Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1417/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «tərəflər arasında bağlanmış müqavilənin şərtləri əsasında pulun verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2022-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən götürülmüş öhtəliklərin tam yerinə yetirilməməsi səbəbindən ona vurulmuş ən azı 2800 manat qalıq pulunun, 60 manat dəyərində korlanmış kafelin və dövlət rüsumu qaydasında ödənilmiş 51 manatın, cəmi 2911 (iki min doqquz yüz on bir) manatın xeyrinə tutulması və müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 sentyabr 2022-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin təmiri ilə əlaqədar instagram vasitəsi ilə telefon nömrəsini əldə etdiyi şəxs ilə 45 gün müddətində 15.600 dəyərində mənzildə təmir işlərinin aparılması üçün müqavilə bağlamışdır. İki dəfə baxış keçirdikdən və göstərilən tarixdə işləri tam təhvil verəcəyinə söz verdikdən sonra müqavilənin şərtləri ilə razılaşıblar. İş gedişatında qarşılıqlı razılıq əsasında bəzi əlavə işlərin görülməsi üçün müvafiq olaraq material xəcləri və zəhmət haqqı nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən ilkin işlərin aparılması üçün 3000 manat Vüsalın kart hesabına köçürülmüşdür. Mənzildə söküntü işlərinə başlanılmamış Vüsal qiymətlərin gündəlik artımı ilə əlaqəli qapı, kafel, metlax seçiminin aparılmasının vacibliyini bildirdi. Eurohome tikinti bazarında 350 manat qiymətində (mərkəzi anbarda kimləsə danışaraq 1 ədədin qiymətini 290 manata alacağını bildirdi) 6 ədəd qapı və 1 kvadrat metri 21 manata kafel seçimini aparmışlar. Onları alıb harada saxlayacaqlarını soruşduqda Gənclikdə xüsusi yerlərinin olmasını bildirdi. İlkin işə başlamaq üçün o, böyük məbləğdə onun kart hesabına pul keçirməyimi istəsədə, onun danışıqlarına inamsızlıq səbəbindən müəyyən vaxtlarda hissə-hissə pul vəsaiti verilmiş və ya kart hesabına köçürülmüşdür. Müqavilədə nəzərdə tutulduqu kimi hissə-hissə iş görüldükcə ödəniş olunacağını bildirsədə o, həmişə çox pul verilməsinə ehtiyyac olduğunu bildirmişdir. Razılıq əsasında hər həftənin şənbə günləri görülən işləri təqdim edir və növbəti həftə üçün görüləcək işləri bildirirdi. İlk üç həftə bu sahədə işlər normal gedirdi, lakin sonradan müəyyən işləri soruşduqda o, vaxtının olmaması və əlavə iki-üç obyektdə iş götürülməsi ilə əlaqədar müəyyən çətinliklərin olmasını bildirdi. Müəyyən işləri soruşduqda növbəti həftədə görüləcəyini bildirir, vəd verib işi görməməsinə irad bildirdikdə isə normal qəbul etmirdi. Bəzi işlərin baha qiymətə hesablandığını bildirdikdə o, keyfiyyətli materiallardan istifadə etdiyini və öz zəhmət haqqının da nəzərə aldığını bildirirdi. Təmir işləri aparan ustanı tez-tez dəyişdirirdi. Səbəbini şoruşduqda onların baha işlədiyini və onların işinin xoşuna gəlmədiyini bildirirdi. Mənzildə işləyən ustadan telefon nömrəsini götürməkləri onun xoşuna gəmirdi və hər nə olsa o 15 il qarant verir deyirdi. İrad bildirdikdə isə normal qəbul etmirdi. 5 noyabr 2022-ci il tarixində razılaşmaya əsasən görülən işlərə baxış keçirmək məqsədi ilə 11:00 da mənzilə getmiş və 4 nəfər evdə müəyyən işləri görürdü. Onlardan 1 nəfər hamam otağına kafel vururdu, hansı ki 2 həftə əvvəl o, hamam otağının kafelini bitəcəyini bildirirdi. Həmin şəxsə yaxınlaşıb belə kafel vurulmamasını, işi saxlamasını, Vüsal gəldikdən sonra davam etdirməsini bildirmişlər, Çünki 60x120 sm ölçüdə kafelləri heç bir səviyyə götürmədən, trapı nəzərə almadan, pol vurulmadan kafelləri deşərək isti-soyuq su olan hissədən böyür-böyürə divara yapışdıraraq gedirdi (Növbəti usta iş görən zaman həmin kafelləri sökdü və istifadəsi mümkün olmadı ((0,6x1,2) x 4 x 21=60,48) 60,48 manat dəyərində ziyan vurmuşdur). Vüsal ilə telefon əlaqəsi saxlamış xəstə olduğunu və gələ bilməyəcəyini bildirdi. Telefonla danışarkən maşınların siqnal səsi gəldiyini və onun gəlməsini vacib olduğunu bildirmiş. O isə əvəzinə 1500-2000 manat pulun kart hesabına köçürülməyini istədi. 6 noyabr tarixində mənzildə görüşməyi və gələcək işləri müzakirə etmək barədə razılaşdılar. 1 saat keçdikdən sonra, o zəng vuraraq 1500 manat indicə pul köçürməklərini istədi. Onlar isə sabah görşəndə pulu verəcəklərini və onda isə hələ pulu qaldığını, nəzərdə tutulan işlərin heç birinin sona çatmadığını, ona ümumilikdə 17.240 manat məbləğində pulun ödənilməsini, bunun isə 80%-dən çox olduğunu bildirdikdə onların Vüsalda 2800 manat pulunun qaldığını bildirdi. Telefon danışığı əsasında «Mən sizin tikinti rəhbəriyəm, mənim cibimdə pul olmalıdır ki, mən iş görüm» dedi və uzun müddətli telefon danışığı nəticəsiz oldu. 7 noyabr tarixində saat 10:00 da mənzilə gəlmiş, qapının bağlı olduğunu və heç kimin işləmədiyini görmüşlər. Telofon əlaqəsi saxlayıb Vüsala ünvanda olduğunu bildirmiş və onun gəlməsini xahiş etmişdir. O, isə gəlməyəciyini əvəzinə tikinti eksperti göndərəciyini bildirdi. O isə müqaviləni Vüsalla bağlandığını, həmin vaxt tikinti ekspertinin olmamasını, Vasif adında bir yoldaş ilə olçü apardıqlarını xatırlatdı və ortaq məxrəcə gəlmək məqsədi ilə yerində baxış keçirilməsi üçün onun gəlməsinin vacib olduqunu bildirdi. O isə israrla gəlməyəcəyini və onda 2800 manat pul qaldığını bildirdi. Sonraki telefon danışıqlarında isə ona hesabat göndərəcəyini və nə qədər pul qalıbsa haqq-hesab edəcəyini dedi. İlk halda 2800 Azn manat dediyi halda sonra məbləğin 2120 manat olduğunu və həmin məbləği qaytaracağını bildirdi. Sentyabr ayında seçdikləri qapıları haradan alacağını soruşduqda qapılar yoxdur, alınmayıb dedi. Bir neçə gün onunla danışaraq görüşmək və dəqiqləşdirmələr aparmaq üçün evə gəlməli olduğunu bildirsələr də heç bir nəticə əldə olunmadı. Görüşə gəlmədiyinə görə də həmin məbləği kart hesabına göndərməyi tələb etmişdir. Bu məbləği ödəmək üçün ondan bir müddət vaxt istədi və bu günə qədər onun kart hesabına heç bir ödəniş göndərilmədi. Onun görülən işlərin zəhmət haqqi və material xərcləri siyahısında təqdim etdiklərinin nə qədər həqiqətə uyğun olduğunu deyə bilməz. Çünki onun dediyinə görə eyni baxtda başqa evlərdə də təmir işləri aparırdı, onlara da material alırdı və ustalarla görülən işə görə verilən zəhmət haqqı barədə maraqlanmayıb. Beləliklə, müqavilə şərtlərinə əməl etməyən cavabdeh ona ən azı 2800 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək, səhhətində problemlər olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmənin başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəmə baxışının təxirə salınması ilə bağlı vəsatətinə qiymət verərək hesab etmişdir ki, qeyd olunan mülki iş üzrə əvvəllər 2 dəfə, yəni xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə məhkəmə iclası keçirilmiş (bu barədə istər sifarişli poçt vasitəsi ilə, istərsə də SMS vasitəsi ilə cavabdehə məlumat verilmişdir), lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı nə yazılı, nə də ki şifahi qaydada etirazını bildirməmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının təxirə salınması barədə Cavabdeh vəsatətini məhkəmə işin lüzumsuz uzadılmasına yönəlmiş hərəkətlər kimi qiymətləndirirək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilədən və görülən işlər və istifadə olunan materiallar haqqında mlumatdan görünür ki, icraçı Cavabdeh ümumilikdə 3 ay müdddətində (2 mərhələdən ibarət olmaqla, hər mərhələnin 1 ay yarım müddətində) İddiaçı istifadəsində olan mənzildə ümumilikdə 15.500 manat dəyərində təmir tikinti işlərinin aparılmasını, sifarişçi İddiaçı isə müqavilə bağlandığı vaxt 3000 manat ödəməklə, qalan məbləği hissə-hisə ödəməklə görüləcək təmir tikinti işlərinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Təqdim ödənilmiş Milli ÖN və Paşapay ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat və xx.xx.2022-ci il tarixdə 1500 manat olmaqlaq, ümumilikdə 13500 manat məbləğində pul Cavabdeh 416973*****5983 nömrəli plastik kartına köçürülmüşdür. Ödəniş cədvəlindən görünür ki, 1200 və 1000 ABŞ dolları (1 ABŞ dolları=1,7 manat) olmaqla, cəmi 2200 ABŞ dolları 22.xx.xx.2022-ci il tarixdə Cavabdeh ödənilmiş, Cavabdeh məxsus plastik kartın nömrəsi: 4169 7385 7988 5983. Whatsapp sosial şəbəkəsi üzrə +994 51 555 55 06 abonentin ünvanladığı qaimədən müəyyən olunur ki, sifarişçi tərəfindən 17240 manat məbləğində görüləcək işlərə görə ödəniş edilmiş, ümumilikdə 2120 manat ödəniş müqabilində görülməmiş işlər qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilədən görünür ki, +994 51 555 55 06 mobil nömrəsi Cavabdeh istifadəsindədir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə podrat müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) «Podrat hüquq münasibətlərini» tənzimləyən hüquq normaları təşkil edir. MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması vəya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının tələbini hazırki işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdırıraq müəyyən edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı Cavabdeh ümumilikdə 3 ay müdddətində (2 mərhələdən ibarət olmaqla, hər mərhələnin 1 ay yarım müddətində) İddiaçı istifadəsində olan mənzildə ümumilikdə 15.500 manat dəyərində təmir tikinti işlərinin aparılmasını, sifarişçi İddiaçı isə müqavilə bağlandığı vaxt 3000 manat ödəməklə, qalan məbləği hissə-hisə ödəməklə görüləcək təmir tikinti işlərinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı Seymur Məmmədhseynov müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş və 17240 manat məbləğində görüləcək işlərə görə ödənişi Cavabdeh ödəmişdir. Cavabdeh isə öhdəliyini qismən icra etmiş, yəni 17240 manat məbləğində vəsaitə uyğun cəmi 15120 manat dəyərində təmir-tikinti işi həyata keçirmiş, qalan 2120 manat aldığı pula görə müvafiq təmir tikinti işini aparmamış, nəticədə öhdəliyini lazımınca və tam həyata keçirməmişdir. İşin qeyd olunan faktiki halları yuxarıda sadalanan və iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2120 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 60 manat dəyərində korlanmış kafelin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini üçün (MPM-nin 77.1-ci maddəsinə əsasən iddianın əsasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür.) iddia həmin hissədə təmin edilməməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan 2.120 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 51 manat manat alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.120(iki min bir yüz iyirmi) manat və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 51(əlli bir) manat Cavabdeh oğlundan alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-1417/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1417/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver