Məhkəmə qərarları › İş №2(048)-51/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-51/2025

03.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-51/2025 03.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “mənzilin naturada bölgüsünün aparılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “mənzilin naturada bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DƏDKR Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********43-05101-093007 olan çıxarış və texniki pasport əsasında ona məxsus Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 8, mənzil 11 ünvanında 66,70 kv.m. olan mənzilin 1/2 hissəsinin naturada bölgüsünün aparılması və həmin bölgüsü aparılmış mənzilin 1/2 hissəsindən Cavabdeh çıxarılması, sahibliyinə qaytarılması və ödədiyi 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 8, mənzil 11 ünvanında ümumi sahəsi 66,7 kv.m. olan mənzilin ½ hissəsi xx.xx.2022-ci il tarixdə vəfat etmiş babası X2 vəsiyyətnamə əsasında miras qalmış daşınmaz əmlak Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən müvafiq çıxarış və texniki pasport əsasında xüsusi mülkiyyətinə verilmişdir. Onun mülkiyyət hüquqları daşınmaz əmlakın reyestr nömrəsi **********43- 05101-093007 olan, qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2024-cü il tarixli çıxarış və xx.xx.2024-cü il tarixli texniki pasport əsasında təsdiq olunmuşdur. Lakin xüsusi mülkiyyətində olan həmin mənzilin ½ hissəsi cavabdeh (atası) Cavabdeh tərəfindən zəbt edilmişdir. Yəni məzil üzərində onlar arasında mübahisə mövcuddur. Belə ki, 66,7 kv.m olan mənzil ümumi paylı mülkiyyətdə olmaqla ona və digər vərəsə Cavabdeh məxsusdur. Odur ki, çıxarışda mənzilin ½ hissəsi açıq saxlanılmışdır. O, iddiaçıya məxsus olan mənzilin ½ hissəsinin natura qaydasında bölgüsünün aparılması və natura qaydasında bölünən yaşayış sahəsini təcrid edən arakəsmələr və ya divar inşa edilməsi barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Çünki ata-oğul münasibətlərinin saxlanılmasından ötrü 66,7 kv.m. olan mənzilin ½ hissəsi natura qaydasında düzbucaqlı formasında bölünməsi mümkündür. Cavabdeh hal-hazırda həmin mübahisələndirilən Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 8, mənzil 11 ünvanındakı mənzildə yaşamağa davam edir. Cavabdehin zəbt etdiyi mənzil sahəsinin boşaldılmasından ötrü onun etdiyi xahiş və tələblərinin heç bir nəticəsi olmamışdır. Odur ki, o Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 8, mənzil 11 ünvanında DƏDKR Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış və texniki pasport əsasında mülkiyyətinə verilmiş ümumi sahəsi 66,7 kv.m olan mənzilin ½ hissəsindən cavabdehin çıxarılıb ona təhvil verilməsinə dair xx.xx.2024-cü il tarixli şikayət ərizəsi ilə Lerik rayon Polis şöbəsinə müraciət etmişdir. Lerik RPŞ-nin 13 avqust 2024-cü il tarixli, HK-1-493 saylı təhqiqat materialı üzrə araşdırma aparılmış və “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Həmin qərarda təhqiqatçı polis kapitanı Mirsəfa Mustafayev onun müraciətindəki göstərilən xüsusatların mülki hüquq münasibətlərindən irəli gələn mübahisə olmaqla, araşdırılmasının polis orqanlarının səlahiyyətinə aid edilmədiyindən iddia ərizəsi ilə mülki icraat qaydasında birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması qeyd edilmişdir. O, mülkiyyətində olan mənzildə azad yaşamaq hüququnun cavabdeh tərəfindən bilərəkdən qərəzli olaraq pozulduğunu, şifahi olaraq qəti etiraz və narazılığına baxmayaraq cavabdeh mülkiyyətində olan zəbt etdiyi yaşayış və torpaq sahəsində məskunlaşdığını bildirmişdir. Belə olduğu halda o, mübahisənin daha sivil qaydada həll olunmasından ötrü məhkəmə icraatında mülki işin həll edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, o ailəli olmaqla ailəsi ilə birlikdə həmin mübahisəli mənzildə yaşayır. O, evdə yaşadığı müddətdə evi təmir etdirmiş, ora əlavə xərc qoymuşdur. İddiaçının mübahisəli mənzildə yaşamaq hüququ vardır, bu səbəbdən onun köçüb mənzildə yaşamasına etiraz etmir, lakin evin bölünməsinə etiraz edir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 66,7 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ½ hissədə (qeydiyyat nömrəsi: **********) qeydiyyata alınmış, digər ½ hissə verilmədən açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 66,7 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ½ hissədə (qeydiyyat nömrəsi: **********), Cavabdeh adına 4/14 hissədə (qeydiyyat nömrəsi: **********) qeydiyyata alınmış, 3/14 hissə verilmədən açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli, 10/98 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı və Cavabdeh birgə paylı mülkiyyətində olan ünvan 3n 11 saylı mənzilin yaşayış binasının birinci mərtəbəsində planlı yerləşməsini, mənzilin daxilində sanitar qovşağının layihələndirilmədiyini (sonradan əlavə artırılmaqla inşa edilib), faktiki vəziyyət üzrə paylara uyğun yaşayış və yardımçı sahələrin mövcud olmadığını nəzərə alaraq, ünvan 3 ünvanında ümumi sahəsi 66,7 kv.m. olan 11 saylı mənzilin təcrid şəklində naturada bölünməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində tələblərinə və məhkəmə tikintitexniki ekspertizasının həlli metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. ünvan 3n 11 saylı mənzilin hazırda mövcud vəziyyəti və texniki parametrləri müəyyən olunmuşdur. Müqayisəli tədqiqat zamanı sözügedən mənzilin mövcud vəziyyətinin **********43-05101-093007 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Texniki Pasportda qeyd olunan məlumatlara uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda texniki pasportda qeyd olunan tikililərdən əlavə sanitar qovşağı və yardımçı sahənin inşa edildiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 2 ünvanında yerləşən, sahəsi 66,7 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ½ hissədə (qeydiyyat nömrəsi: **********), Cavabdeh adına 4/14 hissədə (qeydiyyat nömrəsi: **********) qeydiyyata alınmış, 3/14 hissə verilmədən açıq saxlanılmışdır. Mənzil üzərində olan payı dövlət qeydiyyatına alındıqdan sonra payların naturada bölünməsini tələb edən iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının: - 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. - 29.2-ci maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. -29.3-cü maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; - 220.4-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Qeyd olunan Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа deyilir ki, “Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir.” Qərаrdа dаhа sоnrа deyilir ki, “Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.” Qərаrın nəticə hissəsinin 2-ci bəndində deyilir ki, “Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.” Mənzilin naturada bölünməsinin mümkünlüyü məsələsinin həlli məqsədilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilərək mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli 10/98 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı və Cavabdeh birgə paylı mülkiyyətində olan ünvan 3n 11 saylı mənzilin yaşayış binasının birinci mərtəbəsində planlı yerləşməsini, mənzilin daxilində sanitar qovşağının layihələndirilmədiyini (sonradan əlavə artırılmaqla inşa edilib), faktiki vəziyyət üzrə paylara uyğun yaşayış və yardımçı sahələrin mövcud olmadığını nəzərə alaraq, ünvan 3 ünvanında ümumi sahəsi 66,7 kv.m. olan 11 saylı mənzilin təcrid şəklində naturada bölünməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində tələblərinə və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. İş üzrə tərəflərin paylı mülkiyyətində olan yaşayış mənzilinin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması araşdırma zamanı öz təsdiqini tapdığından ünvan 3n 11 saylı mənzilinin tərəflər arasında naturada bölünməsinə dair iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, eyni zamanda məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, eyni zamanda məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı “mənzilin naturada bölgüsünün aparılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasaitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar