Məhkəmə qərarları › İş №2(048)-661/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-661/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-661/2024 19.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona (abunə kodu **********00003) hesablanmış 983,32 (doqquz yüz səksən iki manat otuz iki qəpik) manat pulun silinməsi və tərəfindən ödənilmiş 512,86 (beş yüz on iki manat səksən altı qəpik) manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Lerik rayon Axunahiran kəndindən yaşayır və hər ay dövlətə ödədiyi məbləğ həcmində elektrik avanlıqlarından istifadə edir. Belə ki, istehlak etdiyi enerjini dəyərini ödədiyi dövrdə məlum olmuşdur ki, qurumun əməkdaşları tərəfindən sayğacdan kənar xətt aşkarlayıb bir neçə dəfə müəyyən məbləğlərdə cərimə təyin etmişlər. Qeyd olunmuş cərimələr qanunvericiliyin tələblərini pozmaqla yanaşı həqiqətə uyğun deyildir. Əlavə olaraq onu da qeyd edir ki, cərimlərin əsassızlığı və qanunsuz olaraq yazıldığını Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filalı 11 iyul 2023-cü il tarixli məktubunda da qeyd etmişdir. Əlavə olaraq, qeyd etmək istəyir ki, **********00003 abunə koduna 4 akt ilə ümumilikdə 1496,18 manat cərimə müəyyən edilmişdir. Həmin cərimələrdən isə əsassız olaraq ona hissə-hissə 512,86 manatını ödətdirmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 27 aprel 2021-ci il tarixli, 216639 nömrəli aktından görünür ki, İddiaçı Lerik rayonu, Axunahiran kəndində yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, abonentə məxsus fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 02 sentyabr 2022-ci il tarixli, 261708 nömrəli aktından görünür ki, İddiaçı Lerik rayonu, Axunahiran kəndində yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, abonentə məxsus fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 16 noyabr 2016-cı il tarixli, 048423 nömrəli aktından görünür ki, İddiaçı Lerik rayonu, Axunahiran kəndində yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, abonentə məxsus fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 05 aprel 2018-ci il tarixli, 073107 nömrəli aktından görünür ki, İddiaçı Lerik rayonu, Axunahiran kəndində yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, abonentə məxsus fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının xx.xx.2023-cü il tarixli, 3-15-24/2-Y-5-826/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixində elektrik sayğacından kənar elektrik xətti çəkməyi barədə 048423 nömrəli akt tərtib edilmişdir. Akta əsasən "xxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsində (RETSİ) gücə görə 240 gün üçün hesablaşma aparılaraq dəyəri 310,45 manat olmaqla 4435 kVts hesabına əlavə edilmişdir. Akt tərtib edilərkən onun və 2 nəfər hal şahidinin iştirakı təmin edilməməklə Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın (Qaydalar) həmin dövrdə qüvvədə olan 8.33-cü bəndinin tələbi enerjitəchizatı müəssisəsi tərəfindən pozulmuşdur. Belə ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə.olunur. Həmçinin, xx.xx.2018-ci il tarixində 073107 nömrəli akta görə 498,96 manat hesabınıza daxil edilmişdir. Bu barədə sənədlər Cənub RETSİ tərəfindən filiala təqdim edilməmişdir. xx.xx.2021-ci il tarixində elektrik sayğacından kənar elektrik xətti çəkməyiniz barədə 216639 nömrəli akt tərtib edilmişdir. Akta əsasən Cənub RETSİ-də gücə görə 45 gün üçün hesablaşma aparılaraq dəyəri 512,53 manat olmaqla 4823 kVts abonent hesabına əlavə edilmişdir. Akt tərtib edilərkən onun və iki hal şahidinin iştirakı təmin edilməməklə Qaydaların həmin dövrdə qüvvədə olan 8.33-cü bəndinin tələbləri enerji təchizatı müəsissəsi tərəfindən pozulmuşdur. Həmçinin, xx.xx.2022-ci il tarixində elektrik sayğacından kənar elektrik xətti çəkməyiniz barədə 261708 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edilərkən iştirakı təmin edilməmiş və pozuntu barədə foto və ya videoçəkiliş enerjitəchizatı müəssisəsi tərəfindən filiala təqdim edilməmişdir. Akta əsasən Cənub RETSİ-də gücə görə 90 gün üçün hesablaşma aparılaraq dəyəri 174,24 manat olmaqla 1663 kVts abonent hesabına əlavə edilmişdir. Qaydaların 8.7-2-ci yarımbəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17 və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17 və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq sayğacdan kənar elektrik xətti çəkilməsi barədə aktlara əsasən abonent hesabınıza daxil edilmiş əlavə elektrik enerjisi sərfiyyatlarına, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci (kirayə haqqı, icarə haqqı, kapital üçün faiziər və digər vaxtaşırı ödənişlər haqqında tələblər) maddəsi nəzərə alınmaqla hesaba xx.xx.2015-ci il tarixində keçirilmiş borc məbləğinə yenidən baxılaraq filiala məlumat verilməsi və 073107 nömrəli akta dair sənədlərin filiala təqdim olunması ilə bağlı tərəflərindən "xxxx" ASC-yə ünvanlanmış məktublara cavab olaraq 048423, 216639, 261708 nömrəli aktlara görə aparılmış hesabatların Qaydalara uyğun hazırlandığı bildirilmiş, lakin Qaydaların heç bir bəndinə istinad edilməmişdir. Eyni zamanda, cavab məktublarında xx.xx.2018-ci il tarixində Cənub RETSİ-nin əməkdaşları tərəfindən Qaydaların pozulması faktı aşkarlanaraq 073107 nömrəli aktın tərtib edildiyi, Milli Arxiv İdarəsinin xx.xx.2016-cı il tarixli 3/1 saylı qərarına əsasən sənədin saxlanılmaması səbəbindən araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Abonent hesabında yaranmış borc məbləğinə yenidən baxılması ilə əlaqədar Qaydaların 8.35-ci bəndinin tələbinə əsasən enerjitəchizatı müəssəsinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Həmçinin, Agentliyin Lənkəran filialı tərəfindən X6 İstismarı İdarəsinin Lerik Xidmət Sahəsinin nümayəndələrinin iştirakı ilə Lerik rayonunun təbii qazla təmin olunmayan yaşayış məntəqələrinin monitorinqi aparılmışdır. Monitorinq zamanı məlum olmuşdur ki, rayonun 104 kəndi, o cümlədən Axunahiran kəndi qazlaşdırılmayan kəndlər siyahısına daxildir. Axunahiran kəndinin qazlaşdırılması üçün qoşulma nöqtəsi (mənbə), həmin kənddən 1 km məsafədə yerləşən Babaküçə kəndinə çəkilmiş daşıyıcı qaz kəmərinin qəbul edilməsi məqsədəuyğun hesab olunur. Kəndin qazlaşdırılması məsələsinə aydınlıq gətirilməsi barədə “Azəriqaz” İstehsalat Birliyinə (“Azəriqaz” İB) göndərilən sorğuya cavab məktubunda bildirilmişdir ki, qazlaşma tədbirləri müvafiq Dövlət Proqramlarına uyğun olaraq “Azəriqaz” İB-nin maliyyə imkanları çərçivəsində mərhələli şəkildə davam etdirilir. 2023-cü ildə “Azəriqaz” İB-nin daxili imkanları hesabına rayonun Züvüc, Zövnə, Davradibi, Kornədi, Qələbin, Veri Əliabadı və Almu kəndlərinin paylayıcı qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Axunahiran kəndinin qazlaşdırılması “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmadığı üçün həmin kəndin qazlaşdırılması məsələsinə mərhələli şəkildə “Azəriqaz” İB-nin maliyyə imkanları çərçivəsində baxılacaqdır. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı Lerik rayonu, Axunahiran kəndində yerləşən evinə dair kənar xətt aşkar olunması əsası ilə "xxxx" ASC tərəfindən 16 noyabr 2016-cı il tarixli, 048423 nömrəli, 05 aprel 2018-ci il tarixli, 073107 nömrəli, 27 aprel 2021-ci il tarixli, 216639 nömrəli və 02 sentyabr 2022-ci il tarixli, 261708 nömrəli aktlar tərtib edilmiş və həmin aktara əsasən istehlakçı İddiaçı itirilmiş elektrik enerjisinin dəyəri kimi 1496,18 manat borc hesablanmış, iddiaçı tərəfindən həmin borc məbləğindən 512,86 (beş yüz on iki manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin hesabına ödənilmiş, 983,32 (doqquz yüz səksən iki manat otuz iki qəpik) manat məbləğində borc məbləği isə ödənilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçının Lerik rayonu, Axunahiran kəndində yerləşən evində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğac sistemindən kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı şəxs tərəfindən imzalanmamışdır. Beləliklə də, məhkəmə araşdırılması zamanı iddiaçının Lerik rayonu, Axunahiran kəndində yerləşən evində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı öz təsdiqini tapmadığından göstərilən aktlar əsasında hesablanmış borc silinməlidir. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Lerik rayonu, Axunahiran kəndində yerləşən evində sayğac sistemindən kənar xətdən istifadə edilməsi, beləliklə də elektrik enerjisindən istifadə qaydalarının pozulması halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı hesablanmış 1496,18 manat məbləğində borcun 983,32 (doqquz yüz səksən iki manat otuz iki qəpik) manatı cavabdeh "xxxx" ASC tərəfindən silinməli və akta görə iddiaçıdan əsassız tutulmuş 512,86 (beş yüz on iki manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********00003) hesablanmış borcun 983,32 (doqquz yüz səksən iki manat otuz iki qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Cavabdeh "xxxx" ASC-dən 512,86 (beş yüz on iki manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar