Məhkəmə qərarları › İş №2(049)-1005/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1005/2023

04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1005/2023 04.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 25 yanvar 2023-cü il tarixdə Lənkəran rayonu Haftoni qəsəbəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki o, xx.xx.2003-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X11 ilə faktiki nikah münasibətlərinə daxil olaraq xx.xx.2022ci il tarixdə evlənmişlər. Faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə Elcan adlı uşaqları anadan olmuşdur. Maddi imkanları pis olduğu üçün xəstəxanaya müraciət edə bilməmişlər. Ona görə də uşağı Elcan ev şəraitində anadan olmuşdur. Elcan ev şəraitində doğulduğu üçün doğum haqqında şəhadətnamə ala bilməmişlər. Çünki Elcan ev şəraitində doğulduğu üçün onun doğumu haqqında tibbi arayış verilməmişdir. Elcan sağ və salamat anadan olmuş və hal-hazırda da onunla birlikdə yaşayır, poliklinikada qeydiyyatdadır. Elcanın doğum faktının müəyyən edilməsi ilə əlaqədar müvafiq rayon qeydiyyat şöbəsinə müraciət etmiş və onda müvafiq həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etməyi ona məsləhət görmüşlər. Hazırda Elcan üçün doğum haqqında şəhadətnaməni başqa yolla əldə etmək mümkün deyildir. Buna görə də 25 yanvar 2023-ci il tarixdə Elcanın doğulması faktının müəyyən edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət edib. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun məzmunlu çıxış edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına öz nümayəndəsinin gəlməsini təmin etməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə verən X11 bildirdi ki, 2022-ci ilin aprel ayında Ərizəçi ilə faktiki ailə münasibətlərinə daxil olaraq el adəti ilə evlənmişlər. Faktiki nikahlarından 25 yanvar 2023-cü il tarixdə ev şəraitində Elcan adlı uşaqları doğulmuşdur. Belə ki, Sevanənin doğuş sancıları başladığı üçün dərhal Haftoni qəsəbəsinin həkim məntəqəsində işləyən Azada Bəylərovaya məlumat vermiş, sonuncu da onun çağırışı üzrə evə gələrək doğuş prosesini həyata keçirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə verən X2 bildirdi ki, 1986-cı il tarixdən Lənkəran MRX PHŞ-nin Haftoni qəsəbəsinin həkim məntəqəsində mama vəzifəsində işləyir. 25 yanvar 2023-cü il tarixdə qəsəbə sakini X11 ona müraciət edərək arvadı Sevanənin doğuş sancılarının başladığını bildirmiş, o da çağırış üzrə evə getmiş, doğuş prosesini həyata keçirmişdir. 25 yanvar 2023-cü il tarixdə Zaur Bəylərovun evində onun arvadı Sevanə oğlan uşağı dünyaya gətirmişdir. Elcan adlı həmin uşaq onun ərazi sahəsi üzrə Lənkəran MRX-nin Haftoni qəsəbəsinin həkim məntəqəsində pediatrik uçotda olmaqla, sağlamdır. Məhkəmə baxışında şahid qismində ifadə verən X4 bildirdi ki, Ərizəçi ilə həm qohum, həm də qonşudur. 25 yanvar 2023-cü il tarixdə Sevanənin əri Zaur telefonla ona zəng edərək, Sevanənin doğuş sancılarının başladığını bildirmiş, o da dərhal Zaurgilə getmişdir. Həkim məntəqəsində mama işləyən Azada Bəylərova doğuş prosesini həyata keçirmiş, o da həmin vaxt evdə olmuşdur. Sevanənin həmin gün Elcan adlı oğlu olmuşdur. Məhkəmə baxışında X9 şahid X3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs Ərizəçi ünvanlanmış 01 fevral 2023-cü il tarixli, 172 saylı məktubdan görünür ki, ona uşağın üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 06 avqust 2003-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 27 iyul 1985-ci il tarixdə doğulmuşdur İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Haftoni qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 fevral 2023-cü il tarixli, 17-27/072 saylı arayışından görünür ki, X1 rayonu Haftoni qəsəbəsində doğulub və qeyd edilən ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran Rayon Mərkəzi X8 Şəxsin Haftoni həkim məntəqəsinin 01 fevral 2023-cü il tarixli, 01 saylı arayışından görünür ki, X12 xx.xx.2023-cü il tarixdə doğulub, hal-hazırda sağlamdır və pediatrik uçotdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş qəbzdən görünür ki, Nəsirli X5 Rayon Məhkəməsində iddia qaldırmaqdan ötrü 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini izahatını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən Elcan adlı uşaq 25 yanvar 2023-cü il tarixdə Lənkəran rayonu Haftoni qəsəbəsində doğulmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Övladı Elcanın doğum faktının müəyyən edilməsi ərizəçiyə onların doğumunun qeydiyyata alınması üçün lazımdır. Övladının doğumu barədə qeydi başqa qaydada əldə edə bilmədiyindən ərizəçi göstərilən faktın müəyyən olunmasından ötrü məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X6 25 yanvar 2023-cü il tarixdə Lənkəran rayonu Haftoni qəsəbəsində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. X6 25 yanvar 2023-cü il tarixdə Lənkəran rayonu Haftoni qəsəbəsində doğulması faktı müəyyən edilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar