Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1376/2023 15.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək yaşadığı kommunal mənzilin mülkiyyətində olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ərizəçi ərizəsində yaşadığı kommunal mənzilin mülkiyyətində olması faktının, yəni sahibliyində, istifadəsində olma və onun barəsində sərəncam vermək faktının olmasını xahiş edir. Bununla əlaqədar qeyd edirəm ki,“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Lakin, ərizəçinin ərizəsindən görünür ki, o, kommunal mənzilin mülkiyyətçisi deyildir. O, həmin mənzil mülkiyyətçisi olmaqla həmin mənzilə dair hüquqmüəyyənedici sənədləri itirmiş olsaydı və ya həmin mənzilin mülkiyyətçisi olmaqla mənzilin mülkiyyətində olmasına dair sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkünsüzlüyü barədə sübutlarını təqdim etdiyi halda, onun tələbi üzrə qərar qəbul edilə bilərdi. Yuxarıda qeyd olunan qərarın 7.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Göründüyü kimi, ərizəçi məhkəməyə ərizə ilə müraciət etməmişdən əvvəl DƏDRX-nə müraciət edib mənzilin hüquqi vəziyyətinə, məqsədli təyinatına və sairinə aydınlıq gətirməli, onun mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığını aydınlaşdırmalı idi. Yuxarıda qeyd olunan qərarın 7.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Qeyd edirəm ki, yuxarıda göstərilən mənzil başqasının adına qeydə alınmışdırsa, hazırki mübahisəyə xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən isə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qeyd olunan normada göstərilmiş müvafiq icra hakimiyyəti orqanı Lənkəran rayonu üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi çəxsin 10 saylı Ərazi İdarəsidir. Ərizəçi faktiki sahib olduğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün ora müraciət etməli, əgər ərizəçiyə mülkiyyət hüququnun tanınmasından imtina olunarsa, həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Lakin ərizəçi həmin orqana müraciət etmədən, birbaşa məhkəməyə müraciət etməklə, Azərbaycan Respublikası MPM-nin 152.1.6-ci maddəsinin tələblərini pozmuşdur. MPM-nin 152.1.6.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Bundan əlavə ərizəçi MPM-nin 149.2.3-cü maddəsində nəzərdə tutulmuş ərizənin məzmununa da riayət etməmişdir. MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində ... ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ... göstərilməlıidir. Lakin ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını ərizəsində göstərməmişdir. Ərizəsinin sonunda “qoşma “ “ vərəqə” cümləsi yazmaqla kifayətlənmişdir. Beləliklə, ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət etmədiyindən, eləcə də onun ərizəsi 149.2.3-cü maddəsində nəzərdə tutulmuş ərizənin məzmununa riayət edilmədən verildiyindən onun ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ona izah olunsun ki, pretenziya qaydasına riayət etməklə onun Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardadaddan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(049)-1376/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1376/2023
15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver