Məhkəmə qərarları › İş №2(049)-1193/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1193/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1193/2023 03.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X4 cavabdeh "xxxx" MMC-yə qarşı «mülkiyyətlərində olan torpaq sahəsinin zəbtdən azad edilməsi və sahibliyə qaytarılması və həmin torpaq sahəsinin üzərində yerləşən qanunsuz inşa edilmiş tikililərin və qurğunun sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə JN-001 nömrəli 80220038 saylı və Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə JN-002 nömrəli 80220038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına əsasən əsasən Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən və mülkiyyətlərinə verilmiş hazırda isə zəbt olunmuş 0,16 və 0,90 hektar torpaq sahələrinin zəbtdən azad edilməsi, torpaq sahəsinin sahibliyə qaytarılması və üzərində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, artıq 3 ilə yaxındır ki, ailəmizin birgə mülkiyyətində olan əmlak – 0,16 hektar torpaq sahəsi və 0,90 hektar torpaq sahəsi "xxxx" MMC tərəfindən zəbt edilmişdir. Həmin torpaq sahəsini əkib-becərməklə ailəsini dolandırmışdır. Həmin torpaq sahəsi əllərindən alındıqdan sonra dəfələrlə aidiyyəti şəxslərə şifahi qaydada müraciət etsələr də, torpaq sahəsi zəbtdən azad olunmur. Həmin torpaq sahəsinin əvəzinə onlara kənar bir ərazidə torpaq sahəsinin verilməsi və ya müvafiq kompensasiyanın verilməsi də mümkün olduğu halda, lakin bunlar da edilməmişdir. Bununla da onların mülkiyyət hüququmu pozulmuşdur. Torpağa mülkiyyət hüququna dair № 001 kod 80220038 nömrəli dovlət Aktından və № 002 kod 80220038 nomrəlı dövlət aktından görünür ki, zəbt olunmuş torpaq sahələri onların mülkiyyətindər. Onların mülkiyyəti əlindən alınıb, konstitusion hüquqları pozulur, lakın heç bir formada bu pozuntu kompensasiya edilmir. Torpağın zəbtdən azad olunması ilə bağlı etdiyi müraciətlərə müsbat cavab yoxdur. Dəfələrlə aidiyyəti orqanlara rəsmi müraciət etmələrinə baxmayaraq, heç bir səmərəli nəticə əldə edə bilməmişlər. X9 İİ qrup əlildir (nevroloji xastəlik, yeriyə bilmir, özünü tanımır), İddiaçı3 Salım oğlu İİ qrup əlildir, İddiaçı6 Salim qızı isə İİ qrup əlildir, X5 İ qrup əlildir. Onlar həmin torpaq sahəsində mal-qara saxlamaqla məşğul olmuşlar. İndi isa demək olar ki, hamin işi davam etdirməkdən məhrum olmuşlar. Torpağları əlindən aldıqdan sonra "xxxx" MMC onlara uzun müddət başqa yerdə torpaq sahəsi veriləcəyi ilə bağlı vədlər vermiş, lakin həmin vədlər təmin olunmamışdır. Sozügedən torpaq sahasindən il ərzində 500 bağlama ot götürürmüşlər. Bu da təqriban 1200 manat pula bərabərdir. Hamin fayda da əllərindən çıxmışdır. Bununla da 3 il ərzində onlara kıfayət qədər ziyan vurulmuşdur. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri vaxtı barədə məlumat verilmiş iddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X8 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X8 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatlarını dinləyib, iddia ərizəsində göstərlənlərlə hazırki işin və Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-31/2023 №-li işin materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Torpağa mülkiyyət hüququna dair JN 001 KOD 80220038-№-li Dövlət aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə, Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı5 mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 002 KOD 80220038-№-li Dövlət aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə, Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. Lənkəran ŞİHB-nın Separadi kənd inzibati ərazi dairəsində nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Fərziyev X6 rayonun Tükəvilə kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. Lənkəran ŞİHB-nın Separadi kənd inzibati ərazi dairəsində nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı7 Lənkəran rayonun Tükəvilə kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır və 1998-ci ildə ona verilmiş torpağa mülkiyyət hüququna dair JN-0002-li dölət aktında İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı4 və X3 ibarət ailə üzvləri vardır. Lənkəran ŞİHB-nın Separadi kənd inzibati ərazi dairəsində nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Fərziyev X6 rayonun Tükəvilə kəndində 1998ci ildə torpağa mülkiyyət hüququna dair JN-0001-li dölət aktına əsasən ona 0.16 ha torpaq sahəsi verilmişdir. Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-31/2023 №-li işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən JN-0001 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» ilə İddiaçı5 mülkiyyətinə verilmiş 0,16 ha və JN-0002 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» ilə İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X4 mülkiyyətinə verilmiş 0,90 ha torpaq sahələrinin sərhədləri və əsas döngə nöqtələrinin kordinatları "xxxx" MMC tərəfindən faktiki istifadə edilən torpaq sahəsinə düşür. Başqa sözlə iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X4 xüsusi mülkiyyətlərinə verilmiş 0.16 ha və 0.90 ha pay torpaq sahələri bütövlükdə cavabdeh "xxxx" MMC tərəfindən istifadə edilir və həmin torpaq sahələri üzərində çox illik meyvə ağacları mövcuddur. Baxış zamanı sözügedən torpaq sahələri üzərində hər hansı tikilinin olması müşahidə edilmədi. Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-31/2023 №-li işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/8118 №-li, 31 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən JN-0001 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» ilə İddiaçı5 mülkiyyətinə verilmiş 0.16 ha və JN-0002 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» ilə İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X4 mülkiyyətinə verilmiş 0.90 ha torpaq sahələrinin bütövlükdə cavabdeh "xxxx" MMC tərəfindən istifadə edildiyi və həmin torpaq sahələri üzərində çoxillik meyvə ağaclarının mövcud olduğu müəyyən edilir. Baxış zamanı sözügedən torpaq sahələri üzərində hə hansı tikilin olması müşahidə edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə, Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı5 mülkiyyətinə, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə, Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçılar mülkiyyətinə verilmiş Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,90 ha və 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini və həmin torpaq sahələrinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan hüquq normasının tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı

5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı

6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı

7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı İddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın yuxarıda qeyd olunan torpaq sahələrinin cavadehin qanunsuz sahibliyindən geri qaytarılması hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/8118 №-li, 31 yanvar 2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli torpaq sahələri bötüvlükdə "xxxx" MMC tərəfindən istifadə edilir. Geri tələb edilən torpaq sahəsi fərdi müəyyən əşyadır və naturada saxlanılır. Tərəflər arasında hər hansı öhdəlik hüquq münasibətləri yoxdur. Göründüyü kimi iddia tələbi MM-nin 157.2-ci maddəsinin 1,2,4,5,6,7-ci bəndlərdə göstərilən dispozisiya şərtlərinə uyğundur. Məhkəmə iddianın cavabdeh tərəfindən mübahisəli torpaq sahələrində üzərində tikilmiş qanunsuz tikililərin sökülməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, yuxarıda qeyd olunan müxətəssis və ekspert rəylərindən də müəyyən olunur ki, mübahisəli torpaq sahələrinin hüdudları daxilində hər hansı tikilinin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda iddianın həmin hissəsini məhkəmə əsassız hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddianın (mübahisəli torpaq sahələrinin cavabdehin qanunsuz sahibliyində olması hissəsinin) əsaslılığını təsdiq edən kifayət qədər sübut məhkəməyə təqdim edilsə də, cavadeh iddianın əsassızlığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə, İddiaçı5 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh "xxxx" MMC-nin ("xxxx" MMC-nin) qanunsuz sahibliyindən azad edilməli, həmin torpaq sahələri "xxxx" MMC-dən ("xxxx" MMC-dən) alınaraq iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X1 verilməli, iddia qalan hissədə, yəni qeyd olunan torpaq sahələrində inşa edilmiş tikililərin sökülməsi hissəsində rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə, İddiaçı5 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh "xxxx" MMCnin ("xxxx" MMC-nin) qanunsuz sahibliyindən azad edilsin və torpaq sahələri "xxxx" MMCdən ("xxxx" MMC-dən) alınaraq müvafiq olaraq iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı4 və X1 verilsin. İddia qalan hissədə, yəni mübahisəli torpaq sahələrində inşa edilmiş tikililərin sökülməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar