Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1218/2023 27.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh oglunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borc pul və maddi ziyan» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.200 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq “iddia tələbinin həcminin artırılması”na dair məhkəməyə ərizə təqdim edərək, 2.200 manat məbləğində yaranmış borc pulun, 3.700 manat məbləğində dəymiş maddi ziyanın və 42 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddaçı İddiaçı etibarından suiistifadə edərək onu aldatmışdır. Belə ki, Cavabdeh iddiaçının həyat yoldaşı X1 bibisi oğludur və əvvəllər onuların qohum kimi münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin yanvar ayında Hüseynov X3 rayonu, Qumbaşı kəndində fermada işləyirdi. Həmin ərəfələrdə inək almaq istədiyini ona bildirmişdir. Cavabdeh ona inək almağına köməklik göstərəcəyini bildirərək, telefonunda olan 2 ədəd inəyin şəklini ona göstərmişdir. Həmin şəkildə görmüş olduğı inəklərin qarnında balası olmuşdur. İddiaçı onunla şifahi razılığa gələrək inəkləri almaqdan ötrü ona 2200 (iki min iki yüz) manat pul ödəmişdir. Qış ayları olduğundan Cavabdeh ona bildirmişdir ki, inəklər fermada qalmalıdır və İddiaçı həmin inəkləri yalnız yaz aylarında təhvil ala bilər. Bir müddət keçdikdən sonra Cavabdeh ona, bildirmişdir ki, inəklər artıq bala vermişdir. İddiaçı onun evində qonaq olduğumu zaman inəkləri artıq götürmək istədiyini bildirdikdə Elvinin atası Cəlil ona bildirmişdir ki, inəklər itmişdir. Elvin isə ona demişdir ki, həmin inəkləri tapıb təhvil verəcəkdir. Hal-hazırda iddaçıya məlum olmuşdur ki, Cavabdeh onu yalan məlumat verərək inəkləri fermadan alacağını bildirsə də onları ümumiyyətlə almamışdır. O, iddiaçıdan aldığı 2200 (iki min iki yüz) manat pulu bilərəkdən mənimsəmişdir və bu günə qədər də həmin pulu ona ödəməkdən boyun qaçırır. Bu hadisədən sonra iddiaçı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasnda izahatlar alınaraq 23 avqust 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı məhkəmə iclasında işirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh inəklərin satışı ilə əlaqədar ondan aldığı 2.200 manatdan ona hal hazıradək bir dəfə təxminən 1 il əvvəl 200 manat, ondan təxminən 2 ay sonra da 100 manat olmaqla, ümumilikdə 300 manat pul qaytarmışdır. Üstəlik 2 baş inək cavabdeh tərəfindən ona 2 il əvvəl vaxtında təhvil verilsəydi həmin inəklər hazıradək 4 bala verəcəkdi, həmin 4 inək balasının hərəsinin təxminən 85 kq. ətini qiymətini hesabladıqda 3.700 manat pul edir. Üstəlik də həmin inəklərdən süd də sağaraq gəlir əldə edə bilərdi. Buna görə də cavabdehdən 3.700 manat maddi ziyanı tələb edir. İddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Hüseynov vin Cəlil oğlu məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən eriraf edərək bildirmişdir ki, o, 2021-ci ildə iddiaçıya özünə məxsus olan 2 baş inəyi satmışdır. İnəklərin pulunu 2.200 manata razılamışlar. İddiaçı hissə-hissə həmin məbləği ona ödəmişdir. İddiaçı inəklərin puluna dair sonuncu 100 manat məbləğində ödənişi ona 2021-ci ilin noyabr ayında etmişdir. Bundan sonra iddiaçıya dəfələrlə bildirmişdir ki, inəklərini aparsı, lakin iddiaçı isə ondan xahiş etmişdir ki, inəklər bir müddət onda qalsınlar. O, da buna razıaşmışdır və inəkləri özü qulluq edərək, buna xərci də çıxmışdır. Belə ki, o, öz hesabına inəklərə ot və yem almışdı, üstəlik də onların saxlanmasına xeyli əziyyət çəkmişdir. Həmçinin iddiaçıdan aldığı 2.200 manat puldan hal hazıradək bir dəfə 200, bir dəfə 100 manat olmaqla, ümumilikdə 300 manat pulu qaytarmışdır. Ona hal hazırda 1.900 manat borcu qalmışdır. İnəklər satıldığından və öldüyündən onları iddiaçıya təhvil verə bilmir. İddia tələbinin 1.900 manat məbləğində qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Lənkəran Rayon Polisi Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis başleytenantı Emil Nurizadənin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 avgust 2022-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, material üzrə Cavabdeh izahatı alınarkən o, bildirmişdir ki, İddiaçı ona inək almaq istədiyini bildirmişdir və o, da həmin vaxt inək satdığını bildirmişdir. Həmin gün Anar həyat yoldaşı ilə birlikdə inəklərə baxmış və və inəkləri 2.200 manata almaq barədə razılığa glmişlər. Bundan sonra Anar ümumilikdə 2.200 manat olmaqla hissə-hissə ödəniş etmiş və inəkləri gəlib aparacağını bildirmişdir. Sonradan Anar gəlib inəkləri aparmamış, inəklərdən biri ölmüş, digərini isə pula ehtiyacı olduğu üçün Masallı rayonunda “Mal bazarı”nda 1.000 manata satmışdır. İş materiallarrına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi vermək üçün 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və eyni zamanda həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satğı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İşin faktiriki hallarından müəyyən edilir ki, cavabdehlə iddiaçı arasında müvafiq olaraq şifahi qaydada əqd bağlanmışdır. Bu əqdə əsasən, qarşılıqlı öhdəlikləri yaranmışdır. Yaranmış öhdəliyə əsasən, iddiaçı tərəfindən cavabdehə 2.200 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh isə öhdəliyini icra etməmişdir. Sonradan həmin vəsaitdən 300 manat pul məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya qaytarıldığı işin halları ilə sübuta yetir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.900 (min doqquz yüz) manat alınaraq iddiaçı X2 verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin Məcəlləsinin 238-244, 252, 253, 216-220, 227, 233, 238-245, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.900 (min doqquz yüz) manat pul və 42 (qırx iki) manat dövlət rüsumu, cəmi 1942 (min doqquz yüz qırx iki) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1218/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1218/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver