Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-304/2025 22.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və yolun zəbtdən azad edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və yolun zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Zərdəbərə kəndində yerləşən həyətyanı torpaq sahələrinə gedən avtomobil yolunun Cavabdeh istifadəsindən azad edilməsi, cavabdeh tərəfindən yolundan istifadə etmək üçün yaradılmış maneələrin aradan qaldırılması və evinin arxasında olan cavabdehə məxsus su borularının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 1947-ci ildə Lerik rayonu Nuravud kəndində anadan olmaqla Zərdəbərə kənd sakini X2 ilə nikah girərək ailə qurmuşdur. 2003-cü ildə yoldaşı vəfat etmişdir. Onlar ailə qurandan sonra Zərdəbərə kəndində ev tikmək üçün onlara torpaq sahəsi verilmişdir. Lakin həyətlərinə gedən avtomobil yolunu cavabdeh zəbt edərək həmin yoldan onlara istifadə etməyə imkan vermir. Cavabdehə maneəçilik etməməsini və yolun zəbtdən azad edilməsini bildirsə də, o buna heç bir məhəl qoymamışdır. Həmçinin cavabdeh evinin arxasından özü üçün su xətti çəkmiş və həmin su xətti tez-tez nasaz vəziyyətə düşür. Hər dəfə həyətlərinə gəlib söz-söhbət yaradır. Ona görə də həmin su xəttinin həyətindən çıxarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-052F nömrəli KOD 80315028 olan şəhadətnamənin surətindən görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı qərarı ilə İddiaçı (Xudu) qızı və ailə üzvlərinin mülkiyyətlərinə Lerik rayonu, Zərdəbərə kəndi ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-torpaqşunaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2025-ci il tarixli 10/2534 saylı rəyindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-486/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı qərarı əsasında JN-052F nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə ilə İddiaçı (Xudu) qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Zərdəbərə kəndi ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinə şimal istiqamətindən gediş-gəliş üçün avtomobil yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. Lakin araşdırma zamanı kompleks yerquruluşu layihəsində öz əksini tapan həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi, yəni faktiki vəziyyətdə həmin ərazidən avtomobil yolunun mövcud olmaması müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lerik rayonu, Zərdəbərə kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan yerdə gediş-gəliş yolunun olmaması, gediş-gəliş yolunun iddia olunan torpaq sahəsindən fərqli yerdə yerləşməsi müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 486/2025 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinin istifadələrində olan həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş üçün avtomobil yolunun mövcud olmaması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Lerik rayonu, Zərdəbərə kəndi ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun 0,0239 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh tərəfindən tutularaq istifadə edilməsi müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Araşdırma zamanı iddiaçı və ailə üzvləri tərəfindən əvvəllər də (mübahisə yaranana qədər) sözügedən yerdən gediş-gəliş üçün avtomobil yolu kimi istifadə edilməsi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun Cavabdeh zəbtindən azad edilməsi xahiş edir. İş üzrə ekspert rəyinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Lerik rayonu, Zərdəbərə kəndi ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun 0,0239 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh tərəfindən tutularaq istifadə edilməsi müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Araşdırma zamanı iddiaçı və ailə üzvləri tərəfindən əvvəllər də (mübahisə yaranana qədər) sözügedən yerdən gediş-gəliş üçün avtomobil yolu kimi istifadə edilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində “evinin arxasında olan cavabdehə məxsus su borularının çıxarılmasını” xahiş etsə də, iddiaçı iddiasını bu hissədə kifayət qədər əsaslandırmamış, evin arxasında su borularının olmasına, həmin su borularının cavabdehə məxsus olmasına, eləcə də su borularının çıxarılmasının iddiaçıya nə səbəbə lazım olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı qərarına əsasən İddiaçı (Xudu) qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Zərdəbərə kəndi ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun Cavabdeh tərəfindən faktiki istifadə edilən 0,0239 ha hissəsi zəbtdən azad edilərək boşaldılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi cavabdehə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Lerik rayonu, Zərdəbərə kəndi ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun Cavabdeh tərəfindən faktiki istifadə edilən 0,0239 ha hissəsi zəbtdən azad edilərək boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-304/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-304/2025
22.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver