Məhkəmə qərarları › İş №2(049)-1168/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1168/2024

25.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1168/2024 25.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7.941 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 40 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 385 saylı əmrlə Administrator vəzifəsinə keçiriİmişdir və X1 haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 98x saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "a" (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxlı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki. "Oba Market” MMC-nin “OBA Xırdalan 15” mağazasında çalışdığı zaman xx.xx.2023cü il və xx.xx.2023-cü tarixlərində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 3102 manat 77 qəpik və 7040 manat 34 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli "İnventarizasiya Nəticələrinə" dair Aktlarda yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə Cavabdehm hal-hazırda "xxxx" MMC-yə ümumilikdə 7941 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsini və Çülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X1 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə "Oba Market” MMC-nin “OBA Xırdalan 15” mağazasında keçirilən inventarizasiya yoxlamaları zamanı cavabdeh özü də şəxsən sayımlarda iştirak etmiş və sayımdan sonra tərtib edilmiş iltizamnamədə öz xətti ilə sayımın qaydalara uyğun həyata keçirildiyini və sayım qrupundan heç bir narazılığının olmadığını qeyd etmişdir. Bundan sonra aparılmış sayım nəticəsində aşkar edilmiş çatışmazlıqlar barədə tərtib edilmiş sənədlərlə tanış olması barədə Cavabdeh yaşadığı ünvana bildiriş göndərilsə də o, həmin sənədlərlə tanış olmaqdan imtina etmişdir və bu barədə müvafiq akt tərtib edilmişdir. Cavabdehın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh həqiqətən İddiaçı MMC-də qeyd olunan vəzifələrdə işləmiş və xx.xx.2023-cü il tarixdə işdən azad olunmuşdur. Ona qarşı məhkəmədə qaldırılmış iddia ilə tam şəkildə razı deyildir. Belə ki, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixində aparılmış sayımlara əsasən ümumilikdə ondan tələb olunan 7.941 manat məbləğ tamamilə əsassızdır. Qeyd olunan sayımlar zamanı cavabdehin işlədiyi mağazada vaxtı keçmiş mallar da çatışmazlıq kimi qeyd edilərək, nəticədə maddi ziyan olaraq cavabdehdən tələb edilmişdir. Lakin həmin vaxtı keçmiş mallar sayımdan sonra iddiaçı şirkətin özü tərəfindən daşınaraq zibilə atılmışdır. Həmçinin sayımın nəticələrinə dair hesablama aparılarkən də malların qiyməti düzgün yazılmayaraq, şişirdilmişdir. Bu səbəblərdən də cavabdehə qarşı iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ərizədən, əmək müqaviləsindən, “173” saylı əmrdən çıxarışdan və vəzifə təlimatından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən 1 (ay) aylıq sınaq müddəti tətbiq edilməklə İddiaçı MMC-də Satış departamentinin Satış-9 şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, onunla 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan ərizədən, əmək müqaviləsinə əlavıdın, “385” saylı əmrdən çıxarışdan və əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixdən “Administrator” vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “X1 haqqında” müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X1 barədə müqavilə bağlanmışdır. İş materiallarında olan ərizədən, xx.xx.2023-cü il tarixli 98x saylı əmrdən çıxarışdan və əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilərək, onunla əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin İdarə Heyətinin sədri tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “62” saylı əmrdən görünür ki, həmin əmr əsasında “Oba-Xırdalan 15” mağazasında adminstrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların xx.xx.2023-cü il tarixinə olan vəziyyətinin yoxlamasını aparmaq məqsədi ilə işçi qrupu yaradılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin İnventiraziya komissiyasına dair xx.xx.2023-cü il tarixli İltizamnamədə Cavabdeh tərəfindən “sayımda tam iştirak etdim, sayım qaydalara uyğun keçirildi” qeyd edilərək, onun tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş “xx.xx.2023-cü il tarixli inventiraziyanın nəticələrinə dair” yekun aktdan görünür ki, 7.040,33 manat çatışmazlıq müəyyən edilmişdir. Sözügedən akt müəssisənin Maliyyə direktoru, Mühasibatlıq departamentinin müdiri, Satış departamentinin müdiri, İnventarizasiya şöbəsinin müdiri, Daxili Nəzarət şöbəsinin müdiri, Bölgə müdiri və İnventarizasiya şöbəsinin araşdırma mütəxəssisi tərəfindən imzalanmış, lakin maddi məsul şəxs Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı MMC-nin İdarə Heyətinin sədri tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “842” saylı əmrdən görünür ki, həmin əmr əsasında “Oba-Xırdalan 15” mağazasında adminstrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların xx.xx.2023-cü il tarixinə olan vəziyyətinin yoxlamasını aparmaq məqsədi ilə işçi qrupu yaradılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin İnventiraziya komissiyasına dair xx.xx.2023-cü il tarixli İltizamnamədə Cavabdeh tərəfindən “sayımda tam iştirak etdim, əskik sayılan mallara düzəliş olundu, sayım qrupundan heç bir narazılığım yoxdur” qeyd edilərək, onun tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş “xx.xx.2023-cü il tarixli inventiraziyanın nəticələrinə dair” yekun aktdan görünür ki, 3.102,77 manat çatışmazlıq müəyyən edilmişdir. Sözügedən akt müəssisənin Maliyyə direktoru, Mühasibatlıq departamentinin müdiri, Satış departamentinin müdiri, İnventarizasiya şöbəsinin müdiri, Daxili Nəzarət şöbəsinin müdiri, Bölgə müdiri və İnventarizasiya şöbəsinin araşdırma mütəxəssisi tərəfindən imzalanmış, lakin maddi məsul şəxs Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş “xəbərdarlıq məktubu”ndan, “poçt xəbərnamə”lərindən və “imtina aktı”ndan görünür ki, Cavabdeh inventarizasiyanın nəticələri ilə tanış olaraq, imzalaması üçün xəbərdarlıq məktubu göndərilmişdir və Cavabdeh həmin sənədlər ilə tanış olmaması və onları imzalamaması barədə akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin İdarə Heyətinin sədri tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “167” saylı əmrdən görünür ki, həmin əmr əsasında mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs Cavabdeh tələb olunması və “təbii itki norması”nın 0,65 faiz müəyyən edilməsi qeyd edilmişdir. İş materiallarında olan 28 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 dekabr 2023-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 7.941 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsində qeyd edilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Eyni Məcəllənin 194-cü maddəsində qeyd edilir ki, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsində qeyd edilir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçinin X1i yaranır. Həmin Məcəllənin 200-ci maddəsində qeyd edilir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Beləliklə məhkəmə iclasında maddi məsul şəxs Cavabdeh İddiaçı MMC-nin Abşeron rayon, Xırdalan şəhər AAAF Park yaşayış kompleksi ünvanında yerləşən Oba-Xırdalan 15(1185) mağazasında administrator işlədiyi dövrlər ərzində orada aparılmış inventarizasiya yoxlamaları nəticəsində ümumilikdə 7941 (güzəşt tətbiq edildikdən sonra) manat məbləğində kəsirinin olması, həmçinin qeyd edilən yoxlamaların (sayımların) cavabdehin şəxsən iştirakı ilə keçirilmiş olması müəyyən olunmuşdur. Belə olan halda cavabdehin yekun inventarizasiya nəticələrinə dair aktları imzalamaqdan imtina etməsi onun maddi məsul şəxs kimi məsuliyyətini aradan qaldırmış olmur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinə etiraz edərək dəymiş ziyan məbləğinin real və düzgün hesablanmadığını qeyd etsə də, etirazının əsasına dair heç bir sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 (altmış) manat və 40 (qırx) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 7.941 (yeddi min doqquz yüz qırx bir) manat məbləğində vurulmuş ziyan məbləği, mediasiya xərcinə dair 60 (altmış) manat məbləğində haqq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar