edilməli, X3 doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2017-ci il, soyadı Təhməzov, adı Məmməd, ata adı Elçin oğlu, doğum yeri Ağcabədi rayon Taxta körpü qəsəbəsi, atası qrafasında Maraqlı şəxs2, anası qrafasında Ərizəçi, milliyyəti isə azərbaycanlı kimi qeyd edilməli və onun adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 213-214, 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 faktiki nikahından xx.xx.2017-ci il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsində X3 doğulması faktı müəyyən edilsin. X3 doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2017-ci il, soyadı Təhməzov, adı Məmməd, ata adı Elçin oğlu, doğum yeri Ağcabədi rayon Taxta körpü qəsəbəsi, atası qrafasında Maraqlı şəxs2, anası qrafasında Ərizəçi, milliyyəti isə azərbaycanlı kimi qeyd edilsin və bununla bağlı doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar