Məhkəmə qərarları › İş №2(048)-1024/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-1024/2024

12.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-1024/2024 12.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddaçı İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ölçü-müayinə işlərinin aparılması üçün yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ölçü və müayinə işlərinin aparılması üçün yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 məxsus Lerik şəhəri, V.Müslümov küçəsində yerləşən 0,19752 hektar torpaq sahəsində Cavabdeh tərəfindən ölçü-müayinə işlərinin aparılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 miras qalmış Lerik şəhəri, V.Müslümov küçəsində torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsində mərhum anası X4 məxsus fərdi yaşayış evi olmuş, 1998-ci ildə baş vermiş zəlzələ nəticəsində ev yararsız vəziyyət düşmüş və həmin evdə yaşamaq mümkün olmadığı üçün ev sökülmüş, boş qalmış torpaq sahəsi onun tərəfindən mühafizə olunaraq idarə edilmişdir. Anası 1998-ci ildən 2001-ci ilədək onun himayəsində yaşamış və 2001-ci ilin avqust ayının 13-də rəhmətə getmişdir. Anasının vəfatından sonra həmin torpaq sahəsini miras payı olaraq birinci dərəcə vərəsə kimi qəbul etməkdən ötrü Lerik rayon notariat kontoruna müraciət etmiş, lakin qeyd olunan torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı üçün rayon notariat kontorunun müraciət məktubu əsasında Azərbaycan Respubilkasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə yuxarıda qeyd olunan torpaq sahəsinin ölçülməsini ilə bağlı müaraciət etmişdir. Müraciəti əsasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi onun iştirakı ilə ölçü işləri aparmaq istəmiş, lakin Cavabdeh süni maneələr yaradaraq torpaq sahəsinin dəqiq kordinatlarının vurulmasına imkan verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul еdərək, iddiaçıya heç bir mane yaratmadığını, iddiaçının tələb etdiyi ölçü işlərinin aparılmasına heç bir etirazı olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışın surətindən görünür ki, X2 19 oktyabr 1958-ci il tarixində Lerik qəsəbəsində vəfat etmiş, onun ölümü haqqında 21 oktyabr 1958-ci il tarixli 57 saylı ölüm akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Lerik Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışın surətindən görünür ki, X5 13 avqust 2001-ci il tarixində Lerik qəsəbəsində vəfat etmiş, onun ölümü haqqında 15 avqust 2001-ci il tarixli 224 saylı ölüm akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun sənədindən görünür ki, X3 adına 0,19752 hektar torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22 iyul 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən qanun üzrə vərəsəsi olduğunuz şəxsə (X5) məxsus torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin qanunla müəyyən edilmiş təiəblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim edilmiş sənədlərlə faktiki yerində olan vəziyyət müayinə (çöl-ölçmə işləri) aparılmadığından müəyyən edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü 10 saylı Lənkəran Ərazi İdarəsinin Lerik rayon şöbəsinin aidiyyəti mütəxəssisi tərəfindən həmin torpaq sahəsinə baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq, tərəflər arasında mübahisə baş verdiyi səbəbindən müayinənin (çöl ölçmə işləri) aparılması mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlakla bağlı vərəsəsinə hüququn ölmüş şəxsə məxsus oiması haqqında arayışın verilməsindən imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında 0,19752 hektar torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi əvvəl iddiaçının atasına adına, daha sonra isə anasın adına rəsmiləşdirilmişdir. İddiaçının atası X2 19 oktyabr 1958-ci il tarixində, anası isə X5 13 avqust 2001-ci il tarixində vəfat etmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən qanun üzrə vərəsəsi olduğu şəxsə (X5) məxsus torpaq sahəsində ölçmə işlərinin aparılması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, idarənin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmiş, lakin ölçmə işlərinin aparılması tərəflər arasında mübahisə baş verməsi səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 139- 1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh tərəfindən Lerik şəhəri, V.Müslümov küçəsində yerləşən 0,19752 hektar torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılmalı və həmin işlərin aparılmasına edilən müdaxilələr Cavabdeh qadağan edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Lerik şəhəri, V.Müslümov küçəsində yerləşən 0,19752 hektar torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılsın və həmin işlərin aparılmasına edilən müdaxilələr Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar