Məhkəmə qərarları › İş №2(049)-1752/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1752/2024

05.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1752/2024 05.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X2 X3 İdarəsinin onun işdən çıxarılmağına dair 18 iyul 2023-cü il tarixli, 14-2-2-10/ 3-1K-173/2023 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləsuvar rayon Xırmandalı kəndində yaşamaqla ailədir, himayəsində 2 nəfər azyaşlı uşağı vardır. 2015-ci ildən Biləsuvar Qaz istismar idarəsində çilingər işləyir. İşlədiyi müddət ərzində heç bir töhmət və cəza almamış, mükafatlandırılmışdır. 18 iyul 2023-cü il tarixdə Biləsuvar rayonunda işdə olarkən idarədən ona işdə olmadığından Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edildiyi bildirilmişdir. O, işdə olduğunu bildirsə də buna əhəmiyyət verilməmiş və o, işdən azd olunmuşdur. Buna görə o, mediasiyaya müraciət edərək mediasiyadan keçmişdir. Cavabdeh təşkilat mediasiyaya gəlməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın barəsində verdiyi 18 iyul 2023-cü il tarixli, 14-2-2-10/ 3-1K-173/2023 saylı əmri qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən verilmiş əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində istinad edilməklə əmək münasibətlərinə xitam verilmişdir. O, əmrdən başa düşə bilmir ki, hansı gün işdə olmamış və hansı gün işdə olmamağına görə işdən azad olunmuşdur. Çünki o, bütün günlər işdə olmuşdur. Ona həmkarlar təşkilatı tərəfindən heç bir məlumat verilməmiş və işdə olmamağı heç yerdə müzakirə olunmamışdır. Məhkəmənin 05 iyun 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil razılığı əsasında iş üzrə cavabdeh Lənkəran X3 İdarəsi, əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilmiş, iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin göstərilənlərə uyğun məzmunlu çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 05 iyun 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək, mülki iş materiallarının ərazi aidiyyəti üzrə cavabdehin hüquqi ünvanı üzrə müvafiq məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan müvafiq sənədlərdən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin hüquqi ünvanı “ünvan 1umu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 2021-ci il 30 iyul tarixli Qərarında əmək münasibətləri baxımından qeyd etmişdir ki, hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filial və nümayəndəlikləri əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləridirlər. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir. Belə ki, mülki hüquq münasibətlərində hüquqi şəxs hər hansı müqavilənin bərabər hüquqlu subyekti olaraq istənilən tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “işə bərpa” tələbinə mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “işə bərpa” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar