Məhkəmə qərarları › İş №2(049)-159/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-159/2025

22.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-159/2025 22.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı Fizuli qızının iştirakı ilə, İddiaçı Fizuli qızının Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Fizuli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 sakini Cavabdeh ilə evlənərkən onlara məxsus olan 30 sot torpaq üzərində tikilən 3 otaqlı evin gün çıxan tərəfində yerləşən gəlin köçdüyü evə köçürülməyi və yaşayış hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonu Boladi kənd sakini xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh ilə 23 avqust 2005-ci il tarixində el adəti ilə ailə qurmuş və Cavabdeh yaşadığı evə gəlin köçmüşdür. Rəsmi nikahları isə xx.xx.2013-cü il tarixində Lənkəran rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X30 adlı bir uşaları doğulmuşdur. Onlar bir müddət mehriban yaşasalar da, sonradan onların ailə münasibətləri pisləşmiş, cavabdeh mütəmadi olaq içki içib, onu döyərək söymüşdür. O da bundan sonra məcbur qalaraq nikahlarının pozulması barədə məhkəməyə müraciət etmiş, nikahları Lənkəran Rayon Məhkəməsi tərəfindən 14 avqust 2024-cü il tarixində pozulmuşdur. 16 yaşında olan uşaqları Rüfət Qasımov öz atasında qalmağı istədiyi üçün məhkəmə tərəfindən uşaqları Rüfət Qasımovun atasının himayəsində qalması barədə qərar qəbul edilmişdir. Hazırda onların aralarında mübahisələr olduğundan cavabdeh onu döyərək evdən zorla çıxarmışdır. Birgə nikah dövründə onun valideynlərinin köməkliyi ilə özlərinə, yəni uşaqlarına əlavə ev inşa etdirmişlər. Hal-hazırda da cavabdeh sözügedən evi sökür və o, cehiz əmlaklarının sahibliyini itirmişdir. Valideyinləri ona sahib çıxmır, orda-burda qalır. O, 0,3 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı evin girişində 1-ci otağa gəlin köçmüş, qanunvericiliyin tələblərinə əsasən onun öz gəlin köçdüyü evdə yaşayış hüququ vardır. O, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə şikayət etmiş, şikayətinə cavab olaraq bildirilmişdir ki, müraciəti mülki iş olduğundan məhkəməyə müraciət etməlidir. O da bundan sonra məcbur qalaraq cavabdehin qeydiyyatda olduğu Lənkəran Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməmiş, iddiaçı ilə 2005-ci ildə faktiki ailə münasibətlərinə daxil olduqlarını daha sonra nikahlarının rəsmiləşdirildiyini, iddiaçının köçürülməsini tələb etdiyi evdə hazırda qardaşının ailəsi, bacısı və oğlu ilə birlikdə yaşadığını bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 12-30/681 saylı arayışdan görünür ki, Qasımova X20 rayonunun Boladi kəndində yaşayır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1280/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Fizuli qızı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 868 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X18 boşanmadan sonra Cavabdeh yanında qalması qət edilmişdir. ********** saylı qəbzdən görünür ki, İddiaçı Fizuli qızı qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə Lənkəran Rayon Məhkəməsinə 100 manat dövlət rüsumu ödəniş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-4129/2014 saylı cavab məktubundan görünür ki, X4 adına (ümumbirgə) ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsi JN 15A, KOD 80200028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmışdır. Torpağın Mülkiyyətə Verilməsinə dair JN – 015A, KOD 80200028 saylı Şəhadətnamənin surətindən görünür ki, ünvan 1 sakinləri X2, X19, X11, X5, X14, X12 və Cavabdeh Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi fərdi yaşayış evi məqsədilə mülkiyyətlərinə verilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 saylı cavab məktubundan görünür ki, X1 ölümü barədə məlumat vətəndaşlıq aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Boladi kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 12-30/114 saylı arayışından görünür ki, Qasımov X8 rayonunun Boladi kəndində yaşayır və onun Boladi kəndində mərhum atasına və digər ailə üzvləri ilə birlikdə ümumbirgə 0,12 ha həyətyanı torpaq sahəsindən başqa heç bir daşınmaz əmlakı (ev, mənzil və torpaq sahəsi) yoxdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Boladi kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 12-22/30 saylı cavab məktubundan görünür ki, Boladi kənd sakini vətəndaş Cavabdeh və onun arvadı Qasımova X21 rayonun Boladi kəndində 2005-ci ildən 2024-cü ilə qədər mərhum atası X3 təsərrüfatında və atası vəfat etdikdən sonra 01 saylı təsərrüfatbaşı kitabında, 14 nömrəli şəxsi hesabı olan qardaşı təsərrüfat başçısı X6 aşağıda adları qeyd olunan ailə üzvləri ilə birlikdə yaşayırlar:

1. X12, xx.xx.1975-ci il, ailə başçısı;

2. X5, xx.xx.1967-ci il, bacısı;

3. Cavabdeh, xx.xx.1973-cü il, qardaşı;

4. İddiaçı Fizuli qızı, xx.xx.1988-ci il, qardaşı arvadı;

5. X30, xx.xx.2008-ci il, qardaşı oğlu;

6. X13, xx.xx.1981-ci il, arvadı;

7. X15, xx.xx.2010-cu il, qızı;

8. X25, xx.xx.2011-ci il, oğlu. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Boladi kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş şəxsi hesab nömrəsi 14, təsərrüfatı başçısı X12, təsərrüfat ünvanı Boladi kəndi olan ünvanın təsərrüfat üzvlərinin siyahısından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X16 (qardaşı arvadı) 2007-ci ildən həmin ünvanda daimi yaşayır. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna Azərbaycan Repsublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Repsublikasının X24 filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-7F/1- 83/2025 saylı cavab məktubundan görünür ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin Təsərrüfat Başına kitabları 2015ci ilə kimi X24 filialına təhvil verilmişdir. X24 filialında saxlanılan Boladi kənd İnzibati Ərazi dairəsi üzrə 2006-2010-cu və 2011-2015-ci illərə aid təsərrüfat başına kitablara baxılmış, həmin kitabların 17 nömrəli və 15 nömrəli şəxsi hesablarında X7 təsərrüfat üzvlərinin siyahısında Cavabdeh da adı vardır. 15 nömrəli şəxsi hesabın 34-cü vərəqində X7 xx.xx.2014-cü ildə vəfat etdiyi yazılmışdır. 1 №-li Təsərrüfatbaşına kitabdan Boladi kəndi inzibati ərazi dairə üzrə 2011-2015-ci illər üçün ailə başçısı X7 təsərrüfat üzvlərinin siyahısında, gəlini - xx.xx.1988-ci il təvəllüdlü X16 adı qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə 2005-ci ildə köçdüyünü nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə oradan istifadə hüququ olan şəxsin münasibətlərindən bəhs olunduğuna görə, bu normanın hazırki işə tətbiq edilməsinin mümkünlüyü üçün ilk növbədə mübahisəli yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmasını zəruridir. Mübahisəli mənzilin hüquqi statusu ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının gəlin köçdüyü və cavabdehin iddiaçını yaşamağa imkan vermədiyi mübahisəli fərdi yaşayış evi rəsmi dövlət qeydiyyatından keçməmişdir və mülkiyyətdə deyildir. Bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həllin tapmalıdır. Çünki Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli fərdi yaşayış evindən fasiləsiz istifadə etmiş, rəsmi nikahdan olan uşağı həmin evdə doğulmuş, ümumi təsərrüfat aparmış və evdən çıxarılana kimi orada yaşamışdır. Hazırda iddiaçıya məxsus cehiz əşyaları da mübahisəli evdədir. Bununla da, iddiaçının həmin evdən istifadə hüququ yaranmışdır. Məhkəmə sadalanan normaları sistemli şəkildə təhlil edib, iş materialları baxımından hüquqi qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi qanunamüvafiqdir. İddiaçı tələbində 0.3 ha torpaq sahəsində inşa edilmiş evə köçürülməsini tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının gəlin köçdüyü fərdi yaşayış evi ünvan 1ində cavabdehin mərhum atası və ailə üzvlərinin ümumbirgə mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi inşa edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Fizuli qızı Cavabdeh faktiki sahibliyində olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddia tələbində yaşayış hüququnun təmin edilməsi elə məhz evə köçürülməni ehtiva edir. Ümumiyyətlə qanunda yaşayış hüququ deyil də, yaşamaq hüququ anlayışı vardır. Həmin anlayış da elə iddiaçının evə köçürülməklə orada yaşamasını əhatə edir. Tələbin evin gün çıxan hissəsinə köçürülməsi isə anlaşılan deyildir. Əksinə iddiaçı evə köçürülüb orada yaşamaqla bütöv evdən istifadə edəcəkdir. Odur ki, bu hissələrdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Fizuli qızı Cavabdeh faktiki sahibliyində olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar