Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-112/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 İstismarı İdarəsinin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, qanunsuz inşa edilmiş tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi”, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 İstismarı İdarəsinin Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz inşa edilmiş tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinə gedən və X1 İstismarı İdarəsinin balansında olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi, həmin gediş-gəliş yolunda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasarın və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində X1 İstismarı İdarəsi məhkəməyə ərizə verərək mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qarışmış və hazırki iş üzrə Cavabdeh qarşı iddia irəli sürməklə, cavabdeh tərəfindən zəbt edilmiş, Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən və X1 İstismarı İdarəsinin balansında olan torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasarın və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmetinə aid olan ərazi və ya həmin ərazinin bir hissəsi X1 İstismarı İdarəsinin balansında olacağı təqdirdə, iddia tələbi X1 İstismarı İdarəsinin hüquq və mənafelərinə toxuna biləcəyinə görə həmin ərizə və iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin icraatına qəbul edilərək X1 İstismarı İdarəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Kosalar kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətində olan 0,04 hektar torpaq sahəsi olmaqla, həmin torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Onların qonşuluğunda Cavabdeh torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində bir ədəd yeni və bir ədəd köhnə ev mövcuddur. Araşdırma zamanı mövcud baza məlumatlarına əsasən həmin torpaq sahəsinin şimal və şərq tərəfdən həyətyanı torpaq sahələri ilə, cənub və qərb tərəfdən isə kanal (su arxı) ilə həmsərhəd olması müəyyən edilmişdir. Onun tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsi baza məlumatlarında ümumi istifadədə üçün nəzərdə tutulan gediş-gəliş yolu kimi təsvir edilməmişdir. Həmin torpaq sahəsi kanal (su arxı) ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arasında yerləşən, təxminən, 3,5 metr enində olmaqla cavabdehin faktiki istifadəsindədir. Qeyd olunan ərazi cavabdehin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Torpaq sahəsinin başlanğıcında qanunsuz olaraq dəmir darvaza, sonunda isə daş hasar inşa edilmiş, həmin darvaza və daş hasarın cavabdeh tərəfindən inşa edildiyi müəyyən edilmişdir. X1 İstismarı İdarəsinin müvafq məktubu ilə müəyyən edilmişdir ki, Nüvədi arxının sahil mühafizə zolağı hər iki tərəfdən 5 metr olmaqla adı çəkilən idarənin balansındadır. Belə olan halda hesab edir ki, qeyd olunan torpaq sahəsində yerləşən yol cavabdehin istifadəsində olan torpaq sahəsinə aid olmadığından həmin yolun bağlanması hüquqdan sui-istifadə hesab edilərək yol açılmalı və ona gedişgəliş yolu kimi istifadəyə verilməlidir. Ona görə də məhkəməyə müraciət etmişdir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 İstismarı İdarəsi öz iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmetinə aid olan ərazi X1 İstismarı İdarəsinə aid olan ərazidir. Nüvədi arxının sahil mühafizə zolağı hər iki tərəfdən 5 metr olmaqla X1 İstismarı İdarəsinin balansındadır. Həmin ərazidən arxın mühafizə zolağında hər hansı tikinti və qazıntı işləri aparılmadan, arxın en kəsiyi ölçüləri dəyişdirilmədən və arxın həmin hissəsində su rejiminə müdaxilə etmədən gediş-gəliş yolu kimi istifadə edilməsinə icazə verilə bilər. Lakin cavabdeh həmin şərtlərə əməl etmədiyinə və onların tələbinə əhəmiyyət vermədiyinə görə məhkəməyə müraciət edilmişdir. Nüvədi arxının sahil mühafizə zolağı hər iki tərəfdən 5 metr olmaqla adı çəkilən idarənin balansındadır. Belə olan halda hesab edir ki, qeyd olunan torpaq sahəsində yerləşən yol cavabdehin istifadəsində olan torpaq sahəsinə aid olmadığından həmin yolun bağlanması hüquqdan sui-istifadə hesab edilərək yol açılmalı və ümumi gediş-gəliş yolu kimi istifadəyə verilməlidir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq X1 İstismarı İdarəsinin balansında olan torpaq sahəsindən Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasarın və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,40 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdehdən qanunsuz hərəkətlərə son qoymağı, darvaza və daş hasarı sökməyi dəfələrlə xahiş etsə də, cavabdeh ona məhəl qoymamışdır. Bu səbəbdən o və ailə üzvləri özlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolundan istifadə edə bilmirlər. Həmin məsələ ilə bağlı o, aidiyyəti orqanlara da müraciət etmiş, həmin orqanların səlahiyyətli şəxsləri və mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərkən də cavabdehin gediş-gəliş yolunun üstündə qanunsuz olaraq dəmir darvaza qoyduğu və daş hasar inşa etdiyi təsdiq olunmuşdur. Həmin ərazi X1 İstismarı İdarəsinin balansında olsa da, ümumi gediş-gəliş yolu kimi istifadədə edilmişdir və cavabdehin yolu bağlaması bilavasitə onun da mənafeyinə toxunur. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının vəkili Vəkil2 da hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 İstismarı İdarəsinin nümayəndəsi X2 da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında cavabdehin izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Hazırki iş üzrə iddiaçının hazırki iş üzrə cavabdehə qarşı oxşar məzmunlu iddiasına dair 2023-cü ildə Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-493/2023 nömrəli mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin iş üzrə ekspertin xx.xx.2023-cü il tarixli 10/5583 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinin şimal və şərq tərəfdən həyətyanı torpaq sahələri ilə, cənub və qərb tərəfdən isə kanal (su arxı) ilə həmsərhəd olması müəyyən edilmişdir. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin baza məlumatlarında ümumi istifadədə üçün nəzərdə tutulan gediş-gəliş yolu kimi təsvir edilmədiyi müəyyən edilmişdir. Gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsi kanal (su arxı) ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arasında yerləşən, təxminən, 3,5 metr enində olmaqla cavabdehin faktiki istifadəsindədir. Qeyd olunan ərazi cavabdehin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Torpaq sahəsinin başlanğıcında qanunsuz olaraq dəmir darvazanın, sonunda isə daş hasarın inşa edildiyi, həmin darvaza və daş hasarın cavabdeh tərəfindən inşa edildiyi müəyyən edilmişdir. Qeyd olunan 2(049)-493/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı ilə iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçının adına verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, həmin orqan tərəfindən cavabdehin adına verilmiş xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 55 olan Texniki pasport, Lənkəran Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli A-139-148 nömrəli və xx.xx.2022-ci il tarixli A-116-148 nömrəli məktubları, Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-493/2023 nömrəli mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/5583 nömrəli rəyi, X1 İstismarı İdarəsinin xx.xx.2023-cü il tarixli 154 nömrəli və xx.xx.2024-cü il tarixli 38 nömrəli məktubları, X1 İstismarı İdarəsinin balansında olan hidrotexniki qurğuların kadastr hesabatı, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, iddiaçı Lənkəran rayonu Kosalar kəndində yaşayır. İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi vardır. İddiaçının gediş-gəliş yolu kimi iddia etdiyi, mübahisə predmetinə aid olan ərazi sənəd üzrə X1 İstismarı İdarəsinin mülkiyyətinə aiddir. Qeyd olunan ərazidə yol və yağıntı sularının axıdılması üçün nəzərdə tutulmuş kanal mövcuddur. İddiaçının yaşadığı evə aid həyətyanı torpaq sahəsi kanalın kənarında yerləşir. Həmin kanalın şimal tərəfində cavabdehə məxsus fərdi yaşayış evi yerləşir. Evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,12 hektar, faktiki olaraq 015564 hektar təşkil edir. Nüvədi arxının sahil mühafizə zolağı 10 metr (hər bir tərəfdən 5 metr) olmaqla X1 İstismarı İdarəsinin balansındadır. Nüvədi arxının sahil mühafizə zonasının ölçüləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 saylı qərarı ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən də müstəqil tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasarın və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,40 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 İstismarı İdarəsi cavabdeh tərəfindən zəbt edilmiş, Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən və X1 İstismarı İdarəsinin balansında olan torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasarın və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq özünün və ailə üzvlərinin həyətyanı torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədə, aidiyyəti orqanlara etdiyi müraciıtlərin cavablarına, eyni zamanda, xx.xx.2023-cü il tarixli ekspert rəyinə istinad edir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 İstismarı İdarəsi isə qeyd olunan ərazinin X1 İstismarı İdarəsinin balansında olmasına dair sənədlərə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaçının mənafeyinə toxunan hər hansı qanunsuz hərəkətə yol vermədiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddiaçının iddia tələbi rədd edilməli, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1 və 95.1.1-ci maddələrinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər, həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi həddlərdə istifadə edə bilər. Məhkəmə mülki işin tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmetinə aid olan ərazinin dövlət mülkiyyətinə aid olmaqla X1 İstismarı İdarəsinin balansında olması iş materialları ilə təsdiq edilmişdir. Həmin ərazidə iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kanal (su arxı) ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arasında yerləşən təxminən, 3,5 metr enində hissəsinin cavabdehin faktiki istifadəsində olduğu, qeyd olunan ərazinin cavabdehin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi, torpaq sahəsinin başlanğıcında dəmir darvaza, sonunda isə daş hasarın inşa edildiyi, həmin darvaza və daş hasarın cavabdeh tərəfindən inşa edildiyi də işin qeyd edilən faktiki halları ilə sübuta yetirilmiş, cavabdeh özü də qeyd olunan faktları inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş hazırki tələblə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddia tələbində özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinə gediş-gəliş yolundan istifadəyə cavabdeh tərəfindən maneə törədildiyini iddia edərək həmin maneələrin aradan qaldırılmasını tələb etsə də, işin faktiki ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan ərazi iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun yerləşdiyi ərazi olmayıb, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazi də deyildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır və onun iddiası iddia tələbinin hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə rədd edilməlidir. Mübahisə predmetinə aid olan ərazi X1 İstismarı İdarəsinin balansında olmaqla, cavabdehin həmin ərazidən faktiki olaraq qanunsuz istifadə etməsi, qeyd edilən ərazidə hər hansı növ tikili və qurğuların inşa edilməsinə də heç bir qanuni əsasın mövcud olmaması iş materialları və işin faktiki halları ilə sübuta yetirildiyindən məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri həmin torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 İstismarı İdarəsinin qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən zəbt edilmiş, Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən və X1 İstismarı İdarəsinin balansında olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasarın və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə ödənilmiş tələblərin məzmununu nəzərə alaraq iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin onun özünə özünə aid edilməsini, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin isə cavabdehdən tutularaq həmin üçüncü şəxsə ödənilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, qanunsuz inşa edilmiş tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi” barədə iddia tələbi rədd edilsin. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 İstismarı İdarəsinin iddia tələbi təmin edilsin. Lənkəran rayonu, Kosalar kəndi ərazisində yerləşən, X1 İstismarı İdarəsinin balansında olan, Nüvədi arxının sahil mühafizə zolağının (hər bir tərəfdən 5 metr olmaqla 10 metr enində) Cavabdeh tərəfindən zəbt edilmiş hissəsi zəbtdən azad edilsin. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasar və yolun başlanğıcında qoyulmuş dəmir darvaza cavabdehin vəsaiti hesabına sökülsün. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə özünə aid edilsin. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 İstismarı İdarəsi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq X1 İstismarı İdarəsinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-112/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-112/2024
15.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver