Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-145/2023 21.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, cavabdeh X11 və Cavabdeh2 vəkili Vəkil2 Mürid qızının iştirakı ilə, İddiaçı cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 qarşı «cavabdehə məxsus tikilinin sökülməsi, cavabdehə məxsus əşyaların iddiaçının torpağından çıxarılması, iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddianın artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz tikilmiş təndirxananı sökdürməklə, cavabdehlərə məxsus ev əşyaların torpağından çıxarılması və ona dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmədə verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən 0,05 ha torpaq sahəsini 08 dekabr 2014-cü il tarixli AN ******* N-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında 13 dekabr 2014-cü il tarixli, seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla almışdır. Cavabdehlər Əsgərova Ağabacı və digərləri ona həmin həyətə çəpər çəkməyə imkan vermədiklərindən o həmin predmetlə məhkəməyə müraciət etmiş, məhkəmə qaydasında iddiası 1-ci, 2-ci və 3-cü məhkəmə instansiyalarında təmin edilərək təsdiq olunmuşdur. Sonra cavabdehlər torpağa mülkiyyət sənədlərinin ləğvi barədə məhkəməyə iddia vermiş, 1-ci, 2-ci və 3-cü məhkəmə instansiyalarında iddiaları rədd edilmişdir. Sonra cavabdehlər özlərinə məxsus ev əşyalarını torpağında olan tikiliyə yerləşdirərək ona öz mülkiyyətində olan torpaqda hərəkət etməyə mane olmağa başladılar. Hazırda məhkəmə qaydasında həyətinə çəpər çəkdirsə də cavabdehləri və əşyalarını torpağından çıxarda bilmir. Hətta məhkəmə icraçıları cavabdehlərə əşyalarını götürün çıxın vətəndaşın həyətindən desələr də, onlar «sizi bizi torpaqlardan çıxarda bilməzsiniz, sizin ancaq çəpər çəkdirmək barədə icra vərəqəniz var.» demişlər. Ona görə də cavabdehləri və əşyalarını torpaqdan çıxartmaq mümkün olmamışdır. Özbaşınalıq o həddə çatmışdır ki, küçə qapısında olan açarı sındırmış və dəmir qapını qaynaqlamışlar. 2014-cü il tarixdən cavabdehlər qanunsuz olaraq torpağında tikdiyi tikililəri sökmüş, ağaclarını kəsmiş, bir qismini yandırmış, özünü, ailə, uşaqlarını təhqir etməklə hər cür formada sakit yaşamalarına imkan verməmişlər. Hər dəfə rayona gedib həyətinə daxil olmaq üçün saatlarla vaxt itirir. Polis müdaxiləsi olmadan həyətə daxil ola bilmir. O səbəbdən ürək ağrısı ilə yaşayır. 2 dəfə infakt keçirmiş, başında problemlər yaranmışdır. Həmin vaxtdan indiyə kimi mütəmadi müayinə və müalicə olunur. Xəstəlik vərəqələrini ərizəyə əlavə etmişdir. 2014-cü ildən indiyə kimi məhkəmə yollarında qalmışdır. Maddi cəhətdən böyük pul itkisi yaranmışdır. Cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişlər. İddiaya qarşı yazılı etirazında və cavabdehlər X5 məhkəmə iclasında verdiyi izahatında etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı onların doğma əmisidir. Lakin o uşaqlıqdan Bakı şəhərində böyümüş və yaşamışdır. Yaşadıqları ev 1998-ci ildən mərhum ataları X12 mülkiyyətində olmuşdur. Ataları 2008-ci ildə rəhmətə getmişdir. Əmiləri atababalarına məxsus olan evin bir hissəsini saxtakarlıqla əllərindən almaq üçün plan qurmuşdur. O yaşadıqları 1 otaq və bir mətbəxdən ibarət olan evi əllərindən almaq üçün həmin evin yerləşdiyi torpaq sahəsi kimi 2014-cü ilin dekabr ayında əslində bələdiyyədən alqı-satqı yolu ilə almışdır. Beləki üstündə qeydiyyatda olub yaşadıqları ev bələdiyyə torpağı kimi xx.xx.2014-cü ilə boş torpaq sahəsi kimi 500 manata kənd sakini kimi Rəxşəndə adlı qadına, xx.xx.2014-cü idə isə guya həmin torpağı Rəşxəndə 5000 manata iddiaçıya satmışdır. İddiaçı öz adına torpağa dair çıxarış aldıqdan sonra bir müddət onu gizli saxlamış, sonra isə məhkəməyə müraciət etmişdir ki, guya o torpaq alıb onlar ona çəpər çəkməyə icazə vermirlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-169 saylı qətnaməsinə əsasən onlar cavabdehlərin iştirakı olmadan məhkəmə keçirilmiş, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin hasara alınmasına törətdikləri maneələr və qanunsuz hərəkətlərə son qoyulmalı, bələdiyyə tərəfindən boş torpaq sahəsi kimi saxta əsaslarla ilkin olaraq kənd sakini X3 isə onun tərəfindən doğma əmiləri olan İddiaçı satılmış olan torpaq sahəsi hasarlanmasına qərar verilmişdir. Həmin qətnamənin qəbul edilməsi vaxtı məhkəmə prosesində qəbul edilməsi vaxtı məhkəmə prosesindən xəbərləri olmamış, xəbər tutduqda isə gec olmuş, apelyasiya şikayəti vermək müddətləri keçdiyi üçün müddət bərpa olunmamışdır. Bu səbəbdən onlar cavabdehlər əmiləri İddiaçı qarşı X13 ilə onun arasında olan xx.xx.2014-cü il tarixli AN ******* N-li alqısatqı müqaviləsinin həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair ayrıca iddia qaldırdılar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 86 saylı qətnaməsi ilə yenidən (hakim M.İsayevin sədrliyi ilə) hərtərəfli araşdırılaraq torpağa faktiki baxış keçirilərək onun boş olmadığı onlara məxsus həyətin içində olduğu müəyyən edilərək iddiaları tam təmin olundu. Lakin təəssüf ki, yenə də əmiləri İddiaçı gizli fəaliyyəti nəticəsində onların xəbərləri olmadan verdiyi şikayətlər əsasında iştirakları olmadan qapalı keçirilmiş Şirvanda Apellyasiya Məhkəməsi və Ali Məhkəmələrin qanunsuz qərarları sayəsində Lənkəran Rayon Məhkəməsinin ədalətli qətnaməsi ləğv olundu. Hal hazırda bununla bağlı Ali Məhkəməsinin qərarından xx.xx.2022-ci il tarixdə Konstitusiya Məhkəməsinə şikayət vermişlər.İş konstitusiya məhkəməsində olmasına baxmayaraq iddiaçı yalandan məhkəməyə müraciət etmişdir ki, guya evi o tikib, onlar onun evinə zorla giriblər çıxmırlar. Bu ağ yalandır. Birincisi ona verilmiş çıxarışda da qeyd olunur ki, ona boş torpaq sahəsi satılmış, ikincisi həmin dövrdə bələdiyyələrin torpaq satmaq hüququ yox idi. Üçüncüsü bələdiyyə həmin torpağı satmaq hüququna malik olsaydı belə onu ilk növbədə Rəxşəndəyə yox, orada yaşayan şəxs kimi onlara təklif etməli idi. Dördüncüsü iddiaçı orada yaşadığı halda onlar onun malını çölə atmış və yaxud da götürüb öz əşyalarını ora qoymuşdusa o bunu müəyyən etdiyi zaman niyə polisə müraciət etməmişdir. İddiaçının məqsədi yaşadıqları evi saxta yollarla ələ keçirməkdir. Belə olmasaydı ona mübahisənin sülh yolu həll olunması üçün təqdim etdikləri kənddə olan 5 sot torpaq sahəsini götürərdi. O bu yolla onların evlərini əllərindən almaq istəyir. Məhkəmə iclasında İddiaçı vəkili vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 Mürid qızı iddia tələbini qəbul etməyib, iddiaya qarşı etirazda göstərilənlərə uyğun çıxış etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Lənkəran Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(049)-540/2020 №-li qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli 10/3695 nömrəli ekspert rəyindən görünür ki, Lənkəran rayonu, Aşağı-Nüvədi X1 və X6 da öz növbəsində İddiaçı alqı-satqı yolu ilə satdıqları, hüquqların dövlət qeydiyyatı haqqında Dövlət Reystirindən **********77 Reystr nömrəli Çıxarış və «Topaq sahəsinin planı və ölçüsü»nə əsasən İddiaçı mülkiyyətində olan 0.5 ha torpaq sahəsi üzərində tikili mövcuddur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-163/2019 saylı qətnamədən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X5 İddiaçı mülkiyyətində olan Lənkran rayonu, Seydəkəran kəndində yerləşən 0.05 ha torpaq sahəsindən iddiaçının iradəsinə zidd istifadə etmələrinə, həmçinin İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hasara alınmasına törətdikləri maneələrə və qanunsuz hərəkətlərə son qoyulması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)- 613/2020 saylı qətnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-163/2019 saylı qətnaməsi X7 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-86/2021 saylı qətnamədən görünür ki, iddiaçılar X11, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər X13, İddiaçı, Lənkəran rayonu 1 saylı Notariat Kontoru, Lənkəran rayon X19 və DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Lənkəran rayonu, Seydəkəran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin X2 dair 02 dekabr 2014-cü il tarixli AN ******* nömrəli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında qeyd edilən torpaq sahəsinin X6 adına qeydiyyata alınmasına dair 06 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, həmin torpaq sahəsinin X14 tərəfindən İddiaçı satılmasına dair 08 dekabr 2014-cü il tarixli AN ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında İddiaçı verilmiş 13 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsızın hesab edilməsi» tələbinə dair iddası təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1996/2021 saylı qətnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-86/2021 saylı qətnaməsi ləğv edilərək, qeyd olunan iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1195/2022 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1996/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sübutlar tədqiq edib, hesb edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələbi 2 hissədən ibarətdir: 1) İddiaçıya məxsus torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikilmiş təndirxananı sökdürməklə, cavabdehlərə məxsus ev əşyalarının torpağından çıxarılması 2) İddiaçıya dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin 1-ci hissəsi ilə əlaqədar hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin məzmununa görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışa əsasən Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikili(təndirxana) və cavabdehlərin ev əşyaları mövcuddur. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın «İddiaçı məxsus torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikilmiş təndirxananı sökülməsi və cavabdehlərə məxsus ev əşyalarının torpağından çıxarılması» hissəsi qanuni və əsaslıdır. Məhkəmə iddianın 2-ci hissəsi ilə əlaqədar hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Lakin iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin nədə ifadə olunduğunu və zərərin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərlə bağlı hər hansı sübut təqdim edilmədiyindən və həmin halları sübutetmək vəzifəsi məhz iddaçının üzərinə düşdüyündən iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə cavabdehlərin iddiaya qarşı etirazının dəlillərinə qiymət verərək, qeyd edir ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki işin hallarından isə müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-86/2021 saylı qətnamədən görünür ki, iddiaçılar X11, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər X13, İddiaçı, Lənkəran rayonu 1 saylı Notariat Kontoru, Lənkəran rayon X19 və DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Lənkəran rayonu, Seydəkəran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin X2 dair 02 dekabr 2014-cü il tarixli AN ******* nömrəli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında qeyd edilən torpaq sahəsinin X6 adına qeydiyyata alınmasına dair 06 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, həmin torpaq sahəsinin X14 tərəfindən İddiaçı satılmasına dair 08 dekabr 2014-cü il tarixli AN ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsi və həmin müqavilə əsasında İddiaçı verilmiş 13 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsızın hesab edilməsi» tələbinə dair iddası təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1996/2021 saylı qətnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)- 86/2021 saylı qətnaməsi ləğv edilərək, qeyd olunan iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1195/2022 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 1996/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaya qarşı etirazın dəlillərində göstərilən hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan və həmin hallara hüquqi qiymət verilərək, cavabdehlərin iddiası rədd edildiyindən həmin məsələyə yenidən hər hansı hüquqi qiymətin verilməsi MPM-nin 82.3-cü maddəsinin tələbi baxımından istisna olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışa əsasən İddiaçı məxsus Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsində cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikili (təndirxana) sökülməli və həmin torpaq sahəsindən cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 məxsus ev əşyaları çıxarılmalı, iddia qalan hissədə, yəni iddiaçıya dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində rədd edilməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışa əsasən İddiaçı məxsus Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsində cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikili (təndirxana) sökülsün. Həmin torpaq sahəsindən cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 məxsus ev əşyaları çıxarılsın. İddia qalan hissədə, yəni iddiaçıya dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-145/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-145/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver