Məhkəmə qərarları › İş №2(049)-1813/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1813/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1813/2023 05.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçının nümayəndəsi: X2, cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı "Daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsi, fərdi yşayış evinin boşaldılaraq banka təvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Lənkəran rayonu 1 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 02 noyabr 2018ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Lənkəran şəhəri, X7 küçəsi, ev 22C ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Lənkəran rayonu 1 saylı Notariat ofisində notarial qaydada təstiq edilmişdir. Həmin müqaviləyə əsasən Lənkəran şəhəri, X7 küçəsi, ev 22C ünvanında yerləşən fərdi yaşayış evinin nisyə alqısatqı qaydasında 41657 (qırx bir min altı yüz əlli yeddi) manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pulu satıcıya - "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (İddiaçı ASC-nə) notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, qalan 16657 (on altı min altı yüz əlli yeddi ) manatı isə xx.xx.2022-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (İddiaçı Açıq Səhmdar Cəmiyyətinə) tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17 mart 2023- cü il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmiş, Lənkəran şəhəri, X7 küçəsi, ev 22C ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ğlu arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Lənkəran şəhəri, X7 küçəsi, ev 22C vanında yerləşən fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməlidir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə - əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın qəbul etdiyini, banka 16.657 manat borcu qaldığını, hazırda işləmədiyini, borcunun ödənilməsini koronavirus pandemiyası dövrünə düşməsini, ikincii qrup əlil olduğunu nəzərə alaraq borcunu hissə hissə ödəyəcəyini bildirdi. Cavabdeh izahatında göstərdiklərini yazılı şəkildə məhkəməyə təqdim etmiş və ərizə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 20 noyabr 2018-ci il tarixli Lənkəran rayonu 1 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Lənkəran şəhəri, X7 küçəsi, ev 22C ünvanında yerləşən fərdi yaşayış evinin nisyə alqı-satqı qaydasında 41657 manata Cavabdeh satılması nəzərdə tutulmuş, həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh 25000 manat məbləğində pulu satıcıya - "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (İddiaçı ASCnə) notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, qalan 16657 manatı isə xx.xx.2022-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (İddiaçı Açıq Səhmdar Cəmiyyətinə) tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 17 mart 2023- cü il tarixli məktubdan görünür ki, Cavabdeh poçt vasitəsilə mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 421.3-cü maddəsinin tələbinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, habelə cavabdehin izahatından müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı daşınmaz əmlakın dəyərini hissə-hissə ödəməklə bağlı üzərinə öhdəlik götürsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliyi tam icra etməmişdir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən ödənilmiş 100 manat dövlət rüsumu da MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış və Lənkəran Rayon 1 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 02 noyabr 2018-ci il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilsin. İddiaçı X3 mülkiyyətində olan Lənkəran şəhəri, X7 küçəsi ev 22C ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İş üzrə ödənilmiş 100.40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar