Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-288/2024 07.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürmə, evin bütün sahələrindən istifadə edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan olan 21 iyun 2018-ci il tarixdə anadan olmuş X5 ilə Lerik şəhəri, Almu kənd sakini Cavabdeh yaşadığı, gəlin köçdüyü evə köçürülmələri və həmin evdə bütün koomunal xidmətlərindən istifadə hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayon məhkəməsinin qətnaməsinə əsasən,cavabdehlə nikahları pozulmuş və onun iddiasına əsasən, xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 18 yaşına çatanadək saxlanılmasına görə aliment tələbi təmin olunmuşdur.Bu illər ərzində uşağı çətinliklə böyüdüb. Aldığı alimentlə bir iş görmək olmur.Gələcəkdə uşağın yaşamağa bir yeri olmalıdır. Buna görədə onun və övladlarının gəlin köçdüyü evdə yaşaması və evin koomunal xidmətlərindən istifadə etməsini istəyir.Bu səbəbdən də məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, uşağı ilə bilrikdə həmin evdə yaşayış hüququnun tanınaması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının ona qarşı iddiası tamamilə əsassızdır. Belə ki, iddiaçının istifadə hüququnun tanınmasını və köçürülməsini istədiyi ev ona məxsus deyil, həmin ev məhrum babasına məxsusdur.Onun adına hər hansısa bir daşınmaz əmlak yoxdur. Odur ki, məhkəmədən göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 31754 saylı mədaxil qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş X8 1 saylı Mediasiya təşkilatının X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00205 saylı arayışdan görünür ki, İddiaçı Lənkaran 1 saylı Mediasiya təşkilatına ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş 2(048)-320/2023 saylı qətnamənin sürətindən görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(048)-320/2023 saylı qətnaməsinə əsasən 21 iyun 2018- ci tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit məbləğində alimnet tutlaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh adına hər hansı bir daşınmaz əmlak aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 21 iyun 2018-ci il tarixdə anadan olmuş X5 adlı uşağı vardır. Valideyinlərinin ev şəraiti çətin olduğuna, uşağının gələcəkdə təhsilinə görə qərara gəlmişdir ki, gəlin köçdüyü evə yerləşsin. Hazırda iddiaçı mübahisəli evə istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi yaşayış sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi nikaha daxil olduqları tarixdə vaxt və hazırda cavabdehlər X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasna dair» 15 yanvar 2010-cu il tarixli qərarında isə qeyd olunur ki, «sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, 1 saylı protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafeylər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər.» «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixi qərarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, fərdi yaşayış evindən istifadə edilməsi ilə əlaqədar tərəflər arasında olan hüquq münasibətləri 01 oktyabr 2009-cu tarixdən sonra yarandığından, göstərilən mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına uyğun həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı qeyd olunan yaşayış sahəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmaması, tərəflər arasında başqa razılaşmanın olmaması və yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verilməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ilə nikahlarından olan 21 iyun 2018-ci il tarixdə anadan olmuş X5 adlı uşağı ilə birlikdə Lerik şəhəri,Almu kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 21 iyun 2018-ci il tarixdə anadan olmuş X5 adlı uşağı ilə birlikdə Lerik şəhəri, Almu kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-288/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-288/2024
07.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver