Məhkəmə qərarları › İş №2(048)-314/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-314/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-314/2025 22.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona yazılmış 331782 və 351888 saylı aktları etibarsız hesab etməklə həmin aktları əsasənda yazılmış 330,22 (üç yüz otuz manat iyirmi iki qəpik) manat cərimənin silinməsi və tərəfindən ödənilmiş 190,58 (yüz doxsan manat əlli səkkiz qəpik) manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lerik rayonu Axunahiran kəndində yaşayır. Uzun illərdir evinə qanuni işıq xətti çəkilmiş və elektrik sayğacı quraşdırılmışdır. O, həmişə də istifadə etdiyi işıq pulunu tam olaraq ödəmiş, indiyə qədər də işığa heç bir borcu olmamışdır. O, işıq kartına pul yükləyəndə həmin məbləğin yarısını cəriməyə silmişlər. Bunu öyrənmək üçün işıq idarəsinə müraciət etmişdir. Onlar ona bildirmişlər ki, evində kənar xətt olduğu üçün ona xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə 2 dəfə akt yazılmış və ümumilkdə 520,8 manat cərimə borcu hesablanmışdır. O, onlara evində heç vaxtı kənar xətt olmadığını, həmin aktın qanunsuz yazıldığını bildirsə də, heç bir xeyri olmamışdır. Ona verilən aktların surətindən məlum olmuşdur ki, guya evində kənar xətdən istifadə olunduğundan akt yazılaraq cərimə olunmuşdur. Onun evində heç vaxt kənar xətt olmamışdır. Həmin aktın yazılmasından da xəbəri olmamışdır. Aktda qonşuların da hal şahidi kimi imzası yoxdur. Akt yazılanda onun iştirakı təmin olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 13 mart 2024-cü il tarixli, 331782 nömrəli aktın surətindən görünür ki, İddiaçı Lerik rayonu, Axunahiran kəndində yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, abonentə məxsus fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 10 sentyabr 2024-cü il tarixli, 351888 nömrəli aktın surətindən görünür ki, İddiaçı Lerik rayonu, Axunahiran kəndində yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, abonentə məxsus fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə İddiaçı 13 mart 2024-cü il tarixli, 331782 nömrəli və 10 sentyabr 2024-cü il tarixli, 351888 nömrəli aktlar üzrə 520,8 (beş yüz iyirmi manat səksən qəpik) manat cərimə hesablanmışdır. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı Lerik rayonu, Axunahiran kəndində yerləşən evinə dair kənar xətt aşkar olunması əsası ilə "xxxx" ASC tərəfindən 13 mart 2024-ci il tarixli 331782 nömrəli və 10 sentyabr 2024-cü il tarixli 351888 nömrəli aktlar tərtib edilmiş və həmin aktara əsasən istehlakçı İddiaçı itirilmiş elektrik enerjisinin dəyəri kimi 520,8 (beş yüz iyirmi manat səksən qəpik) manat borc hesablanmış, iddiaçı tərəfindən həmin borc məbləğindən 190,58 (yüz doxsan manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin hesabına ödənilmiş, 330,22 (üç yüz otuz manat iyirmi iki qəpik) manat məbləğində borc məbləği isə ödənilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçının Lerik rayonu, Axunahiran kəndində yerləşən evində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğac sistemindən kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı şəxs və hal şahidləri tərəfindən imzalanmamışdır. Beləliklə də, məhkəmə araşdırılması zamanı iddiaçının Lerik rayonu, Axunahiran kəndində yerləşən evində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı öz təsdiqini tapmadığından göstərilən aktlar əsasında hesablanmış borc silinməlidir. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Lerik rayonu, Axunahiran kəndində yerləşən evində sayğac sistemindən kənar xətdən istifadə edilməsi, beləliklə də elektrik enerjisindən istifadə qaydalarının pozulması halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı hesablanmış 520,8 (beş yüz iyirmi manat səksən qəpik) manat məbləğində borcun 330,22 (üç yüz otuz manat iyirmi iki qəpik) manatı cavabdeh "xxxx" ASC tərəfindən silinməli və aktlara görə iddiaçıdan əsassız tutulmuş 190,58 (yüz doxsan manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00003) itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 520,8 (beş yüz iyirmi səksən qəpik) manat borc məbləğinin 330,22 (üç yüz otuz manat iyirmi iki qəpik) manat hissəsi cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddiaçı (abonent kodu: **********00003) itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 520,8 (beş yüz iyirmi səksən qəpik) manat borc məbləğindən iddiaçıdan tutulmuş 190,58 (yüz doxsan manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar