Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-1086/2025 05.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçı Şahvəli oğlunun etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Şahvəli oğlunun Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şahvəli oğlu Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan və qanunsuz olaraq məskunlaşdığı Lerik rayonu (Həzi Aslanov) Şirəli Müslümov küçəsində yerləşən 8 nömrəli binanın 2 nömrəli mənzilindən çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayon XDS İcraiyyə Komitəsinin 24 avqust 1988-ci il tarixli 11 nömrəli iclas protokoluna əsasən ona və ailə üzvlərinə Lerik rayon (Həzi Aslanov) Şirəli Müslümov küçəsində yerləşən 8 nömrəli binanın 1-ci blokunda ümumi sahəsi 55,19 kv.m, yaşayış sahəsi 31,1 kv.m olan 2 nömrəli mənzil verilmişdir. Səhhəti ilə əlaqədar olaraq müvəqqəti olaraq Bakı şəhərinə getmiş, cavabdeh baldızı Cavabdeh evin açarını digər baldızından alaraq həmin evdə müvəqqəti qalmışdır. Hazırda rayona qayıdıb öz mənzilində yaşamaq istəsə də, cavabdeh onu xususi mülkiyyətində olan mənzilinə buraxmır. Bütün bunları nəzərə alaraq, o də hazırkı iddia ərizəsi ilə öz mülkiyyətində olan və 15 ildir ki, yaxın düşə bilmədiyi Lerik rayon (Həzi Aslanov) Şirəli Müslümov küçəsində yerləşən 8 nömrəli binanın 1-ci blokunda ümumi sahəsi 55,19 kv.m, yaşayış sahəsi 31,1 kv.m olan 2 nömrəli şəxsi mənzilini Cavabdeh qanunsuz istifadəsindən geri tələb edir. Qeyd etdiyi kimi, həmin mənzil Lerik rayon XDS İcraiyyə Komitəsinin 24 avqust 1988-ci il tarixli, 11 nömrəli iclas protokoluna əsasən ona və ailə üzvlərinə verilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh qanunsuz olaraq zəbt etdiyi mənzilin onun qanuni xüsusi mülkiyyəti olması heç bir mübahisə doğurmur və səlahiyyətli dövlət orqanlarının verdiyi müvafiq sənədlərlə təsdiqlənir. Lakin təqdim olunmuş sənədlərdən və işin hallarından da göründüyü kimi Cavabdeh qanunsuz müdaxiləsi nəticəsində o, öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından əslində isə qanuni mənzili üzərində mülkiyyət hüququndan qanunsuz və əsassız məhrum olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Şahvəli oğlunun etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onların qohumudur və 1997-ci ildən hal-hazıradək həmin evdə yaşayır. Hazırda iddiaçı evi təmir etmək və ailə üzvləri ilə birlikdə həmin evdə yaşmaq istəyir, lakin cavabdeh evdən çıxmaq istəmir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, ailəsi dağıldıqdıqdan sora ikinci dəfə ailə həyatı qurmuş, amma yaşamağa evi olmamışdır. Bu səbəbdən o, müvəqqəti yaşamaq üçün bacısından evin açarını istəmiş və bacısı hazırki evin açarını ona vermiş, o da evə köçərək yaşamışdır. O, 2000-ci ildən etibarən həmin evdə yaşayır. Hazırda qalmağa yeri yoxdur. Özünə Bakı şəhərində iş tapdıqdan sonra evi təmizləyib iddiaçıya təhvil verəcəkdir. Bu səbəbdən ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsininin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik şəhər İnzibati ərazi Dairəsi üzrə X1 Uçotu kitabından əldə olunmuş 12 noyabr 2025-ci il tarixli, 5- 65-13/2-693/2025 saylı çıxarışdan görünür ki, Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 nömrəli X5 kitabın 15-ci səhifəsində müvafiq qeydlər vardır. ünvan 1 ünvanında İddiaçı qeydiyyatdadır. Mənzil 2 otaqlı, ümumi sahəsi 55,19 kv.m, yaşayış sahəsi 31 kv.m. ibarətdir. Hal-hazırda həmin mənzil istismara yararlıdır. İş materiallarında olan Lerik rayon Dövlət Notariat Ofisində təsdiqlənmiş xx.xx.2024-cü il tarixli, 8İ-931 nömrəli ərizədən görünür ki, X2 şəhəri, Həzi Aslanov küçəsi, ev 8 mənzil 2 ünvanında yerləşən mənzilin atası İddiaçı Şahvəli oğlunun adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə də bununla bağlı heç bir iddiası olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti Lerik şəhər Mənzil İstismar Müəssisəsi tərəfindən İddiaçı Şahvəli oğluna verilmiş 06 avqust 2024cü il tarixli, 26 nömrəli arayışdan görünür ki, həqiqətən o, Həzi Aslanov küçəsi, ev 8 mənzil 2 ünvanında yaşayır. Mənzil 2 otaqdan, ümumi sahəsi ümumi sahəsi 55,19 kv.m, yaşayış sahəsi 31 kv.m. ibarətdir və 2 mərtəbəli evin birinci mətəbəsində yaşayır. Ev İddiaçı Şahvəli oğluna məxsusdur. Ailəsi 2 nəfərdən (İddiaçı Şahvəli oğlu və oğlu X11) ibarətdir. İş materiallarında olan Lerik rayon X9 İcraiyyə Komitəsi tərəfindən İddiaçı Şahvəli oğluna verilmiş 01 sentyabr 1988-ci il tarixli, 2 nömrəli orderdən görünür ki, İddiaçı Şahvəli oğlunun 4 nəfərdən ibarət ailəsi ilə birlikdə H.Aslanov küçəsində birinci blokda, birinci mərtəbədə, 8 nömrəli evdə, 2 nömrəli mənzildə 2 otaqdan (55,19 kv.m.) ibarət mənzil sahəsi tutmağa ixtiyarı vardır. Orderin verilməsi üçün əsas Lerik rayon XDS İcraiyyə Komitəsinin 24 avqust 1988-ci il tarixli, 181 nömrəli qərarı olmuşdur. İş materiallarında olan Lerik rayon XDS İcraiyyə Komitəsinin 24 avqust 1988-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, rayon aqrar-sənayə birliyinin vəsaiti hesabına Lerik qəsəbəsində 1988-ci ildə tikintisi başa çatdırılmış 16 ailəli kommunal evinin bölgüsünə dair rayon aqrar-sənayə birliyi şurasının və birliyin həmkarlar komitəsinin 22 avqust 1988-ci il tarixli 1 nömrəli birgə iclasının qərarına uyğun olaraq РАСБ-ın aparat və birliyin tərkibinə daxil olan təşkilatların işçilərinə növbə əsasında bölüşdürülmüş, İddiaçı Şahvəli oğluna 1-ci blok, ümumi sahəsi 55,19 kv.m., əsas yaşayış sahəsi 31,1 kv.m. olan 2 nömrəli mənzil verilmişdir. İş materiallarında olan Evlər İdarəsi müdiri X6 ilə icarəçi İddiaçı Şahvəli oğlu arasında bağlanmış 01 sentyabr 1988-ci il tarixli, 2 nömrəli müqavilədən görünür ki, Lerik rayonu, Həzi Aslanov küçəsi 8 nömrəli ev Evlər İdarəsi tərəfindən İddiaçı Şahvəli oğluna icarəyə verilmiş, icrarə müqaviləsinin müddəti 50 il müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Lerik şəhəri (Həzi Aslanov) Şirəli Müslümov küçəsində yerləşən 8 saylı evin 2 saylı mənzili Lerik rayon XDS İcraiyyə Komitəsinin 24 avqust 1988-ci il tarixli, 11 nömrəli iclas protokoluna və Lerik rayon X9 İcraiyyə Komitəsinin 01 sentyabr 1988-ci il tarixli, 2 nömrəli orderinə əsasən İddiaçı Şahvəli oğlu və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X10rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də 5 mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1- ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Şahvəli oğlunun istifadəsinə verilmiş Lerik şəhəri (Həzi Aslanov) Şirəli Müslümov küçəsində yerləşən 8 saylı evin 2 saylı mənzili Cavabdeh tərəfindən zəbt edilmişdir. Halbuki, cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində 4 təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marckx Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Məhkəmə hesab edir ki, Lerik şəhəri (Həzi Aslanov) Şirəli Müslümov küçəsində yerləşən 8 saylı evin 2 saylı mənzilinə hər hansı bir hüququ mövcud olmayan cavabdehin bu mənzildə yaşaması həmin mənzilə gözlənilən mülkiyyət hüququ mövcud olan iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh Lerik şəhəri (Həzi Aslanov) Şirəli Müslümov küçəsində yerləşən 8 saylı evin 2 saylı mənzilindən çıxarılmalı və İddiaçı Şahvəli oğlu ailə üzvü X11 ilə birlikdə həmin mənzilə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Lerik şəhəri, Şirəli Müslümov (əvvəlki Həzi Aslanov) küçəsində yerləşən 8 saylı evin 2 saylı mənzilindən çıxarılsın və İddiaçı Şahvəli oğlu ailə üzvü X11 ilə birlikdə həmin mənzilə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Şahvəli oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-1086/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-1086/2025
05.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver