Məhkəmə qərarları › İş №2(049)-1065/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1065/2023

07.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1065/2023 07.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilməsilə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 və onun qızı xx.xx.2019-cu il təvəllüdlü X6, xx.xx.1976-cı ilə təvəllüdlü Cavabdeh3 və onun oğlu xx.xx.2006-cı il təvəllüdlü X7 və digər oğlu xx.xx.2008ci il təvəllüdlü X12 mülkiyyət hüququ ilə xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X18 küçəsi, ev 78/15 ünvanında yerləşən 63 saylı mənzildə istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Nümayəndə ilə xx.xx.2013-cü il tarixdə ailə həyatı qurmuş, onunla birgə nikahlarından 3 uşaqları olmuşdur. Hal-hazırda o, ailə üzvləri - həyat yoldaşı və 3 uşağı, həmçinin ərinin atası və anası, qaynatası xx.xx.1949-cu il təvəllüdlü X8 və qaynanası - xx.xx.1949-cu il təvəllüdlü X1 ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus, xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X18 küçəsi, ev 78/15 ünvanında yerləşən 63 saylı mənzildə yaşayırlar. xx.xx.2013-cü il tarixdən hal hazırki vaxtadək xüsusi mülkiyyət hüququ ilə mülkiyyətində olan həmin mənzildə ondan və yuxarıda qeyd etdiyi ailə üzvlərindən: həyat yoldaşı və uşaqlarından, həmçinin qaynatası və qaynanasından başqa heç kim yaşamır. O, Lənkəran şəhəri, X18 küçəsi, ev 78/15 ünvanında yerləşən 63 saylı mənzili 19 sentyabr 2013-cü il tarixdə X2 bağışlama yolu ilə əldə etmişdir. xx.xx.2013-cü il tarixdən qeyd olunan mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən tam pay hüququ ilə xx.xx.2013-cü il qeydiyyat tarixli, Seriya RX № ******* olan, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Cavabdehlər xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1995ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh3 ona məxsus yuxarıda qeyd etdiyi sözügedən mənzildə yaşamasalar da, onlar ona məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərdən əlavə xx.xx.2006-cı il təvəllüdlü X13 (Cavabdeh3 oğlu), xx.xx.2008-ci il təvəllüdlü X20 (Cavabdeh3 oğlu), xx.xx.2019-cu il təvəllüdlü X14 (Cavabdeh2 qızı) da onun xüsusi mülkiyyətində olan mənzildə yaşamasalar da, onlar həmin mənzildə qeydiyyatdadırlar. Bundan əlavə, məlumat almışdır ki, tərəfindən qeydiyyat haqqında “Asan-Masallı” orqanından alınmış xx.xx.2022-ci il tarixli, ******* saylı arayışın alınmasından 1 ay sonra, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə X17 olan digər övladı doğulmuş və həmin uşaq da mexaniki olaraq, anasının formal qeydiyyatı əsasında ona məxsus mənzilə qeydiyyata alınmışdır. xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X20, xx.xx.2019-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatmadıqlarına görə onları hazırki iddia tələbi üzrə cavabdeh kimi qeyd etməmişdir. xx.xx.2023-cü il tarixdə doğulmuş X10 qeydiyyatı ilə bağlı müvafiq qeydin aparıldığı arayışı əldə etdikdən sonra, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə müvafiq olaraq hazırkı iddia tələbində dəqiqləşmə apararaq, tələbin həcmini artırmaqla onun da qeydiyyatda çıxarılması barədə tələbini məhkəməyə təqdim edəcəkdir. Cavabdehlər və onların adlarını qeyd etdiyi yetkinlik yaşına çatmayan uşaqlarının ona məxsus mənzildə yaşamamaqla yanaşı, hazırda onların hansı ünvanda yaşadıqlarıını belə dəqiq bilmir. Onların onun mənzilindəki qeydiyyatları formal xarakter daşıyır. Onlar onun mənzilində qeydiyyatda olduqlarından bu hal onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə ciddi maneçilik törədir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı məktub xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, ərizəsi ilə cavabdehlərin qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, həmin müraciəti təmin olunmamış və ya ümumiyətlə həmin ərizəyə baxılmamışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1065/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma” tələbi üzrə “pasport qeydiyyatından çıxarılma” hissəsində iş üzrə icraata xitam verilmişdir. İş üzrə 06 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək izahatında bildirmişdi ki, o, xx xxx 1977-ci il təvəllüdlüdür. Lənkəran şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzili onun atası X5 məxsus olmaqla, onun xüsusi mülkiyyətində olmuşdur. O, anadan olandan valideynləri və qardaşları ilə birlikdə həmin mənzildə yaşamışdır. Atasının xüsusi mülkiyyətində olan həmin mənzildə onun istifadə hüququ yaranmışdır. Hazırki mülki iş üzrə iddia tələbi ilə tanış olarkən ona məlum olmuşdur ki, atasına məxsus olan sözügedən mənzil 2013-cü ildə qardaşının həyat yoldaşı İddiaçı bağışlanmışdır. O, hal-hazıradək həmin mənzildə pasport qeydiyyatındadır. 2013-cü ildə sözügedən mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, mənzilin bağışlanmasına heç bir razılıq verməmişdir. Mənzilin bağışlanması zamanı notariat kontoruna təqdim edilən mənzildə qeydiyyatda olan şəxslərə dair arayışda qəsdən onun adı qeyd edilmədiyindən və razılığı alınmadan mənzil bağışlanmışdır. Hazırda həmin mənzildən öz payını istəyir və vəkil tutaraq, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzildən öz payını tələb etməsi ilə əlaqədar məhkəmədə iddia qaldıracaq. Ona qarşı irəli sürülən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək izahatında bildirmişdi ki, o, xx xxxxxx 1976-cı il təvəllüdlüdür. Lənkəran şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzili onun atası X5 məxsus olmaqla, onun xüsusi mülkiyyətində olmuşdur. O, anadan olandan valideynləri və qardaş, bacısı ilə birlikdə həmin mənzildə yaşamışdır. Bu səbəbdən də həmin mənzilə istifadə hüququ vardır. 2013-cü ildə atası ona bildirmişdir ki, özünə məxsus olan mənzili bacısı Cavabdeh1 adına keçirmək istəyir. O, da bu məqsədlə notariat kontorunda mənzilin bağışlanmasına razılıq vermişdir. Lakin hazırki mülki iş üzrə iddia tələbi ilə tanış olarkən ona məlum olmuşdur ki, atasına məxsus olan həmin mənzil 2013-cü ildə qardaşının həyat yoldaşı İddiaçı bağışlanmışdır. O, həmin mənzilin İddiaçı bağışlanmasına razı olmamışdır. Razılıq verərkən ona belə bildirilmişdir ki, mənzil bacısı Aynurəyə bağışlanır. Hazırda ona məlum olmuşdur ki, verdiyi razlıq ərizəsində qəsdən mənzilin kimə bağışlanması qeyd edilmədiyindən onu aldadaraq belə sənədləşdirmə etmişlər. O, hal-hazıradək həmin mənzildə pasport qeydiyyatındadır. Hazırda həmin mənzildən öz payını istəyir və bu barədə məhkəmədə iddia qaldıracaqdır. Ona qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş 19 sentyabr 2013-cü il tarixli 4Ə-03-1191 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, Lənkəran şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzili X8 tərəfindən İddiaçı bağışlanmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Lənkəran şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “Asan-Masallı” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Salayev X9 şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında əldə edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 5-13-96/2-15673/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2004-cü ildən, X21 xx.xx.2004-cü ildən, X14 xx.xx.2022-ci ildə anası X16 əsasən, Cavabdeh3 xx.xx.2005-ci ildən, X20 xx.xx.2016-cı ildən, X13 xx.xx.2016-cı ildən ünvan 3 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı hissədə münasibət bildirərək qeyd edir ki, həmin cavabdehlər sözügedən mübahisəli mənzildə istifadə hüququ əldə etmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin məcəllənin 228.2 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin məcəllənin 228.4 maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı Salayeva X11 şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzilinə dair mülkiyyət hüququnu 2013-cü ildə əldə etmişdir. Cavabdehlərdən Cavabdeh1 xx.xx.2004-cü ildən və Cavabdeh3 xx.xx.2005-ci ildən həmin mənzildə pasport qeydiyyatında olmaqla, həmin mənzil ataları X5 məxsus olduğu vaxtdan orada yaşamışlar. Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 sözügedən mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləri, yəni övladları olduqlarından həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmuşlar. Bu səbəbdən onlar həmin mənzildə istifadə hüququ əldə etmişlər və onların bu hüquqlarının yaranması üçün notariat qaydasında təsdiqlənən yazılı razılaşma tələb edilməmişdir. Həmçinin 2013-cü ildə sözügedən mənziə dair mülkiyyət hüququ iddiaçıya keçərkən onlar mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verməmişlər. Hazırki müki iş üzrə iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən cavabdehlərə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi təklif edilməmiş və bu barədə məhkəməyə hər-hansı razılıq təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehlərin digər ünvanda daimi yaşamaları ilə əlaqaədar məhkəməyə sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Məhkəmə iddiaçının iddia tələbinə Cavabdeh2 qarşı hissədə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İddiaçı Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin mübahisəli mənzilində istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması isə evə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına göstərilmişdir ki, “Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Ona görə də Cavabdeh2 sözügedən mənzildə istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının ona qarşı istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Həmçinin ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarının nəticə hissəsində qed edilmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, X21 və Cavabdeh3 Lənkəran şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzilində istifadə hüquqlarının itirlməsinə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar