Məhkəmə qərarları › İş №2(049)-1715/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1715/2025

14.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1715/2025 14.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı su ötürücü borunun çıxarılması, su ötürücü kanalın açılması, həmin kanalın su ötürücü qabiliyyətinin bərpa edilməsi, qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı evin həyətinə qonşu həyətdən hasarın altından çəkilmiş su ötürücü borunun cavabdehlərin hesabına çıxarılması, 2021-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən qrunt və çirkab sularının axıdılması üçün qazdırılmış su ötürücü kanalın açılması, həmin kanalın su ötürücü qabiliyyətinin cavabdehlər tərəfindən bərpa edilməsi, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və 101 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Şıxəkəran kəndində qeydiyyatda olmaqla orada ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev onun mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsi isə onun, X3, Nümayəndə, X1 ümumi mülkiyyətindədir. Həmin torpaq sahəsi onlara Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə həyətyanı torpaq sahəsi kimi verilmişdir. Qeyd edilən torpaq sahəsi 0.23 hektar rəsmiləşdirilsə də, faktiki olaraq 0.29 hektardan ibarət olmuş, həmin vaxtdan da 0.29 hektar torpaq sahəsi faktiki olaraq onların istifadəsindədir. Qonşuluqda yerləşən bütün torpaq sahələrinin də mülkiyyətçiləri vardır. Keçmiş dövrdən faktiki olaraq istifadədə olan, 1998-ci ildə isə rəsmiləşdirilmiş 0.06 hektar torpaq sahəsinə münasibətdə digər qonşu torpaq sahələri mülkiyyətçilərinin hazırki vaxtadək heç bir iddia və tələbləri olmamış, hazırda da yoxdur. Qeyd olunan torpaq sahəsinin və evin onların mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da verilmişdir. Onun 5 övladı vardır və ərinin vəfatından sonra iki otaqlı köhnə evini sökərək övladları üçün yeni ev inşa etdirmişdir. Onların evinin arxa hissəsindəki küçənin qərb tərəfində 15-16 il bundan əvvəl Mövsüm kişi adlı ağsaqqal yaşamışdır. Mövsüm kişi onlar evdə olmadığı zaman həyətyanı sahəni daşla əhatəyə aldığı zaman küçə kənarındakı xəndəyi içəri salmaqla, yerin altından öz həyətindən onların həyətinə dəmir boru çəkmiş və bu barədə sonradan ona dediyi üçün o da ağsaqqala heç bir söz deməmişdir. Təxminən 5-6 il olar ki, həmin şəxs vəfat etmişdir. Zaman keçdikcə onun həyəti yağış və çirkab sularla dolmağa başlamışdır. Onun həyətindəki boruya başqa kimlər tərəfindən əlavə boru qoşulması barədə məlumatı yoxdur. 2021-ci ilin mart ayında çirkab sularının həyətinə gəlməməsi üçün həyətdə çəkilmiş borunun çıxarılması barədə Lənkəran Şəhər İcra Hakimiyyətinə rəsmi müraciəti olmuş, ərizəsi əsasında yerində yoxlama aparılmış və müraciətinin doğru olduğu müəyyən edilmişdir. Həmin gün köhnə xəndək yenidən qazılmışdır. Güclü yağış olduğundan həyətinə salınmış borunun çıxarılması Cavabdeh1 tapşırılmışdır. Həmin gündən sonra mütəmadi olaraq Cavabdeh1 və Cavabdeh2 tərəfindən tanımadığı adamlar və bir neçə polis əməkdaşı onun həyətinə gətirilir, çirkab sularının çaya yox, həyətinə axıdılmalı olduğu bildirilir və bu barədə fikirlərində israr edirlər. Qeyd olunan su ötürücü kanal 2021-ci ildə çəkilmiş və bir neçə ay bundan əvvələdək çirkab sularının ümumi su ötürücü kanala axıdılması təmin edilməklə, onun həyətinə axmasının qarşısı qismən alınmışdır. Lakin Cavabdeh1 və Cavabdeh2 həmin çirkab sularının onun həyətinə axıdılması üçün qazılmış kanalın üstünü yenidən torpaqla örtmüş və bundan sonra hasarın altından həyətə keçən boru vasitəsilə qrunt sularının onların həyətinə axıdılması davam edir. Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni hərəkətlərini hazırda da davam etdirirlər. Hətta 2023-cü ilin yay aylarında onu polis şöbəsinə aparmaq istəsələr də ora getməmiş, etibarnamə üzrə nümayəndəsi olan qohumu X2 onlarla göndərmişdir. Polis şöbəsində nümayəndəsinə çirkab suların həyətinə axıdılmasına razılıq verilməsi barədə ərizə yazılması tələb edilmiş, nümayəndəsi isə həmin məzmunlu razılıq ərizəsini yazmaqdan imtina etdiyindən cavabdehlər öz istəklərinə nail ola bilməmişlər. Bundan sonra cavabdehlər yenə də öz qanunsuz hərəkətlərini mütəmadi olaraq davam etdirmişlər. Cavabdehlər öz qanunsuz tələblərinin yerinə yetirilmədiyini görüb 2025-ci ilin mart ayında icra hakimiyyəti tərəfindən çəkilmiş su ötrücü kanalın su ötürücü hissəsinə boru basdırmışlar. Axar sular çaya deyil, yenə də onun həyətinə tökülməkdədir. Mövsüm kişinin oğlu hazırda Rusiya Federasiyasındadır və orada bizneslə məşğul olur, son vaxtlar məlum olmuşdur ki, o da həmin borunun çıxarılmamasında maraqlıdır. Cavabdehlərin etdikləri qanunsuz hərəkətlərinə son qoyulmasını tələb etsə də, onlar bu hərəkətlərinə son qoymadıqlarından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edib iddia tələbində dəqiqləşmə apararaq iddia ərizəsində cavabdeh kimi qeyd edilən Cavabdeh2 qarşı iddiaçının iddia tələbinin olmadığını, iddia tələbinin qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclaslarında hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddiaçının iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, iddiaçıya qarşı hər hansı qanunsuz hərəkətə yol verməmiş və hazırki tələbdə qeyd edilən su ötürücü borunun çəkilməsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan cəmi 0.29 hektar torpaq sahəsinin zəbt olunmuş hissəsinin girişində su ötürücü boru vardır və həmin borudan su ötürücü kanal keçir. Qeyd olunan boru və kanal torpaq islahatından da əvvəl mövcud olmaqla, qrunt və çirkab suların axıdılması üçün nəzərdə tutulmuşdur. İddiaçının özünün qeyd etdiyi kimi, həmin boru onun mərhum qonşusu olmuş Mövsüm adlı şəxs tərəfindən çəkilmiş, onun vəfatından sonra iddiaçı həmin su ötürücü borunun maneə törətdiyini deyərək özü həmin borunun qarşısını bağlamış və bundan sonra yenə də aidiyyəti qrumlara şikayətlər etmişdir. Qeyd olunan boru və kanalla bağlı Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ildə və sonrakı illərdə hər hansı sərəncam verilməmişdir. İcra hakimiyyətinin nümayəndələri tərəfindən əraziyə baxış keçirilmiş və alternativ kanal qazılmış, bu kanal ümumi istifadədə olan yoldan keçdiyindən kanala plastik borular döşənmiş və yoldan istifadəyə maneə yaranmaması üçün üstü torpaqla örtülmüşdür. Lakin həmin kanal suyun təbii axarının əksi istiqamətində olduğu üçün qrunt və çirkab sularının axıdılmasını tam təmin etməmişdir. Qeyd edilən borudan qrunt və çirkab sularının axıdılması üçün nəzərdə tutulan həmin boruların qarşısı açıq olmaqla, nə onun özü, nə də başqa şəxs tərəfindən bağlanmamışdır. O, hazırki mübahisə ilə əlaqədar iddiaçının həyətinə tək getməmiş, bələdiyyənin nümayəndəsi kimi icra başçısının tapşırığına əsasən, icra hakimiyyətinin nümayəndəsi və rayon polis şöbəsinin rəis müavini, həmçinin, kənd icra nümayəndəsi Cavabdeh2 ilə birlikdə getmişdir. Onlar getdiyi vaxt iddiaçı hər hansı maneə törətməmiş, lakin hava yağıntılı olduğundan borunun istiqamətinin dəyişdirilməsi başqa vaxta saxlanılmışdır. Lakin qeyd olunan tələblə bağlı onun fiziki şəxs olaraq iddiaçı ilə heç bir müahisəli məsələsi olmamış, o, hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Qeyd olunan borunun, həmçinin, su ötürücü kanalın ona hər hansı aidiyyəti yoxdur. Ona görə də iddiaçının ona qarşı olan hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar mübahisə predmetinə aid olan, Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı və digər şəxslərin ümumi birgə mülkiyyətində olan 0.23 hektar həyətyanı torpaq sahəsi və faktiki istifadədə olan (zəbt) 0.06 hektar torpaq sahəsinin mövcud vəziyyəti ilə bağlı mütəxəssis arayışı verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilmişdir. Həmin orqan tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis arayışı (rəyi) ilə müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli **********42-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçının və qeyrilərinin ümumi birgə mülkiyyətində olan, Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən 0.23 hektar və həmin Texniki Pasporta əsasən iddiaçının və qeyrilərinin istifadəsində (zəbt torpaq sahəsi) olan, bələdiyyə mülkiyyətinə aid 0.06 hektar - ümumilikdə 0.29 hektar torpaq sahəsinin texniki pasport sənədi üzrə koordinatları ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Eyni zamanda, araşdırma zamanı iddiaçının və qeyrilərinin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.30 hektar olması müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli **********42-10301 reyestr nömrəli Texniki Pasporta əsasən iddiaçının və qeyrilərinin ümumi birgə mülkiyyətində olan, Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən 0.23 hektar və həmin Texniki Pasporta əsasən iddiaçının və qeyrilərinin istifadəsində (zəbt torpaq sahəsi) olan, bələdiyyə mülkiyyətinə aid 0.06 hektar - ümumilikdə 0.29 hektar torpaq sahəsində faktiki vəziyyətdə su ötürücü borunun mövcud olmaması müəyyən olunmuşdur. Qeyd olunan su ötürücü borunun iddiaçının və qeyrilərinin faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudlarından kənarda, yolun (küçənin) asfalt örtüyünün altında, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunan ərazidə qrunt və çirkab sularının axıdılması üçün qazılmış su ötürücü kanalın faktiki vəziyyətdə mövcud olmaması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə su ötürücü kanal kimi mübahisələndirilən 0,0017 hektar torpaq sahəsinin **********42-10301 reyestr nömrəli Texniki Pasporta əsasən iddiaçının və qeyrilərinin istifadəsində (zəbt torpaq sahəsi) olan, bələdiyyə mülkiyyətindəki 0.06 hektar torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib mütəxəssis arayışını və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şıxəkəran kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 12-34/82 nömrəli arayışı, Torpağın mülkiyyətə verilməsinə dair JN- 171F KOD 80222028 nömrəli şəhadətnamənin xx.xx.2022-ci il tarixli ********** nömrəli (reyestr nömrəsi **********42-10301) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və xx.xx.2022-ci il tarixli **********42-10301 reyestr nömrəli Texniki Pasportun surətləri, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2021-ci il tarixli Q-18-118 nömrəli və xx.xx.2022-ci il tarixli Q-18/2-038 nömrəli məktubları, Lənkəran regional ədliyyə idarəsinin xx.xx.2022-ci il tarixli Q-379 nömrəli məktubu, Lənkəran rayon Xolmili-Şıxəkəran Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubu, həmin bələdiyyə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli 7 nömrəli məktub və ona əlavə edilmiş sənədlər, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzləri ilə müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu Şıxəkəran kəndində yaşayır. Həmin kəndin ərazisindən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə 0.23 hektar torpaq sahəsi verilmişdir. 0.23 hektar torpaq sahəsi hazırda iddiaçı və onun ailə üzvlərinin, qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə iddiaçının özünün xüsusi mülkiyyətindədir. Qeyd olunan daşınmaz əmlaklara dair iddiaçı və onun ailə üzvlərinin adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. İddiaçı hazırki mübahisəli məsələ ilə bağlı ayrı-ayrı vaxtlarda müxtəlif orqanlara müraciət etmiş, həmin müddətlərdə adı çəkilən orqanlar tərəfindən mübahisəli məsələnin həllinə təşəbbüs göstərilmiş, son nəticədə isə iddiaçıya məhkəmyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu, mütəxəssis arayışının (rəy) verilməsi üçün 95 manat vəsait ödəmişdir. Hazırda iddiaçı Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən, özünün mülkiyyətində olan və yaşadığı evin həyətinə qonşu həyətdən hasarın altından çəkilmiş su ötürücü borunun Cavabdeh1 hesabına çıxarılmasını, 2021-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən qrunt və çirkab sularının axıdılması üçün qazdırılmış su ötürücü kanalın açılmasını, həmin kanalın su ötürücü qabiliyyətinin cavabdeh tərəfindən bərpa edilməsini, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını və 101 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı hazırki iddia tələblərinin əsası kimi cavabdehin çirkab sularının onun həyətinə axıdılması üçün qazılmış kanalın üstünü yenidən torpaqla örtdüyünü iddia edir və bundan sonra hasarın altından həyətə keçən boru vasitəsilə qrunt sularının onların həyətinə axıdıldığını, cavabdehin qeyri-qanuni hərəkətlərinin hazırda da davam etdiyini bildirir. Cavabdeh iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq hazırki tələbdə qeyd edilən su ötürücü borunun çəkilməsi ilə heç bir əlaqəsi olmadığını, qeyd olunan borunun, həmçinin, su ötürücü kanalın iddiaçının faktiki olaraq istifadə etdiyi, lakin bələdiyyə mülkiyyətində olan ərazidə yerləşdiyini, həmin boru və kanalın torpaq islahatından əvvəl quraşdırıldığını, ona hər hansı aidiyyəti olmadığını, həmçinin, iddiaçıya qarşı hər hansı qanunsuz hərəkətə yol vermədiyini bildirir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü və iddiaçının özünün də etiraf etdiyi kimi, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətə dəmir boru hazırki iş üzrə cavabdeh tərəfindən və ya onun göstərişi ilə deyil, iddiaçının keçmiş qonşusu olmuş və bir neçə il əvvəl vəfat etmiş şəxs tərəfindən çəkilmiş və o zaman iddiaçı da buna etiraz bildirməmişdir. Qeyd olunan boru və kanal torpaq islahatından əvvəl də mövcud olmaqla, qrunt və çirkab suların axıdılması üçün nəzərdə tutulmuşdur. Həmin boru uzun illər əvvəl iddiaçının qonşusu olmuş Mövsüm adlı şəxs tərəfindən çəkilmişdir. Belə olan halda, iddiaçının özünün mülkiyyətində olan və yaşadığı evin həyətinə qonşu həyətdən hasarın altından çəkilmiş su ötürücü borunun cavabdehin hesabına çıxarılmasını hansı hüquqi əsasla tələb etməsi bəlli deyildir. Eyni zamanda, Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid torpaq sahəsinə mütəxəssis tərəfindən yerində müayinə zamanı iddiaçının və ailə üzvlərinin sənəd üzrə istifadəsində olan 0.23 hektar və faktiki istifadəsində (zəbt torpaq sahəsi) olan, bələdiyyə mülkiyyətinə aid 0.06 hektar - ümumilikdə 0.29 hektar torpaq sahəsində faktiki vəziyyətdə su ötürücü borunun mövcud olmaması, su ötürücü kanal kimi mübahisələndirilən 0,0017 hektar torpaq sahəsinin **********42-10301 reyestr nömrəli Texniki Pasporta əsasən iddiaçının və qeyrilərinin istifadəsində (zəbt torpaq sahəsi) olan, bələdiyyə mülkiyyətindəki 0.06 hektar torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən quraşdırılmış hər hansı su ötürücü borunun mövcud olması faktı sübuta yetirilmədiyindən, iddiaçının faktiki istifadəsində (zəbt torpaq sahəsi) olan zəbt torpaq sahəsinin girişində, ümumi istifadədə olan yolun altından çəkilmiş su ötürücü borunun iddiaçının mərhum qonşusu tərəfindən çəkilməklə, hazırki iş üzrə cavabdehə hər hansı aidiyyəti olmadığından iddia tələbinin Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətində olan və yaşadığı evin həyətinə qonşu həyətdən hasarın altından çəkilmiş su ötürücü borunun cavabdehin hesabına çıxarılması tələbinə dair hissəsi təmin edilməməlidir. İddiaçı iddia tələbinin digər hissəsində 2021-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən qrunt və çirkab sularının axıdılması üçün qazdırılmış su ötürücü kanalın açılmasını, həmin kanalın su ötürücü qabiliyyətinin cavabdeh tərəfindən bərpa edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən hər hansı su ötürücü kanal bağlanmamışdır. Qeyd olunan kanal qrunt sularının axıdılmasının asanlaşdırılması məqsədi ilə qazılmış, ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə maneə olmaması üçün həmin kanala borular döşənmiş və üstü torpaqla örtülmüşdür. Bu kanalın qazılması və boruların döşənməsi iddiaçının hüquq və mənafelərinə toxunmamaqla yanaşı, eyni zamanda, fiziki şəxs olaraq cavabdeh tərəfindən də yerinə yetirilməmişdir. Eyni zamanda, qeyd olunan boru və kanalla bağlı Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ildə və sonrakı illərdə hər hansı sərəncam verilmiş olması müəyyən edilməmişdir. Qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçı öz iddia tələbinin digər hissəsinə münasibətdə özünün mülkiyyətində və ya qanuni istifadəsində olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə bağlı, həmin torpaq sahəsində yerləşən su ötürücü kanal ilə bağlı tələb irəli sürməklə, həmin iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmiş iddia hesab edilir. Bundan əlavə, cavabdeh tərəfindən hər hansı su ötürücü kanal bağlanmadığından həmin şəxs su ötürücü kanalın açılmasına görə də hər hansı məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə araşdırdığı faktlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddia tələbinin 2021-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən qrunt və çirkab sularının axıdılması üçün qazdırılmış su ötürücü kanalın açılması, həmin kanalın su ötürücü qabiliyyətinin cavabdeh tərəfindən bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair hissəsi də təmin edilməməlidir. İddiaçı öz iddia tələbində cavabdeh tərəfindən qanunsuz hərəkətlərin bu gün də davam etdiyini iddia etsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verildiyi aşkar edilməmiş, iddiaçının bununla bağlı dəlilləri öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis arayışının (rəy) verilməsi üçün ödənilmiş 95 manat vəsait də iddiaçının özlünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Cavabdeh1 qarşı Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən, özünün mülkiyyətində olan və yaşadığı evin həyətinə qonşu həyətdən hasarın altından çəkilmiş su ötürücü borunun cavabdehin hesabına çıxarılması, 2021-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən qrunt və çirkab sularının axıdılması üçün qazdırılmış su ötürücü kanalın açılması, həmin kanalın su ötürücü qabiliyyətinin cavabdeh tərəfindən bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia tələbi təmin edilməsin. İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu, mütəxəssis arayışının (rəy) verilməsi üçün ödənilmiş 95 manat vəsait iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar