Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-169/2024 27.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, 9 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə, onun həmin fərdi-yaşayış evindən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus olan Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi dalan 1, 9 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır. Evində qeydiyyatda olan şəxslər barədə məlumat almaqdan ötrü polis şöbəsinə müraciət etmişdir. Həmin orqandan ona verilən yaşayış yeri üzrə qeydiyyatda olanlara dair arayışdan görmüşdür ki, qardaşı qızı Cavabdeh onun evində pasport qeydiyyatındadır. Cavabdehin onun evinə necə pasport qeydiyyatına düşdüyünü bilmir. Hazırda cavabdehin harada yaşaması haqda heç bir məlumatı yoxdur. Bununla bağlı polisə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. ünvan 1 ünvanında yerləşən ev onun mülkiyyətindədir. Cavabdehin harada yaşamasına dair məlumatı yoxdur və bu haqda polis orqanına müraciət etsə də cavabdehin harada yaşamasına dair məlumat əldə edə bilməmişdir. Cavabdehin pasport çıxmaması iddiaçı kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehin harada yaşaması da ona məlum deyil. İddiaçı sonradan MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, 9 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək bildirdi ki, Cavabdeh onun qardaşı qızıdır. Onun nə vaxtdan mülkiyyətində olan evə qeydiyyata alındığını bilmir. Cavabdeh bir müddət həmin ünvanda yaşamışdır. Sözügedən ünvan 2 yaşayış evi 15 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qardaşı X4 tərəfindən ona bağışlanılmış, o da həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, müvafiq çıxarış əldə etmişdir. Cavabdeh onun mülkiyyətində olan evdə qeydiyyatda olmasına baxmayaraq uzun illərdir ki onun harada yaşamasından məlumatı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 9 nömrəli ünvanda X7 və Cavabdeh qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X1 şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 9 nömrəli fərdi yaşayış evini hədiyyə alan İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 9 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx-xx/3929 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 yaşayış evində qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. xx.xx.2023-cü il tarixli, 20293 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə mənzildən istifadə hüququna xitam verilməsi və mülkiyyətin müdafiəsi ilə bağlı yaranmış mübahisədir. Ona görə də yaranmış mübahisəyə aşağıdakı hüquq normaları əsasında qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi bu hüququ daha da inkişaf etdirməklə 6-cı maddəsində mülkiyyətinin toxunulmazlığını mülki dövriyyətinin əsas prinsipi kimi müəyyən etmiş, həmçinin mülkiyyət hüququnun mahiyyətini daha geniş açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152-ci maddəsi). Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İnsan Hüquqlarının və X3 X2 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Cavabdeh iddiaçıya məxsus evdə qeydiyyatda olmaqla bir müddət yaşasa da sonradan başqa evə köçmüşdür. Belə ki, məhkəmə əməkdaşı tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaq üçün cavabdeh ilə əlaqə saxlanılan zaman sonuncu bildirmişdir ki, iddiaçıya məxsus evdə qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, 100-cü korpus ünvanında yaşayır. Eyni zamanda cavabdeh məhkəmə iclaslarından yayınmış, habelə, iddia ərizəsinə qarşı məhkəməyə hər hansı etiraz ünvanlamamışdır. Bir növ cavabdeh iddia ərizəsinə münasibətdə hərəkətsiz qalmaqla onun qeydiyyatda olduğu yaşayış sahəsinə ehtiyacının olmamasını ifadə etmişdir. Məhz bu əsaslara görə məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya məxsus evdən istifadəsinə ehtiyacı qalmamışdır. Bu halın mövcudluğu cavabdehin istifadə hüququna xitam verilməsinin kompensasiya ödəmədən mümkün olmasına zəmin yaradır. Çünki cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxmışdır. “Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Qərarda daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun yaşayış sahəsinə ehtiyacı olmadığından cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 9 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-169/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-169/2024
27.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver