Məhkəmə qərarları › İş №2(049)-1586/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1586/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1586/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1470 manat pulun və ödənilmiş 34,70 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı həmkəndlisi olan cavabdeh- Cavabdeh, sonuncunun xahişi ilə aşağıdakı zamanlarda, miqdarda- çəkidə, qiymətə təsərrüfatımda saxladığım iribuynuzlu heyvanlardan kəsib, hər kəsdiyi heyvanın 100 kq. ətini şifahi razılaşma əsasında cavabdehə nisyə olaraq satmaqdan ötrü vermişdir. Cavabdeh isə, istədiyi qiymətə satdığı hər 100 kq. mal ətinin 1000 manatını,o iddiaçıya qaytarmaq öhdəliyini götürmüşdür. 1-ci dəfə avqust 2021-ci il tarixində, 180 kq. ət verən 1 ədəd iribuynuzlu heyvanımın 100 kq. ətini - 1000 manata, 2-ci dəfə sentyabr 2021 -ci il tarixdə, 200 kq. ət verən 1 ədəd iribuynuzlu heyvanımın 100 kq. ətini - 1000 manata, 3-cü dəfə oktyabr 2021-ci il tarixdə, 240 kq. ət verən 1 ədəd iribuynuzlu heyvanının 100 kq. ətini - 1000 manat qiymətinə Cavabdeh satmışdır. Nisyə satdığı cəmi 300 kq. heyvan ətinin 3000 manat borc pulunu, Cavabdeh; 2021- ci ilin sentyabr ayında 700 man. + 580 man. = 1280 manat; oktyabr ayında isə 720 manat; olmaqla cəmi 2000 manatını qaytarmışdır. Qalıq 1000 manat pulu isə ən geci, hər ayın pensiyalar verilən gündə qaytaracağına söz vermişdir. 05 iyun 2022-ci il tarixdə, yenidən həmkəndlisi Cavabdeh, sonuncunun xahişi ilə 160 dəst- paçka, sıxılıb- preslənmiş ot tayasını; birinin qiyməti 3 man. olmaqla : 160 dəst x 3 man. = 470 man. qiymətinə nisyə satdım. Bununlada Cavabdeh, İddiaçı 1000 man. heyvan ətinin və 470 man. isə sıxılıb- preslənmiş ot tayası olmaqla cəmi 1000 man. + 470 man. = 1470 (Bir min dörd yüz yetmiş) manat məbləğində pul borcu yaranmışdır. Dəfələrlə pulun qaytarılması barədə edilən danışıqların heç bir nəticəsi olmamışdır. Cavabdeh, 1470 manat qalıq borcu pulunu iddiaçıya verməkdən boyun qaçırır dolayı yollarla yayınır. Dəfələrlə pulun qaytarılması barədə edilən danışıqların heç bir nəticəsi olmamışdır. Tərəflər arasında baş vermiş danışıqlarda, razılaşmalarda Lənkəran rayonu, Boladi kənd sakini X3 (mob: ***-***-**-**); Lənkəran rayonu, Zövlə kənd sakini X6 (mob: ***-***-**-**); Lənkəran rayonu, Boladi kənd sakini X7 (mob: ***-***-**-**) və Lənkəran rayonu, Boladi kənd sakini X8 (mob: ***-***-**-**) yaxından şahidlik etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçıya 120 pres ota görə cəmi 300 manat borcu olduğunu başqa borcu olmadığını bildirib iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, İddiaçı əmisi oğlu, Cavabdeh isə həmkəndlisidir. Rahim şəxsi təsərrüfatında inək heyvanları saxlayır və onları kəsməklə ət satışı ilə məşğul olur. O da Rahimlə qonşu olduğundan ət kəsəndə ona köməklik etmişdir. 2021-ci ilin avqust ayında Rahim qəssab Rafiqə 180 kq-lıq cöngə kəsdirmişdir. Həmin cöngənin ətindən 100 kq əti Eldar özü aparmışdır. Qalan əti də qonşulara satmışdır. İkinci dəfə 2021-ci ilin sentyabr ayında Rahim növbəti cöngəni kəsəndə yenə də 100 kq əti Eldara vermişdir. Üçüncü dəfə 2021-ci ilin oktyabr ayında Rahim cöngəni kəsəndə 100 kq əti Eldara vermişdir. Həmin əti verəndə Rahim öz 07 markalı ** CD *** markalı qeydiyyat nişanlı avtomobilini ona vermişdir ki, Eldar əti kəndə avtomobillə gəzdirib satsın.Həmin 100 kq əti satandan sonra Eldar pulunu Rahimə verməmişdir. Rahim dəfələrlə onun yanında Eldarla danışsa da, Eldar həmin pulu ona verməmiş, indiyə kimi mübahisələr davam edir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh həmkəndlisidir. Rahim şəxsi təsərrüfatında inək heyvanları saxlayır və onları kəsməklə ət satışı ilə məşğul olur.O da Rahimlə qonşu olduğundan ət kəsəndə ona köməklik etmişdir. 2021-ci ilin avqust ayında Rahim qəssab Rafiqə 180 kq-lıq cöngə kəsdirmişdir. Həmin cöngənin ətindən 100 kq əti Eldar özü aparmışdır. Qalan əti də qonşulara satmışdır. İkinci dəfə 2021 -ci ilin sentyabr ayında Rafiq Rahim üçün növbəti cöngəni kəsəndə yenə də 100 kq əti Eldara vermişdir.Üçüncü dəfə 2021-ci ilin oktyabr ayında Rahimin cöngəsini kəsəndə 100 kq əti Eldara vermişdir. Həmin əti verəndə Rahim öz VAZ-21074 markalı ** CD *** markalı qeydiyyat nişanlı avtomobilini İlqara vermişdir ki, Eldar əti kənddə avtomobillə gəzdirib satsın. Həmin ərəfələrdə o da öz göngəsini kəsdirmək istəmiş, Rahimdən ətin pulunu yığa bildiyini soruşduqda o, axırıncı dəfə 100 əti Eldara verdiyini, pulunu hələ vermədiyini demiş və hazırda da pula görə mübahisələri davam edir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, İddiaçı, X5 və Cavabdeh həmkəndlisi kimi tanıyir. Eldarı 5 il bundan əvvəl ondan inək alan zaman onu tanımışdır. Rahim şəxsi təsərrüfatında inək heyvanları saxlayır və onları kəsməklə ət satışı ilə məşğul olur.2022-ci ilin yanvar ayında Zövlə kəndində çayxanada olan zaman Eldar ora gəlmiş, söhbət zamanı Şababadan alver etmək üçün 3000 manat pul aldığını, pulunun çox olduğunu, arvadının olmadığını,onun üçün arvad tapacağı halda 10.000 manat pul'alacağını demişdir. O da bu işə onu qoşmamağını demişdir. Eldar yalan izahat vermiş, həmin pulu Eldar özü Şababadan alıb Nurlana verib-verməməsi barədə məlumatı olmamışdır. Rahim həyətində cöngəni kəsəndə 100 kq əti Eldara vermiş, Eldar əti kənddə avtomobillə gəzdirib satmaqla pulu Rahimə verməli idi. Eldar həmin pulu ona verməmiş, indiyə kimi mübahisələr davam edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 02 mart 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış Cavabdeh pul tələbinə dair material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş 15 mart 2023-cü il tarixli arayışdan görünür ki, Nəcəfov X2 rayonu, Boladi kəndində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş şəhadətnamə və fermer kartından görünür ki, İddiaçı vergi ödəyicisidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçının izahatından, şahidlərin ifadələrindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh iddiaçıdan dəyəri 3000 manatlıq ət almış, həmin puldan 2000 manatı qaytarsa da, 1000 manatı qaytarmamış, eləcə də ot preslərinə görə yaranmış 470 manat borcunu ödəməmişdir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübutları, yəni şahid ifadələrini mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumunun tələb etdiyi hissəsi də onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1470 manat məbləğində pul və ödənilmiş dövlət rusumu 34,70 manat alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar