Məhkəmə qərarları › İş №2(049)-1216/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1216/2024

04.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1216/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı1, Cavabdeh nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi : TƏSVİRİ HİSSƏ: İddiaçı1 və qeyriləri məhkəməyə iddia verərək JN 185 seriyalı 80221028 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonun, Vel kəndində yerləşən, Cavabdeh tərəfindən zəbt olunmuş 0.53 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş hakim Rəşad Məmmədovun icraatında olmuş, onun iş yeri dəyişdirildiyi üçün hakim Muradağa Qasımovun icraatına verilmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırılmışlar ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 10 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.53 hektar torpaq sahəsi i onların mülkiyyətlərinə verilmiş və bunu təsdiqləyən JN 185 seriyalı, 80221028 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları da vardır. Lakin, cavabdeh həmin torpaq sahəsini zəbt edərək ondan istifadə edir, onlara öz mülkiyyətlərindən istifadə etməylərinə imkan vermir. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdeh bu hərəkətlərindən əl çəkmir və həmin torpaq sahənin özünə məxsus olduğunu bildirir. Cavabdehin özbaşınalığı onların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozur. Onların həm Azərbaycan Respublikası qanunvericiliyi və həm də ki, Beynəlxalq qanunvericilik normaları ilə qorunan mülkiyyət hüquqları cavabdeh tərəfindən tapdalanır. Buna görə də onlar məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bu məsələylə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etmiş və onlar, cavabında həqiqətən istifadələrində olan torpaq sahəsinin ölçüsünün islahat zamanı mülkiyyətlərinə verilmiş və JN-185 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş ölçüdən az olduğunu bildirmişlər. 2022-ci il tarixdə o, eyniməzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin, məhkəmə iclası zamanı müvafiq ekspert rəyi ilə (xx.xx.2023-cıı il tarixli, məhkəmə tikinti-texniki ekspertizası, tikinti texniki obyektlərin tədqiqi) məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi cavabdeh kimi göstərdiyi X1 deyil, hazırki iddiası üzrə cavabdehin faktiki istifadəsindədir. Bu səbəbdən də Lənkəran Rayon Məhkəməsinin 2(049)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin iş üzrə aparılmış ekspert rəyini və məhkəmənin qətnaməsini iddia ərizəsinə əlavə edir. Həmin məhkəmənin qətnaməsində də qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi hazırki iddia üzrə Cavabdeh faktiki istifadəsindədir. Məhkəmə iclasında İddiaçı1 iddianın məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər iddiaçılar lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddiaya qarşı etirz göndədərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə mübahisə predmeti olan 0,53 ha (0,5322 ha) torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla tam olaraq onun xüsusi mülkiyyətindədir. Buna dair ona ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli, **********06 saylı reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da verilmişdir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş iddia ərizəsində onun həmin torpaq sahəsindən, yəni öz mülkiyyətində olan 0,5322 ha torpaq sahəsindən çıxarılmağı tələb olunur. İddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində isə onun sözügedən torpaq sahəsini zəbt etdiyi göstərilir. Bunlara mübasibətdə bildirmək istəyir ki, iddiaçıların bu cür tələbi tamamilə əsassızdır və sübut edilməlidir. Belə ki, o, heç kimin torpaq sahəsini zəbt etməmiş və yalnız Dövlət tərəfindən ona verilən hüquqi sənəddə qeyd olunan torpaq sahəsinin sərhədləri daxilində hərəkət edir. İddiaçılar öz tələblərində onun zəbt olunmuş torpaq sahəsini boşaltmağını qeyd etsələr də, lakin onların tələbinin əsas mahiyyəti Dövlət tərəfindən onlara verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********06 saylı reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, eləcə də həmin torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə tərtib olunmuş A№895211 saylı “torpaq sahəsinin planı və ölçüsü" sənədinin düzgün olmamasını özündə ehtiva edir, yəni dolayısı ilə iddiaçılar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin qeydiyyatla bağlı hərəkətlərini mübahisələndirmişlər. Çünki onlar onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin məhz özlərinə məxsus olmasını iddia edirlər. Bu isə açıq-aşkar Dövlət tərəfindən ona verilmiş hüquqi sənədin həqiqəti əks etdirmədiyinə, düzgün olmamasına və ya saxta olmasına işarədir. Buna gora də hesab edir ki, ona ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********06 saylı reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın qanuniliyi və əsaslılığı aidiyyəti məhkəmə qaydasında yoxlanılıb hüquqi qiymət verilmədən hazırki mübahisəyə baxılması və obyektiv yekun məhkəmə qərarının qəbul edilməsi düzgün deyildir. Hesab edir ki, hazırki iddia tələbinin hüquqi təbiətnə diqqət yetirməklə onun mülki-hüquqi və ya inzibati-hüquqi olmasını müəyyənləşdirmək lazımdır. Çünki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi olmasından asılıdır. Qeyd olunmalıdır ki, məhkəmə aidiyyəti həll edilərkən, iik növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir, iddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həli olunmalıdır. Qeyd olunmalıdır ki, hazırki mübahisənin əsas mahiyyəti inzibati orqan tərəfindən verilmiş Çıxarışın və həmin Çıxarışa əlavə edilən torpağın plan sənədinin qanunsuz sayılmasını özündə ehtiva etməkdədir. İddiaçılar plan sənədinin düzgün işlənmədiyini, bunun əsasında Çıxarışın düzgün olmadığını iddia edirlər.Buna görə də hesab edir ki, çıxarışın etibarsızlığı və plan sənədinin qanunsuz işlənməsi (qeydiyyat proseduru ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuzluğu) barədə hazırki iddia inzibati hüquq münasibətlərindən irəli gələn mübahisədir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, Vəkil iddianı qəbul etməyib bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisi vaxtında məhkəmə iclasına gəlməmiş və buna görə də, peşə fəaliyyəti ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinə getmək məcburiyyətində qalmış, həmin ərəfədə mütəxəssis məhkəmə iclasına gəlmiş, sonuncu onun iştirakı olmadan dindirilmiş, onun da mütəxəssisə verməli sualları olmuş, mütəxəssis rəyinə əsasən qərarın çıxarılması yolverilməzdir və buna görə də cavabdehlə özü məhkəmə iclasını təxirə salınmasını xahiş edir. Məhkəmə mütəxəssisin onun iştirakı olmadan dindirlməsi və məhkəmə iclasının təxirə salınması ilə bağlı cavabdehin nümayəndəsinin göstərdikləri ilə bağlı qeyd edir ki, mütəxəssis rəyi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olduqdan sonra, həmin rəy məhkəmə elektron sisteminə daxil olunmuş və 2-ci məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Həmin məhkəmə iclasında Vəkil etibarnamə ilə vəkil orderini məhkəməyə təqdim edib məhkəmə iclasında cavabdehi təmsil edəcəyini bildirmişdir. Mütəxəssis rəyi ilə tanış olduqdan sonra, həmin rəydəki bir sıra anlaşılmazlıqların aradan qaldırılması məqsədilə müətəxəssisin məhkəmə iclasına dəvət olunması qərara alınaraq, məhkəmə baxışı iclası 3-cü dəfə, xx.xx.2024-cü il tarixə, saat 15.30-a təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı1lə cavabdehin nümayəndəsi vaxtında məhkəmə iclasında olsalar da, mütəxəssis, olmamışdır. Buna görə də mütəxəssislə telefon vasitəsilə əlaqə saxlanılmış və sonuncu bildirmişdir ki, başqa bir məhkəmənin tapşırığına əsasən səhər tezdən Lerik rayonundadır, oradakı işi vaxtında qurtara bilməyib, bir saata həmin işi tamalayaraq Lənkəran Rayon Məhkəməsinə gələcəkdir. Bunu bilən cavabdehin nümayəndəsi bildirmişdir ki, o, mütəxəssisi bir saat gözləyə bilməyəcək, onun Lənkəran Ağır Cinayətlər Məhkəməsində işi vardır. Bundan sonra belə qərara alınmışdır ki, mütəxəssis gəldikdən sonra rəydəki anlaşılmazlıqlarla əlaqədar o, dindirilsin, onun verdiyi izahat sonradan cavabdehin nümayəndəsinə elan olunsun. Məhkəmə, müətəxəssis gəldikdən sonra, saat 16.47-də ***-***-**-** mobil nömrədən cavabdehin nümayəndəsinin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, sonuncu telefonunu açmamış, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclası sonuncu, yəni 3-cü iclas olduğu üçün mütəxəssisi onun iştirakı olmadan dindirmiş və məhkəmə iclasına fasilə vermiş, saat 17.27-də Vəkil məhkəmə iclasına gəlmiş və məhkəmə iclası davam etdirilərək mütəxəssisin verdiyi izahat ona elan olunmuşdur. Lakin o, mütəxəssisi onun iştirakı olmadan dindirildiyini, eləcə də cavbabdehin məhkəmə iclasını təxirə salınmasını xahiş etdiyini bildirib məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə onun vəsatətini təmin etməmişdir. Çünki, MPM-nin 188.3-cü maddəsinə əsasən işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasını təxirə salınmasını xahiş etməsini, qəsdən olaraq məhkəməni yubatmaq kimi qəbul etmişdir. Belə ki, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə lazımi qaydada məlumat verilsə də, sonuncu yalnız bir məhkəmə iclasında işçtirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: JN-185, KOD 80221028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon AİK-nın xx.xx.1999-cu il tarixli 10 nömrəli qərarı ilə Lənkəran rayonu, Vel kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.53 hektar torpaq sahəsi İddiaçı1, X2, İddiaçı3, X5 və X4 mülkiyyətlərinə verilmişdir. ƏMDX DƏDK və Rpublik hüquqi şəxs 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanlandırdığı xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən” adlandırdığı arayışdan görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən, qeydiyyat nömrəsi və tarixi JN-185, xx.xx.2000, ümumi mülkiyyətdə olan 0.53 ha torpaq sahəsi DTXK-nin təqdim etdiyi elektron məlumatlar bazasında qeydiyyata alınmışdır. ƏMDX DƏDK və Publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 iyun 2024-cü il tarixli rəyindən görünür ki:

1. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayonu, Vel kəndi ərazisində yerləşən, JN-185 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı1 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə həmin şəxslərin faktiki istifadələrində olan torpaq sahəsinin üst-üstə düşməsi (iddia olunan hissəsi istisna olmaqla) müəyyən olunmuşdur. Həmin torpaq sahələri arasında konfiqurasiya fərqinin olmaması müəyyən olunmuşdur.

2. Qeyd olunan ərazidə Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********06 reyestr nömrəli Çıxarışla 0,5322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətində olması müəyyən olunmuşdur. Qeyd olunan 0,5322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş bölgü layihəsi ilə həmin konturda yerləşən vətəndaşlara məxsus torpaq sahələrinin faktiki istifadə vəziyyəti fərqlidir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur.

3. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-185 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı1 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********06 reyestr nömrəli Çıxarışla Cavabdeh mülkiyyətində olan 0,5322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi müəyyən olunmuşdur.

4. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-185 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı1 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,049 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli 74380 nömrəli qəbzindən görünür ki, iddiaçı mütəxəssis rəyinə görə ƏMDX DƏDK və Rublik hüquqi şəxs 10 saylı Lənkəran Ərazi İdarəsinin hesabına 95 manat ödəmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluğu planında aşağıdakılar göstərilmişdir: Qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)- 212/2023 nömrəli qətnamənin surətindən və Məhkəmə Ekspertiza Mərkəzinin 10/4845 №li, 24 iyul 2023-cü il tarixli rəyinin surətindən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/4845 №-li, 24 iyul 2023-cü il tarixli rəyi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran- Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 1688/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 10 nömrəli qərarı ilə JN-185 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüuququna dair” Dövlət Aktına əsasən İddiaçı1, Əliyeva (Quliyeva) Bəşirə Ağadədə qızı, İddiaçı3, Xanlarova (Əliyeva) Aytən Zakir qızı və Fətullayeva (Əliyeva) Aysel Zakir qızının kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mülkiyyətlərinə verilmiş 0,53 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri naturada müəyyən edilmiş, sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş, həmin 0,53 ha torpaq sahəsinin 0,049 ha hissəsinin Cavabdeh (cavabdehə aid hissədə torpaq sahəsinin faktiki mülkiyyətçisi) tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin “Çıxarış”nın surətindən görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.5322 hektar torpaq sahəsi cavabdehin adına xüsusi mülkiyyət hüququ əsasında Dövlət qeydiyyatına alınmışdır. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi Lənkəran Vəkil Bürosuna ünvanlanmış Mamusta Ailə və Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 111 nömrəli cavabından görünür ki, cavabdeh xəstə olmaqla Mamusta ASM-də ambulator şəraitində evdə müalicəsini davam etdirir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Məhkəmə hesab edir ki, hazırki mübahisəyə düşgün və obyektiv qiymət verilməsi üçün cavabdehin iddia qarşı məhkəməyə ünvanladığı etirazərizəsi ilə mütəxəssis rəyi müqayisəli şəkildə təhlil edilməlidir. Cavabddeh öz etirazında Lənkəran rayonu, Vel kəndində, mülkiyyətinə 0,5322 ha torpaq sahəsin olduğunu, buna dair ona Dövlət reyestrindən Çıxarış verildiyini, iddiaçıların mübahisələndirdikləri torpaq sahəsinin məhz onun mülkiyyətində olan torpaq sahəsi olduğunu göstərib iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, iddiaçıların mübahisələndirdikləri Lənkəran rayonu, Vel kəndində yerləşən torpaq sahəsinin ölçüsü 0,53 ha olduğu halda, cavabdehin mülkiyyətində olan və Lənkəran rayonu, Vel kəndində yerləşən torpaq sahəsinin ölçüsü fərlidir, yəni 0,5322 ha.dır. Həmin torpaq sahələrinin fərqli-fərqli torpaq sahələri olmaları mütəxəssis rəyində də öz əksini tapmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli mütəxəssi rəyi və ona əlavə edilmiş yerquruluğu planından aydın görünür ki, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin cizgiləri qirmızı rənglə, cavabdehin mülkiyyətində olan torpaq sahəsi isə yaşıl rənglə işarələnməklə həmin torpaq sahələri bir-birinə münasibətdə qonşuluqda yerləşirlər. Həmin torpaq sahələrinə ayrıayrılıqda “Dövlət Aktı”, və “Çıxarış” verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin, iddiaçılar tərəfindən mübahisələndirlən torpaq sahəsinin ona məxsus olmasına dair etirazında göstərdiyi dəlillər əsassızdır. Məhkəmə eləcə də hesab edir ki, mütəxəssisin rəyinə mütəxəssis Qiyas Quliyevin məhkəmə iclasında verdiyi izahatı ilə aydınlıq gətirilməlidir. Mütəxəssis rəyinin 1-ci bəndində göstərmişdir ki, “... Lənkəran rayonu, Vel kəndi ərazisində yerləşən ... İddiaçı1 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə həmin şəxslərin faktiki istifadələrində olan torpaq sahəsinin üstüstə düşməsi (iddia olunan hissəsi istisna olmaqla) müəyyən olunmuşdur. Həmin torpaq sahələri arasında konfiqurasiya fərqinin olmaması müəyyən olunmuşdur. Həmin bəndə aydınlıq gətirərək mütəxəssis bildirmişdir ki, iddiaçılar mülkiyyətlərində olan 0,53 ha torpaq sahəsindən qanunla müəyyən olunmuş cizgilər, konturlar daxilində istifadə edirlər. İddia olunan hissə istisna olmaqla dedikdə iddiaçıların mülkiyyətlərində olan, lakin cavabdeh tərəfindən istifadə olunan hissə nəzərdə tutulur. Mütəxəssis rəyinin 2-ci bəndində, cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı qeyd edilmişdir ki, “.... Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş bölgü layihəsi ilə həmin konturda yerləşən vətəndaşlara məxsus torpaq sahələrinin faktiki istifadə vəziyyəti fərqlidir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur.” Həmin bəndə aydınlıq gətirərək mütəxəssis bildirmişdir ki, əslində cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsünə uyğun olaraq 0,5322 ha. ölçüdə torpaq sahəsindən istifadə edir. Lakin, onun faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin konturları ilə sənədi üzrə göstərilmiş konturlar fərqlidir. Cavabdeh ölçüsü saxlanılmaqla sənəddə göstərilən konturlardan fərli konturlarda torpaq sahəsindən istifadə edir. Mütəxəssis rəyinin 3-cü bəndində qeyd edilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-185 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı1 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli və **********06 reyestr nömrəli Çıxarışla Cavabdeh mülkiyyətində olan 0,5322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının üstüstə düşməməsi müəyyən olunmuşdur. Mütəxəssis bu bəndə aydınlıq gətirərək bildirmişdir ki, sənəd üzrə tərəflərin torpaq sahələrinin konturlarının hər biri ayrı-ayrılıqda üst-üstə düşür. Lakin, cavabdeh faktiki olaraq, yerində, sənəddə göstərilmiş konturdan fərqli konturda torpaq sahəsindən istifadə etdiyindən, onun həmin istifadə etdiyi torpaq sahəsinin bir hissəsi olan 0,049 ha hissəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında yerləşir. Bunu o, öz rəyinin 4cü bəndində də qeyd etmişdir. Mütəxəssis rəyinin yerquruluğu planı çəkilmiş hissəsinin aşağında, “Qeyd” kimi göstərilmiş “Bu yerquruluğu planı hüquların dövlət qeydiyyatınas alınması üçün əsas deyildir” yazısına aydınlıq gətirərk mütəxəssis bildirmişdir ki, əslində həmin yazıların movcudluğu, iddiaçılar tərəfindən “Dövlət Akt”ının “Çıxarış”la əvəz edildiyi zaman “Dövlət Aktı”nda göstərilmiş cizgilərin dəyişdirilməsi üçün əsas deyildir. İddiaçıların “Dövlət Aktı”nda göstərilmiş cizgilər, onlara “Çıxarış” veriləcəyi halda orada olduğu kimi qeyd ediləcəkdir. Onlar həmin yazını yazmaqla tərəfə və məhkəməyə məlumat verir ki, yalnız yerquruluğu planının mövcudluğu, hüquların dövlət qeydiyyatınas alınması üçün əsas deyildir. Bunun üçün tərəfin hüquq müəyyənedici (hüquq verici) sənədi də olmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, mütəxəssis rəyi ekspert rəyinə bərabər tutula bilməz və buna görə də mütəxəssis rəyinə istinad edilməsi düzgün deyildir. Bu fikirlə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4845 nömrəli ekspert rəyinin surətindən görünür ki, JN-185 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüuququna dair” Dövlət Aktına əsasən İddiaçı1, Əliyeva (Quliyeva) Bəşirə Ağadədə qızı, İddiaçı3, Xanlarova (Əliyeva) Aytən Zakir qızı və Fətullayeva (Əliyeva) Aysel Zakir qızının kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mülkiyyətlərinə verilmiş 0,53 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri naturada müəyyən edilmiş, sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş, həmin 0,53 ha torpaq sahəsinin 0,049 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Qeyd olunan 0,53 ha torpaq sahəsinin 0,049 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu yuxarıda qeyd olunmuş və qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-212/2023 nömrəli qətnaməsində də öz əksini tapmışdır. Əslində bu hal, MPM-nin 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə mütəxəssis rəyi alınmadan iddianın qismən təmin olunması üçün əsasdır. Lakin, cavabdeh, iddiaçıların iddia etdikləri torpaq sahəsinin əslində onun mülkiyyəti olduğunu, hər iki torpaq sahəsinin Lənkəran rayonu Vel kəndində olmaqla ölçülərinin demək olar ki, eyni olduğunu nəzərə alıb həmin məsələlərə aydınlıq gətirmək məqsədilə məhkəmə hazırki iş üzrə mütəxəssis rəyini almış, həmin rəyi aldıqdan sonra yuxarılda qeyd olunmuş məsələlərə aydınlıq gəlmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı – hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüquqlarının olması qanunla müəyyən olunur. Bu hal öz əksini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-ci maddəsinin 1-ci bəndində tapmışdır.

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli – yuxarıda istinad olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4845 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, cavabdehin faktiki istifadəsində olan 0,049 ha torpaq sahəsi iddiaçıların mülkiyyətlərinə aid olan 0.53 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli – yuxarıda qeyd olunan ekspert rəyindən görünür ki, iddiaçıların mülkiyyətlərində olan 0.53 ha torpaq sahəsi kimi iddia etdikləri torpaq sahəsinin 0,049 ha hissəsi cavabdehin sahibliyindədir.

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – cavabdehin mübahisəli torpaq sahəsinidən qanunla müəyyən edilimiş əsaslarla istifadə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsində sahibliyi və istifadəsi qanunsuzdur. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.

5. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur. 6 .Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, bununla əlaqədar tərəflər məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan, qanunla iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin 0,049 ha hissəsi cavabdehin qanunsuz istifadəsindən alınmalı və həmin torpaq sahəsi iddiaçılara təhvil verilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mərsəfləri ilə əlaqdar məhkəmə qeyd edir ki, torpaq sahəsinin inventarlaşmasına görə iddiaçı tərəfindən ödənilmiş 95 manat mütəxəssis xərci cavabehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıların iddia etdikləri 0,53 ha torpaq sahəsinin 0,049 ha hissəsi cavabdehin qanunsuz sahibliyindən azad edilməli və həmin hissə iddiaçılara təhvil verilməli, torpaq sahəsinin inventarlaşına dair iddiaçı tərəfindən ödənilmiş 95 manat ekspertiza xərci cavabehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya verilməlidir.

NƏTİCƏ HİSSƏ:

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. İddiaçıların Lənkəran rayonu, Vel kəndində mülkiyyətlərində olan 0,53 ha torpaq sahəsinin 0,049 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən boşaldılaraq iddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Torpaq sahəsinin inventarlaşmasına görə iddiaçı tərəfindən ödənilmiş 95 manat ekspertiza xərci cavabeh Cavabdeh aid edilsin və sonuncudan tutularaq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar