Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-182/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi» tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin qanunsuz olaraq zəbt etdikləri Lənkəran rayonu, Velədi kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsində inşa etdikləri qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci il Lənkəran rayonu, Velədi kəndində özü üçün 0,06 ha həyətyanı torpaq sahəsi almışdır, bu barədə adına Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MN ******* nömrəli çıxarış da verilmişdir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin Çıxarışın reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi 220801811, qeydiyyat tarixi isə xx.xx.2008-ci ildir. İddiaçı həmişə torpaq sahəsinə gedib, nəzarət etmişdir və qonşuluqda yaşayan iş üzrə Cavabdeh da özünə məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikməsinin şahidi olmuşdur. İddiaçı elə bilmişdir ki, iş üzrə Cavabdeh tikdirdiyi fərdi yaşayış evini özünə məxsus torpaq sahəsində inşa etdirir. Ona görə də, ona hər hansı bir etirazı da olmamışdır. Bu yaxınlarda, iddiaçı, pula ehtiyacı olduğu üçün özünə məxsus həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bununla bağlı, iddiaçı, ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinə müraciət etmişdir ki, onlar təkrarən iddiaçının mülkiyyətində olan, qeyd olunan torpaq sahəsi yerini naturada ona göstərsinlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsi əməkdaşları qeyd olunan əraziyə gələrək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada yerini ona tanıtmaq istəyiblər. Lakin məlum olub ki, iş üzrə Cavabdeh iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsini zəbt edibdir, onun tikdirdiyi fərdi yaşayış evi də iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Buna görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinin əməkdaşları iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada yerini ona tanıda bilməmişlər və bu barədə ona imtina məktubu veriblər. Bundan sonra, iddiaçı, yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinə müraciət edib ki, onlar heç olmasa iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinat nöqtələrini müəyyən edərək iddiaçıya göstərsinlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinin əməkdaşları qeyd olunan əraziyə gələrək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarını müəyyən etmək istəyəndə iş üzrə cavabdeh və onun ailə üzvləri buna mane olmuşlar və hər hansı iş görməyə imkan verməmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinin əməkdaşları da ortada mübahisə olduğunu görüb, iddiaçıya imtina məktubu verərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Beləliklə də, Cavabdeh və onun ailə üzvləri iddiaçının mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsindən öz mülkiyyətləri kimi istifadə edir və hətta yuxarıda qeyd edilən kimi orada özü üçün qanunsuz olaraq fərdi yaşayış evi tikərək orada yaşayırlar. İddiaçı onunla dəfələrlə söhbət aparmışdır ki, əgər iddiaçının torpaq sahəsini istəyirsə, pulunu versin və iddiaçı da torpaq sahəsini onun adına sənədləşdirsin. Cavabdeh iddiaçının dedikləri ilə razılaşmır və eyni zamanda iddiaçının mülkiyyəti olan torpaq sahəsini də zəbtdən azad etmək istəmir. Məhz bu səbəbdən iddiaçı cavabdehin bu qanunsuz və özbaşına hərəkətlərindən məhkəməyə müraciət edir. İddiaçı oğlu məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, nə o, özü nə də ki, ailə üzvləri İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişlər və orada heç bir tikili inşa etməmişlər. Belə ki, ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş **********01 reyestr nömrəli , ********* qeydiyyat nömrəli xx.xx.2008-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Velədi kəndində yerləşən 0,06 ha ölçüdə “yaşayış məntəqəsi təyinatlı” torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 10/2963 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2963/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, 22080181 qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-743A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) və **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq X2 və X3 istifadəsində olması müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsində qeyd edilmişdir ki, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbində İddiaçı Cavabdeh və ailə üzvlərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsindn çıxarılması və orada cavabdeh tərəfindən inşa edilən tikililərin sökülməsini tələb edir. Lakin cavabdeh məhkəmə iclasında bunu təkzib edərək, idiaçıya məxsus olan torpaq sahəsini zəbt etmədiyini və orada tikili tikmədiyini bildirir. İş materiallarına əlavə edilmiş ekspert rəyində də İddiaçı mülkiyyətində olan, Lənkəran rayonu, Velədi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq X2 və X3 istifadəsində olmasının müəyyən olunması qeyd edilir. Beləliklə məhkəmə baxışı zamanı işin faktiki hallarından Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi müəyyən olunmamışdır. Həmçinin İddiaçı iddia tələbini cavabdehin ailə üzvlərinə qarşı da irəli sürməsinə baxmayaraq iddia ərizəsində həmin “ailə üzvlərinin” kimlərdən ibarət olduğunu (soyadı, adı, atasının adı, ünvanı, fərdi eyniləşdirmə məlumatları və s.) qeyd etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3 maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda iddia tələbi işin məhkəmə iclasında araşdırılan halları ilə öz təsdiqini tapmır. Odur ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edilmədiyinə görə İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab: AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi» tələbi barədə iddiası təmin edilməsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN:**********, Hesab:AZ34CTRE ********************) xeyrinə tutulsun. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-182/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-182/2025
23.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver