Məhkəmə qərarları › İş №2(049)-122/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-122/2023

28.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-122/2023 28.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil, Cavabdeh nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək qanuni-mülkiyyətçisinə təhvil verilməsi və s. tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək qanuni-mülkiyyətçisinə təhvil verilməsi və s. tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Lənkəran rayonunun Velədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında xx.xx.2012-ci il tarixdə adına dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi ilə qonşuluqda, bitişik halda Cavabdeh məxsus torpaq sahəsi yerləşir. Cavabdeh həmin torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edərək oradan istifadə etməkdədir. Lakin, cavabdehin inşa etdiyi qeyri-yaşayış obyektinin hasarının yan hissə, təxminən 27 metr uzunluğunda tamamilə onun mülkiyyətində olan torpaq sahəsinin daxilində inşa edilmiş, həmin hasarda çıxıntılı formada beton dirəklər və kondisionerlər quraşdırılmışdır. Bundan əlavə cavabdeh həmin qeyri-yaşayış binasını inşa etdirdiyi zaman mülkiyyətində olan torpaq sahəsinə lazımsız torpaq qalıqları və zibillər atmış, həmçinin əlavə dəmir dirək də basdırmışdır. Bununla bağlı dəfələrlə cavabdehə və kənd icra nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə müraciətlər etsə də, heç bir müsbət nəticə aldə olunmamışdır. Bildirir ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməkdə, eyni zamanda onun da öz mülkiyyətindən istədiyi kimi istifadə etməyinə maneçilik törətməkdə davam edir. Onun bu qanunsuz əməlləri nəticəsində o, öz mülkiyyətindən məhrum olmuşdur. Bu səbəbdən də cavabdehin öz qanunsuz əməllərindən əl çəkmədiyini görüb mülkiyyətçi kimi hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sadalasnları nəzərə alaraq qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012, reyestr nömrəsi **********27 olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Lənkəran rayonunun Velədi kəndində yerləşməklə tam mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, cavabdeh tərəfindən inşa edilmiş qeyriyaşayış obyektinin mülkiyyətindəki torpaq sahəsinin daxilində olan hissəsinin və həmin tikiliyə quraşdırılmış kondisionerlərin və tikilinin arxa divarının ban hissəsinin mülkiyyətində olan torpaq sahəsinə keçən hissəsinin, eləcə də torpaq sahəsinə qanunsuz basdırılmış dəmir dirəyin cavabdehin öz vəsaiti hesabına sökülməklə, həmçinin mülkiyyətimdə olan torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz tökülmüş zibillərin təmizlənməklə torpağın əvvəlki vəziyyətinə qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh yazılı surətdə iddiaya qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçıya məxsus heç bır torpaq sahəsini zəbt etməmiş, qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmışdır. Həmin tikilinin kondiosenerləri və tikilinin arxa divarının ban hissəsi də iddiaçının torpaq sahəsinə keçməmişdir. Orada basdırılmış dəmir dirəyin də ona heç bir aidıyyatı yoxdur. Belə ki, həmin dirək elektrik şəbəkəsi tərəfindən basdırılmışdır. İddiaçıya məxsus torpaq sahəsinə də tərəfindən heç bir zibil tökülməmişdir. Orada olan qum yığımı da asfalt zavod tərəfindən yol salınarkən tökülmüşdür. İddiaçı qərəzli olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı X2 işləməklə həmin limanın rəhbəri olan Anar adlı şəxs vasitəsi ilə mülkiyyətində olan həmin 0,08 ha torpaq sahəsini aralarındakı qarşılıqlı razılığa əsasən 2020-ci ildə 14.000 manata ona satmışdır. Hətta Anar torpağın pulu olan 14.000 manat pulu ondan alaraq torpağın sənədlərinin əslini ona vermiş və bir ay müddətində sənədləşmə işlərini aparacağını bildirmişdir. Həmin müddət tamam olsa da Anar gəlməmiş və bir müddət keçdikdən sonra demişdir ki, torpağın mülkiyyətçisi olan onun işçisi İddiaçı torpağı 14 000 manata deyil, 24 000 manata satmaq istəyir. O, buna etiraz edərək artıq alqı-satqı ilə bağlı danışıqlarının olduğunu və uzun müddətdir ki, torpağın pulunu verdiyini desə də, razılığa gələ bilməmişlər. Buna görə də o, verdiyi pulu onlardan geri tələb etmişdir. Onlar isə pulu geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmağa başlamış, təqribən 3 aydan sonra verdiyi 14.000 manat pulu onlardan geri ala bilmişdir. İddianın əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Lənkəran rayonu Gərmətük Bələdiyyəsi lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat vеrməmişdir. Məhkəmə оnun nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Rеspublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə оnun iştirakı оlmadan baхılmasını mümkün saymışdır. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Lənkəran rayonu Gərmətük Bələdiyyəsinin sədri Rzayev Təmirlan Ağamirsə oğlu göstərmişdir ki, o, 2021-ci ildə bələdiyyənin sədri seçilmişdir. Cavabdeh fermer və sahibkardır. Cavabdehin hazırda faktiki istifadəsində olan torpaq sahəsinin bir qismi uzun ilərdir ki, onun istifadəsindədir. Həmin torpaq sahəsi 0,06 ha hissəsi bələdiyyənin mülkiyyətindədir. Onun 0,06 ha torpaq sahəsinə dair sənəd yoxdur. Həmin 0,06 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsa da, 2014-cü ildə onun əvvəlki sahibi Arifə Rzayevaya müvafiq sənəd verilmiş, torpağa görə dövlət rüsumu ödənilmiş, lakin onun satılmasına dair qərar verilməmişdir. Hazırda elektron qayda sənəd qəbul olunmadığından özü həmin torpaq sahəsinə sənəd verə bilmir. Dövlət tərəfindən sənəd elektron qaydad qəbul olunmalı, sonra qərar verilməlidir. Dəfələrlə cavabdeh bələdiyyəyə müraciət etsə də, onun adına qərar vermək mümkün olmamışdır. Hazırda da torpaq sahəsi cavabdehin istifadəsindədir və bələdiyyə buna etiraz etmir. Cavabdehin istifadəsinbdə olan torpaq sahəsinin digər hissəsi cavabdehin mülkiyyətindədir və bu barədə onun rəsmi sənədi də vardır. Əlavə olaraq bildirmişdir ki, kənd təsərüfatı təyinatlı torpaqlarda ev tikmək üçün sənəd verilmir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclasa gəlmiş proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışından görünür ki, Lənkəran rayonunun Velədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında xx.xx.2012-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012, reyestr nömrəsi **********27 olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonunun Velədi kəndində yerləşir 0,08 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan və faktiki olaraq onun tərəfindən istifadə olunan torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış obyekti ayrı-ayrılıqda ölçülərək hər bir hüquqi sənəd üzrə ölçülər rəydə göstəriiməkiə faktiki olaraq yerində müəyyənləşdirilmişdir. Araşdırma zamanı tərəflərin mülkiyyətlərində olan həmin torpaq sahələrinin hər birinin hüquqi sənədlər üzrə ölçüləri ilə faktiki vəziyyətdə olan ölçülərinin üst-üstə düşməsi müəyyən olundu. Eyni zamanda Cavabdeh istifadəsində olan sözügedən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən olundu. Tədqiqat obyektinə baxış zamanı aydın oldu ki, mülki işin əsas mübahisə predmeti İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin sərhədində Cavabdeh tərəfindən inşa olunan qeyri- yaşayış tikilisinin dam çıxıntısı və həmin qeyri-yaşayış tikilisinə cavabdeh tərəfindən quraşdırılan kondisionerlərin olmasıdır. Qeyd olunan tikili, qurğuların şəhərsalma və tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyyənləşdirmək mütəxəssisin imkanı xaricindədir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı mütəxəssis rəyinin verilməsi üçün DƏDRX-nin 10 saylı lənkəran Əİ-nin hesabına 95 manat pul ödəmişdir. Məhkəmə mübahisəli yerə xx.xx.2023-cü il tarixdə yerində baxış keçirmiş və baxış nəticəsində müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı ilə aralarında olan torpaq sahələri arasındakı sərhədin üstündə mişar daşından inşa edilmiş divarın başlanğıcı ilə divarın sonu, hüquqi sənədlər üzrə ölçüləri ilə faktiki vəziyyətdə olan ölçülərlə üst-üstə düşür. Yəni, qeyri-yaşayış sahəsinin divarının başlanğıcı (bir tini) ilə divarın sonu (digər tini), hüquqi sənəddə göstərilmiş koordinatlarla üst-üstə düşür. Lakin, divar düz xətt üzrə çəkilsə də, həmin divarın tayanıqlığını, sabitliyini, tamlığını qorumaq məqsədilə divarda çıxıntılı sütunlar inşa edilmişdir. Belə ki, cavabdehin tərəfindən inşa edildiyi iddia olunan həmin divarda, iddiaçının torpaq sahəsinin hüdudlarına daxil olan divarı saxlayan (möhkəmlədən) 18 x 40 sm. ölcüdə 7 ədəd sütun vardır. Qeyd olunan divardan iddiaçının torpaq sahəsinə tərəf, qeyri–yaşayış sahəsinin təxminən 2-3 metr hündürlükdə, 40 sm. keçməklə 6 ədəd kondisioner yerlədirilmiş, 50 sm. hündürlükdə, divarla paralel, divara bitişik halda, iddiaçının torpaq sahəsinin hüdudlarında plastik borular vasitəsilə iddiaçının bildirdiyinə görə kanalizasiya xətti çəkilmişdir, əvvəli divarın aşağı hissəsi, sonrası isə kanalizasiya borusunu üstü ilə kabel xətti çəkilmişdir. Divar və ona bitişik sütunlar suvaqlanmışdır. Divardada havalandırma sistemi üçün nəzərdə tutlmuş dəlik vardır. Qeyri yaşayış sahəsinin dam örtüyü, eləcə də atmosfer yağıntılarının ötürülməsi üçün nəzərdə tutulmuş novca, ümumilikdə 43 sm. ölçüdə çıxıntı iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarına keçmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəmir dirəyin iddiaçının torpaq sahəsi hüdudlarından kənarda basdırıldığı aşkar edildi. İddiaçının torpaq sahəsinin bir hissəsini böyürtkən kolları basmış, torpaq sahəsində zibil aşkar edilməmişdir. Məhkəmə mübahisəli yerə təkrar olaraq xx.xx.2023-cü il tarixdə yerində baxış keçirmiş və baxış nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının torpaq sahəsinin hüdudlarına daxil olan divarı saxlayan (möhkəmlədən) 18 x 40 sm. ölcüdə 7 ədəd sütunda yalnız biri cabadeh tərəfdə inşa edilmişdir. Digərləri isə aşkar edilməmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçının torpaq sahəsini daxil olan və divarı saxlayan (möhkəmlədən) 18 x 40 sm. ölcüdə 7 ədəd sütundan, 06 ədədi bir mişar daşı ölçüsündə divara bərabər kəsilərək, həmin kəsilmiş hissə ilə plastmas boruları ilə kanalizasiya xətti, eləcə də divarın üstü ilə kabel xətti çəkilmiş, həmin kabel dörd künc meldan hazırlanmış elektrik dirəyinə quraşdırılmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2884 saylı ekspert rəyindən və ekspertiza xərclərinə dair bildirşdən görünür ki, Lənkəran rayonu, Velədi kəndində RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi arasındakı sərhəddə inşa edilmiş qeyri-yaşayış binasının divarındakı 07 ədəd sütunun həmin divarın tərkib hissəsi olmasını, hörgü zamanı həmin sütunun daşlarının ümumi divarın daşları ilə bağlantılı şəkildə hörüldüyünü, sütunların divarın dayanıqlılığını təmin etmək məqsədi ilə inşa edildiyini nəzərə alaraq həmin sütunların iddiaçının torpaq sahəsinə keçən hissəsi sökülən zaman divarın dayanıqlılığının pozulacağı müəyyən edilir. Eyni zamanda yuxarıda qeyd olunanları və torpaq sahələrinin bir birinə bitişik yerləşməsini nəzərə alaraq, 07 ədəd sütünunun iddiaçının torpaq sahəsinə keçən hissəsinin söküləcəyi təqdirdə divarın dayanıqlığını, iddiaçının torpaq sahəsinin hüdudlarını pozmadan, alternativ formada möhkəmləndirməyin mümkün olmadığı müəyyən edilir. Kondisionerlərin və ya hər hansı digər qurğuların quraşdırılma yerinin müəyyən edilməsi məsələsi tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Bu səbəbdən də həmin məsələ üzrə tədqiqat aparılmamışdır. Cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin planlı yerləşməsini, kanalizasiya xəttinin giriş hissəsinin cavabdehin istifadəsində olan hissədə yerləşməsini nəzərə alaraq, əlavə tikinti işləri aparılmaqla sözügedən kanalizasiya xəttinin və kabelin cavabdehin istifadəsində olan sahədən quraşdırılması texniki cəhətdən mümkündür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə atmosfer yağıntılarının axmaması üçün cavabdehə məxsus qeyri-yaşayış sahəsinin damının kənarlarına novalça quraşdırılmışdır. Lakin həmin novalçanın bir ədəd çıxış borusu iddiaçının torpaq sahəsi istiqamətində quraşdırılmışdır. Həmin çıxış borusunun yerini ləğv etməklə atmosfer yağıntılarının İddiaçı mülkiyyətində olan torpaq sahəsinə axmasının qarşısını almaq texniki cəhətdən mümkündür. Novçadan axan atmosfer yağıntılar İddiaçı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını pozub-pozmaması məsələsinin müəyyən olunması hüquqi xarakterli olmaqla ekspertizanın predmetinə aid deyildir. Ekspertiza xərci 100 manat təşkil eləyir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və notarial qaydada təsdiq edilməmiş sənədləri sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənədlər və materiallardır. Qeyd olunan Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədlərin yalnız bir hissəsi aiddirsə, belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlarla və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Azərbaycan Respublikası Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunun hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd olunan 157.8-ci maddəsi ilə bağlı qeyd edir ki, cavabdehin nümayəndəsi mübahisələndirlən hasarın cavabdehin mülkiyyətində olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməsə də, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehin həmin hasarın materiallarına mülkliyyət hüququ olmaqla ona sahiblik edir. Hasar cavabdehə məxsus torpaq sahəsinə bitişik bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində inşa edilsə də, bələdiyyə buna etiraz etməmiş, bununla da həmin hasara münasibətdə cavabdehə sahiblik hüququnu həyata keçirməsinə mane olmamışdır. Cavabdeh həmin hasara sahiblik hüququnu həyata keçirdiyindən Mülki Məcəllənin 157.8ci maddəsinə əsasən mülkiyyətçi hüquqları da ona şamil edilir. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə qeyd edir ki, şərh olunan maddədə hədsiz təsir anlayışı açıqlanır və təsirlə mümkün dərəcəsi müəyyənləşdirilir. Belə konkretləşdirmənin hüquqi əhəmiyyəti ondadır ki, mümkünlük həddində olan təsirlərə qonşu dözməlidir. Qonşuya gedən qaz buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və digər oxşar amillərin yaratdığı təsirlər aşağıdakı hallarda yolverilən (dözümlü) hesab edilirlər; 1) qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətmədikdə; 2) qonşunun hüququnu əhəmiyyətsiz dərəcədə pozduqda. Göründüyü kimi, bu iki halda qonşunun hüququnun əhəmiyyətsiz dərəcədə pozulmasına yol verilir. Lakin bir sıra hallarda qonşunun əhəmiyyətli təsirlərə də dözmək vəzifəsi nəzərdə tulmuşdur. Belə ki, təsir qonşunun öz əmlakından adi istifadəsi nəticəsində yaranırsa və onun qarşısına normal təsərrüfat fəaliyyəti tədbirləri ilə almaq mümkün olmursa təsir əhəmiyyətli olsa belə qonşu ona dözməlidir. Lakin belə təsirin adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşarsa, təsirə məruz qalan qonşu pul şəklində müvafıq kompensasiya tələb edə bilər. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Qeyd olunan nörmaların məzmunundan göründüyü kimi, qonşu mülkiyyətçilər öz mülkiyyət hüquqlarını həyata keçirərkən qonşu mülkiyyətinə hədsiz təsirlərə yol verməməlidirlər. Məsələn, hazırki mübahisə üzrə cavabdeh öz obyektindən istifadə etdiyi zamanı cirkab və kanalizasia xəttindən axıdılan suların iddiaçının həyətyanı torpaq sahəsinə axıdılmasına yol verməməlidir. Ümumiyyətlə, qonşu mülkiyyətinə hər cür ziyanlı, torpağın mövqeyinə və xarakteristikasma zidd təsirlər qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 177.2.Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 177.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 177.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Qonşu torpaq sahələrinin mülkiyyətçiləri, qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qazıntı işləri aparan mülkiyyətçi torpağı qonşu torpaq sahəsinə kürüməməli, tikinti işləri apararkən qonşu sahənin sərhədlərini pozmamalı, qonşu sahəsinə çıxıntılı binalar tikməməlidir. Bütün bu pozuntulara görə şərh olunan maddədə müəyyən hüquqi nəticələr nəzərdə tutulmuşdur. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. Öz torpaq sahəsində yaşayış evi, qeyri-yaşayış sahəsi vcə s. tikən mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi etiraz etməzsə ağır məsrəflər hesabına başa gələn bina tikilib istifadəyə verdildikdən sonra, onun sökülməsini tələb etmək ədalətsiz olardı. Buna görə də şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, belə halda sərhədi pozulmuş qonşu müəyyən pul kompensasiyası almaqla həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu isə hər il belə kompensasıya ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, qonşuluq hüququnu pozmaqla digər qonşunun torpaq sahəsinin sərhədlərini pozmaqla tikilən binalar haqqında məlumat öz əksini Mülki Məcəllənin 173-ci maddəsində tapmışdır. Belə ki, həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Yəni, başqasının torpaq sahəsinə, onun hava məkanına keçən çıxıntılı olan binalar və qurğular çıxıntılı binalar və çıxıntılı qurğular hesab olunurlar. Belə binalar və qurğular öz çıxıntıları ilə başqa daşınmaz əmlakın mülkiyyətçisinin hüquqlarına toxunduğuna görə şərh olunan maddədə onlarla bağlı münasibətlər tənzimlənir. Hər şeydən əvvəl başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və qurğular, yerləşdikləri torpaq sahəsinin mülkiyyətçisinə mənsubdursa, həmin torpaq sahəsinin tərkib hissəsi hesab olunurlar. Başqa daşınmaz əmlaka keçən çıxıntılar üst tikili adlanır. Belə üst tikililərlə, həmin daşınmaz əmlakın mülkiyyətçisi razılaşarsa, çıxıntılı binaların və ya qurğuların mülkiyyətçisi mahiyyətcə onun torpaq sahəsindən istifadə etmiş olur. Buna görə də şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Servitut özgəsinin daşınmaz əmlakından məhdud istifadə hüququnu ehtiva edir.. Nəzərə almaq lazımdır ki, maddədə söhbət mövcud olan çıxıntılı binalardan və digər qurğulardan gedir. Mövcud olan çıxıntılı binalarla bağlı hüququ pozulmuş şəxs üst tikili şəklində olan çıxıntıya qarşı etirazını bildirə billər, yaxud bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Heç bir zərurətdən doğmayan əsassız çıxıntı qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Lakin əsassız çıxıntıya qarşı hüququna toxunulmuş şəxs, bunu bilsə də vaxtında etiraz etməzsə həmin üst tilini ucaldan şəxsə bu tikili üzərində müvafiq hüquq verilə bilər. Bunun üçün həmin üst tikintinin mövcudluğuna haqq qazandıran əsasların olması və onu tikmiş mülkiyyətçinin hüququna toxunulmuş mülkiyyətçiyə ağlabatan əvəz ödəməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, torpaq sahəsinin mülkiyyətçisinin öz sahəsini hasarlamaq hüququ vardır. Mülkiyyətçi belə hasarı öz torpaq sahəsindən çəkdiyindən onun xərclərini də özü çəkməlidir. Beləliklə, mülkiyyətçinin öz təşəbbüsü ilə çəkdiyi belə hasar onun mülkiyyət hüququnun tərkib hissəsi olur, iki torpaq sahəsinin hüdudlarını müəyyən edən mərz, həmin sahələrin arasından barı və başqa qurğu şəklində çəkilə bilər. Buna görə də hər iki torpaq sahəsinin mülkiyyətçiləri həmin mərzdən istifadə etməkdə bərabər hüquqlara malikdirlər. Mərzin çəkilməsi və istifadəsi ilə bağlı xərcləri hər iki mülkiyyətçi öz mənafeyinə mütənasib sıırətdə ödəyir. Mərzdən istifadə qonşuya maneçilik törətməməlidir. Zəruri olduqda torpaq sahəsinin mülkiyyətçisi qonşu mülkiyyətçidən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilişinin xərcləri tərəflərin razılaşması əsasında ödənilir. Mərzin saxlanmasında maraqlı olan tərəfin razılığı olmadan onun uçurulmasına və dəyişdirilməsinə yol verilmir. Mərz çəkilişi torpaq sahələri arasında dəqiq sərhədi müəyyən etmək məqsədi güdür. Qonşu torpaqların dəqiq sərhədini müəyyən etmək mümkün olmazsa, mərz həmin torpaq sahələrindən qonşuların faktik istifadə etdikləri sahələri nəzərə almaqla çəkilir. Bu da mümkün olmazsa mübahisəli ərazi qonşu mülkiyyətçilər arasında bərabər bölüşdürülür. Bu məsələnin həllində yaranan mübahisə məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bir neçə hissədən ibarətdir. Onun tələbləri aşağıdakılardır: 1-ci tələb: **********, qeydiyyat tarixi xx.xx.2012, reyestr nömrəsi **********27 olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Lənkəran rayonunun Velədi kəndində yerləşməklə tam mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, cavabdeh tərəfindən inşa edilmiş qeyriyaşayış obyektinin mülkiyyətindəki torpaq sahəsinin daxilində olan hissəsinin öz vəsaiti hesabına sökülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılması; 2-ci tələb: Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinə quraşdırılmış kondisionerlərin və tikilinin arxa divarının ban hissəsinin mülkiyyətində olan torpaq sahəsinə keçən hissəsinin öz vəsaiti hesabına sökülməsi; 3-cü tələb: Cavabdeh tərəfindən torpaq sahəsinə qanunsuz basdırılmış dəmir dirəyin cavabdehin öz vəsaiti hesabına sökülməklə, torpağın əvvəlki vəziyyətinə qaytarılması; 4-cü tələb: Mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz tökülmüş zibillərin təmizlənməklə torpağın əvvəlki vəziyyətinə qaytarılmasıdır. Məhkəmə yuxarıda qeyd olunmuş normaları müqayisəli şəkildə təhlil edib hazırki mübahisəyə tətbiq edərək qeyd edir ki, məhkəmə iclasında msüəyyən olundu ki, cavabdeh iddiaçı ilə torpaq sahələrini birini digərindən ayıran mişar daşından hasar inşa etdirmişdir. Həmim hasarın əsas hissəsi (çıxıntıları olmayan divar hissəsi) iddiaçının torpaq sahəsi ilə olan sərhədi pozmadan, cavabdehin öz istifadəsində olan və bələdiyyəyə məxsus torpaq sahəsinin hüdudlarında çəkilmişdir. Bələdiyyə həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadəsinə etiraz etməmişdir. Bununla yanaşı həmin hasarı (divarı) saxlayan (möhkəmlədən) 18 x 40 sm. ölcüdə 7 ədəd sütun iddiaçının torpaq sahəsinin hüdudlarını pozmuşdur. Bu da iddiaçının torpaq sahəsinin hüdudlarının cəmi 50.4 kv.m, yəni 0,00504 ha pozulması deməkdir. Həmin pozuntu iddiaçının mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin heç 1%-ni təşkil eləmir. Bu hal isə onun öz sahəsindən normal istifadə etməsinə mane törətməməklə bərabər onun hüququnu əhəmiyyətsiz dərəcədə pozur. Bunlar isə qonşuluyq hüququnun pozulması deyildir. O, mümkünlük həddində olan təsirlərə dözməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 1-ci tələbi olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012, reyestr nömrəsi **********27 olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Lənkəran rayonunun Velədi kəndində yerləşməklə tam mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, cavabdeh tərəfindən inşa edilmiş qeyriyaşayış obyektinin mülkiyyətindəki torpaq sahəsinin daxilində olan hissəsinin öz vəsaiti hesabına sökülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbi təmin edilməməlidir. İddiaçının 2-ci tələbi olan cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinə quraşdırılmış kondisionerlərin və tikilinin arxa divarının ban hissəsinin mülkiyyətində olan torpaq sahəsinə keçən hissəsinin öz vəsaiti hesabına sökülməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunmuş Mülki Məcəllənin 170-ci maddəsinin məzmununa uyğun olaraq məhkəmə hesab edir ki, həmin kondisionerlərin divarda quraşdırılması iddiaçının hüquqularını əhəmiyyətli dərəcədə pozmur. Çünki, həmin kondisionerlər yer səthindən hündürlükdə quraşdırılmış və iddiaçının torpaq sahəsində hal-hazırda hər hənsı bir tikili inşa edilməmişdir. Hətta onun hüququ əhəmiyyətli dətəcədə pozulsaydı belə, yenə də həmin kondisionerlən sökülməsi üçün əsas olmayacaqdır. Belə ki, qeyd olunan maddəyə əsasən təsir qonşunun öz əmlakından adi istifadəsi nəticəsində yaranırsa və onun qarşısını normal təsərrüfat fəaliyyəti tədbirləri ilə almaq mümkün olmursa təsir əhəmiyyətli olsa belə qonşu ona dözməlidir. Lakin belə təsirin adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşarsa, təsirə məruz qalan qonşu pul şəklində müvafıq kompensasiya tələb edə bilər. Buna görədə məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə də təmin edilməməlidir. İddiaçının 3-cü tələbi olan cavabdeh tərəfindən torpaq sahəsinə qanunsuz basdırılmış dəmir dirəyin cavabdehin öz vəsaiti hesabına sökülməklə, torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsinə yerində baxış keçirilən zaman, iddsiaçının iddia etdiyi dəmir dirəyin onun mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənar basdırıldığı aşkar edilmişdir. Həmin kənarda basdırılmış dirəy iddiaçının torpağına olan mülkiyyət hüquqlarını pozmadığı üçün onun tələbi bu hissədə əsasızdır və təmin edilməməlidir. İddiaçının 4-cü tələbi olan mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz tökülmüş zibillərin təmizlənməklə torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbi də təmin edilməməlidir. Belə ki, iddiaçının torpaq sahəsinə yerində baxış keçirilən zaman hər hansı bir zibilin iddiaçının torpaq sahəsində töküldüyü aşkar olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmçinin Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunan maddi hüquq normalarının məzmunudan da göründüyü kimi buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Belə tikililər müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı əsasında sökülə bilər. Lakin məhkəmə iclasında cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi sahənin hasarının ciddi surətdə pozulmaqla inşa edildiyi aşkar olunmamışdır. Yuxarıda qeyd olundu ki, həmin tikili iddiaçının heç 1% mülkiyyət hüququnu pozmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin inşa etdirdiyi hasar, quraşdıqdığı kondisionerlər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə olan hüququnu pozsa da, əhəmiyyətsiz dərəcədə olduğundan onun iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə hesab edir ki, həmin 100 manat ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməli və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək qanuni-mülkiyyətçisinə təhvil verilməsi və s. tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri İddiaçı aid edilsin və ondan 100 manat tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar