Məhkəmə qərarları › İş №2(047)-878/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-878/2025

25.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-878/2025 25.09.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil və cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X3 iştirakları ilə, İddiaçı cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinə qarşı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinə qarşı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işləmişdir. 2002-ci ildən indiyə qədər müxtəlif müəssisələrdə, müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2014-cü ildən isə həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsinə keçirilmişdir. Onun ümumilikdə 23 il pedaqoji təcrübəsi vardır. Lakin onunla cavabdeh Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsaslanaraq xitam verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.3-cü və 5.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifıkatlaşdırmada “Dövlət Ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Laçın rayonu Hacıxanlı kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Qeyd olunan əmrdən görünür ki, o, ikinci dəfə təkrar sertifıkasiya imtahanından keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq xitam verilmişdir. Bununla da cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi nəticəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvini nəzərdə tutan əsas kimi müəyyən edilmişdir. Lakin Azərbaycan Respubliksaınm Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsinin qadağan olunduğu işçilərin dairəsi müəyyən edilmişdir. Bu kateqoriya şəxslərdən biri də öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərdir. Belə ki, onun ailəsi özü də daxil olmaqla 6 nəfərdən ibarətdir. Onun qayınanası X2 birinci dərəcə müddətsiz əlildir. Ona daimi qulluq və müalicə tələb olunur. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli arayışdan da görünür ki, X1 İddiaçı evində yaşayır. Məhz yuxarıda qeyd olunanlar təsdiq edir ki, onun himayəsində birinci dərəcə əlilliyi olan şəxs olduğu halda, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri kobud şəkildə pozularaq onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. O, işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, məhkəmə tərəfindən iddia təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmr ləğv edilərək işə bərpa edilməli və ona məcburi işburaxma üçün ödənilməyən əmək haqqının ödənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qətnamə qəbul edilməlidir. Odur ki, cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin işdən çıxarma barədə 24 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X4 izahatında bildirmişdir ki, onlar iddia tələbini qəbul etmirlər. Belə ki, İddiaçı ilə Laçın rayon Hacıxanlı kənd tam orta məktəbi arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmiş və işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmişdir. Lakin iddiaçı 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamış, bu səbəbdən də 30 iyun 2025-ci il tarixli, 24 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. O, Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli, 24 saylı əmrini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq qanuni və əsaslı hesab edir və odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, işdə olan İddiaçı məxsus 077551 saylı, xx.xx.2014-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İşdə olan Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli, 24 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN-nin TSEK-nın məlumatından və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı qayınanası X1 İddiaçı evində yaşayır və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik statusu verilmişdir. İş materiallarına əlavə olunmuş mediator X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı müvafiq qaydada mediatora müraciət etmiş və onunla cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X4 xx.xx.2025-ci il tarixə saat 13:00-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər və bununla bağlı İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işə götürən tərəfindən əmək müqaviəsinin ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “c” bəndində qeyd edilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 noyabr 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Qayda təhsilverənlərin sertifikatlaşdırılma prosedurunu tənzimlədiyi halda, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunması qadağan edilən işçilərin dairəsini müəyyən etmişdir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hərhansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Beləliklə də işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbi arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı həmin məktəbə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmiş və işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmişdir. O cümlədən məhkəmə qeyd edir ki, Təhsil haqqında Qanuna əsasən sertifikatlaşdırma-dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında sertifikatlaşdırmadan təkrar keçməyən İddiaçı barəsində Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X4 tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, 24 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifkatlaşdırma Qaydası”nın 5.3-cü və 5.4-cü bəndləri rəhbər tutularaq təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Bundan sonra İddiaçı tərəfindən müvafiq qaydada mediatora müraciət edilmiş, lakin iddiaçı ilə cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X4 xx.xx.2025-ci il tarixə saat 13:00-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. Daha sonra İddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələblərinə istinad edərək öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu üçün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X4 tərəfindən onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Lakin məhkəmə belə hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən İddiaçı 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi halda iddiaçının öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ilə xitam verilməsi sahəsində hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələblərinə əsasən İddiaçı öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu halda sertifikatlaşdırmadan keçirilməyən şəxslər kateqoriyasına aid edilmədiyindən, belə olan halda isə onun müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilməsi məhdudlaşdırılmadığından və iddiaçı müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilərək qeyd edilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələblərinə istinad etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X4 tərəfindən ləğv edilməsi, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 noyabr 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən də əmək qanunvericiliyinin tələblərinə zidd hesab edilməməlidir. Göründüyü kimi, iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığı üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X4 tərəfindən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin bütün tələblərinə riayət edilməklə qəbul edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək və onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli, yəni İddiaçı cavabdeh Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbinə qarşı Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbinin işdən çıxarma barədə 24 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən işdən çıxarılma ilə əlaqədar cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmamasını əsas götürür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinə qarşı Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin işdən çıxarma barədə 24 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar