Məhkəmə qərarları › İş №2(049)-1267/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1267/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1267/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun əmək haqqından tutularaq 03 iyul 2017-ci il tarixli 2(049)- 3456/2017 saylı məhkəmə qətnaməsinin icrası məqsədi ilə "xxxx" QSC-yə ödənilmiş 3437.23 manat pulun, işin məhkəməyə verilməsi və hüquqi məsləhətlərin alınmasından ötrü hüqüqşünasa ödədiyi 200 manat hüquqi xidmət haqqının və iddia qaldırılması üçün ödədiyi 55 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 21 fevral 2014-cü il tarixdə "xxxx" QSC-nin Lənkəran filialından 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit kredit xətti açmış və həmin kredit xətti üzrə xx.xx.2014-cü il tarixli 008R********** saylı kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən 24 ay müddətinə aylıq 2.375 faiz olmaqla, 7000 manat məbləğində kredit verilmişdir. Sonradan Cavabdeh bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyindən bank əsas borclunu və zaminlər olan onu və digər zaminlərlə birlikdə məhkəməyə vermiş, Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(049)-3456/2017 saylı qətnaməsinə əsasən Cavabdeh, X2, X3, X1 və ondan 5450.49 manat əsas, 2406.78 manat faiz, 2642.91 manat cərimə olmaqla cəmi 10500.18 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra məhkəmə qətnaməsi icraya yönəldilmiş və icra məmuru tərəfində həmin məbləğin müəyyən hissəsinin ona aid olmasını bildirərək həmin məbləğin onun tərəfindən ödənilməsini tələb etmişdir. İmkanı olmadığı üçün həmin icra sənədi üzrə ona aid edilmiş məbləği könüllü qaydada ödəyə bilmədiyindən, həmin icra sənədi icra olunması üçün onun iş yerinə göndərilərək əmək haqqından tutulmalar hesabına həyata keçirilməyə başlamışdır. Ümumilikdə onun əmək haqqından cavabdehin banka olan borcunun ödənilməsi üçün 2023-cü ili yanvar ayı da daxil olmaqla 3437.23 manat pul tutulmuşdur. Həmin məbləğin qaytarılmasını cavabdehdən xahiş etsə də imkanı olmamasını əsas gətirərək pulu ona qaytarmaqdan imtina etdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin zəmini kimi onun əvəzinə pul ödədiyini əmək haqqından tutmalar aparılması barədə iş yerindən aldığı və iddia ərizəsinə əlavə etdiyi arayışla təsdiq edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə və məhkəməyə ərizə təqdim edərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh tələb etdiyi məbləğdən cavabdeh 900 manatını ona qaytarmışdır. Cavabdeh iddianı qəbul etməyib iddiaçıya borcunun qalmadığını,borcu tam olaraq ödədiyini bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(049)-3456/2017 saylı qətnaməsinin surətindən görünür ki, əsas borclu olan Cavabdeh, zaminlər- X2, X3, X1 və İddiaçı müştərək qaydada 5450.49 manat əsas, 2406.78 manat faiz, 2642.91 manat cərimə olmaqla cəmi 10500.18 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran-Astara Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 63 nömrəli arayışından görünür ki, iddiaçı Kənarmeşə kənd orta məktəbində müəllim işləməklə, ondan "xxxx" QSC-nin Lənkəran filialına 3437.23 manat pul tutulmuşdur. İş materiallarında olan hüquqi xidmət göstərilməsinə dair müqavilədən və ona əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı ona hüquqi yardım göstərilməsi üçün 200 manat pul ödəmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 55.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 21 fevral 2014cü il tarixdə "xxxx" QSC-nin Lənkəran filialından 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit kredit xətti açmış və həmin kredit xətti üzrə xx.xx.2014-cü il tarixli 008R********** saylı kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən 24 ay müddətinə aylıq 2.375 faiz olmaqla, 7000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin kredit sazişi üzrə zamin qismində iştirak etmişdir. Əsas borclu Cavabdeh banka olan borcunu müqavilə şərtlərinə uyğun qaytarmadığından bank məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(049)-3456/2017 saylı qətnaməsi ilə bankın tələbi təmin olunmuşdur. Qətnamə icraya yönəldilərək onun icrası ilə əlaqədar Cavabdeh banka olan borcu İddiaçı əmək haqqından 3437.23 manat olmaqla, tutularaq "xxxx" QSC-nin hesabına köçürülmuşdur. İddiaçı Cavabdeh onun borcunu ödədiyinə görə pulunu qaytarmasını dəfələrlə xahiş etmiş, lakin cavabdeh borcunu qaytarmaqdan yayınmışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq onun əmək haqqından tutulmuş 3437.23 manat pulun Cavabdeh tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələb etdiyi puldan cavabdeh tərəfindən 900 manatını qaytardığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2537.23 manat pul alınaraq İddiaçı verilməlidir. İddianın hüquqi xidmətə görə 200 manat tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, nümayəndənin göstərdiyi yardıma görə 200 manat pul tələbi ağlabatandır. Bu səbəbdən də cavabdehdən hüquqi xidmətə 200 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 55 manat dövlət rüsümunun 13 manatı iddiaçıya, 37 manatı isə cavabdehə aid edilməli və sonuncudan tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddiaçıya borcunun qalmaması barədə cavabdehin göstərdiyinə qiymət verərək qeyd edir ki, cavabdeh həmin borcun qaytarılmasını təsdiqləyən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2537 manat 23 qəpik, eləcə də hüquqi yardıma görə ödənilmiş 200 manat, cəmi 2737 manat 23 qəpik alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödədiyi 55 manat dövlət rüsümunun 13 manatı iddiaçıya, 37 manatı isə cavabdehə aid edilsin. Cavabdeh 37 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar