Məhkəmə qərarları › İş №2(049)-185/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-185/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-185/2025 07.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh və digər Cavabdeh1 nümayəndəsi olan Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2024-cü il tarixli keşmiş həyat yoldaşı Cavabdeh1 tərəfindən keçmiş qaynatası Cavabdeh2 verilmiş bağışlama müqaviləsi və Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 18 iyun 1992-ci il tarixdə evlənmişlər. Birgə nikahlarından 30 noyabr 1999-cu X1, 05 iyul 2001-ci il tarixdə X4 və 08 iyul 2008-ci il tarixdə X2 adında uşaqları dünyaya gəlmişdir. Onun işləri xarici ölkədə olduğuna görə arvadı Cavabdeh1 əmlaklarının idarə edilməsi üçün etibarnamə verərək xaricə getmişdir. 14 noyabr 2023-ci il tarixdə isə cavabdeh arvadı ilə boşanmaq üçün iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-194/2024 saylı, 14 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında olan nikah pozulmuşdur. Onun işlərinə başı qarışdığı üçün arvadına verdiyi etibarnaməni ləğv etdirmək yadından çıxmışdır. Bunu fürsət bilən Cavabdeh1 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 33.7 kv.m. olan 0,0041 ha torpaq sahəsi olan qeyri-yaşayış binasını 01 oktyabr 2024-cü il tarixdə öz doğma atası Cavabdeh2 Mübariz oğluna bağışlama müqaviləsinə əsasən bağışlamışdır. Cavabdeh1 doğma atası Cavabdeh2 Mübariz oğlu da onun qızından artıq iyun ayında boşandığını bildiyi halda həmin əmlakı qəbul etmiş və öz mülkiyyətinə yönəldərək həmin əmlaka dair Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11 oktyabr 2024-cü il tarixdə çıxarış əldə etmişdir. O, bu məsələdən bir neçə gün bundan əvvəl məlumat əldə etmiş və dərhal etibarnaməni ləğv etdirmişdir. Lakin artıq keçmiş qaynatası əsassız olaraq həmin əmlakı əldə edərək çıxarış aldığı üçün o, da bağışlama müqaviləsinin və həmin çıxarışın etibarsız sayılması üçün məhkəməyə müraciət etmək məcbuyriyyətində qalmışdır. Onu da xüsusilə qeyd etmək istəyir ki, həmin əmlak tikilərkən onun adına tikilmiş, həmin əmlakın ilkin sənədləri onun adına olmuş, sonradan o, ilkin sənədlər əsasında çıxarış əldə etmişdir. Yəni ki, o, arvadı ilə evlənməmişdən əvvəl həmin əmlak onun adına olmuşdur. Keçmiş qaynatası Qurbana münasibətdə əsassız varlandığı üçün əldə etdiyi əmlakı geri qaytarmalı və həmin əmlakla bağlı ona verilmiş çıxarış etibarsız hesab edilməlidir. Məhkəmənin qərardadı ilə Lənkəran regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran regional “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.4-cü maddəsinə əsasən işə Cavabdeh1 və Lənkəran regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh1 ilə İddiaçı arasında olan rəsmi nikah qeydiyyatı pozularkən Cavabdeh2 da həmin iş üzrə məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi qismində iştirak etmişdir. Belə ki, Cavabdeh1 aralarında olan rəsmi nikah məhkəmə tərəfindən ləğv edildikdən sonra İddiaçı məxsus daşınmaz əmlakı ona verilmiş etibarnamədən sui istifadə etməklə atası Cavabdeh2 bağışlamış, atası Cavabdeh2 da qızı ilə Anarın arasında olan mübahisəni biləbilə həmin əmlakı mülkiyyətinə qəbul etmişdir. Həmçinin Cavabdeh1 həmin daşınmaz əmlakı atasına bağışlayarkən bu barədə əmlakın mülkiyyətçisi olan İddiaçı heç bir məlumat verməmişdir və Anarın bütün bu baş verənlərdən məlumatı olmamışdır. Bütün bu hallar Sevdanın onun adına etibarnamə olduğundan sui istifadə etməklə, Anardan gizlin onun sözügedən əmlakını özgəninkiləşdirdiyini göstərir. Belə ki, Anarla, Sevdanın arasında olan ər-arvad münasibətləri pozulduğundan və onların arasında olan rəsmi nikah qeydi də məhkəmə qaydasında pozulduqdan sonra Sevdanın, Anarın adından onun əmlakını öz atasına bağışlaması və bu barədə Anarı məlumatlandırmaması Sevdanın bu müqaviləni adına etibarnamənin olmasından sui istifadə etməklə, Anardan gizlin bağlamasının göstəricisidir. Etibarnaməni imzaladıqdan sonra uzun müddət keçdiyindən Anar boşanarkən həmin etibarnaməni ləğv etdirməyi unutmuşdur, Sevda isə bunu fürsət bilərək, onun əmlakını özgəninkiləşdirmişdir. Anarın bütün bu baş verənlərdən məlumatı olmamışdır. Odur ki, bağışlama müqaviləsi Anarın iradə ifadəsi ilə bağlanmadığından həmin müqavilə və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məhkəmə qaydasında etibarsız hesab edilməlidir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində və məhkəmə iclasındakı izahatında Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı 18 iyun 1992-ci il tarixində Cavabdeh1yla evlənib,14 iyun 2024-cü il tarixində Sevdayla boşanıb. Bu cütlük ilk dəfə 1992-ci ildə deyil, 1998-ci ildə evləniblər. Sonra 2019-cu ildə boşanıb, yenidən 2022-ci ildə nigah bağlamışlar. Anar Avropaya yaxşı iş tapmaq bəhanəsiylə gedən zaman arvadını dediklərinə daha ”etibarlı” inandırması məqsədilə, əslində buna görə, əmlaklarını idarə etməsinə görə deyil Sevdaya etibarnamə də verib və arvadını inandıraraq ona deyib ki, xaricdə subay şəxslərə daha yaxşı iş verirlər, gəl müəyyən müddətə boşanaq, xaricdə yaxşı iş tapandan sonra yenə də evlənərik. Anarın verdiyi etibarnamə də Sevdada daha çox inam yaratdığından və ailənin mənafeyi üçün daha yaxşı iş xətrinə Sevda Anara inanaraq, heç onların da xəbəri olmadan Anarla 2019cu ilin fevral ayında boşanıb. X7 4-5 ay qalandan sonra guya işə hələlik düzələ bilmədiyinə görə Ləkərana qayıdıb. Boşanmada 3 illik əmlak tələbi müddəti ötsün deyə arvadını növbəti dəfə də aldadaraq arvadına Lənkəranda deyib ki, sənədlərini Avropada saxladılar və ona dedilər ki, get gözlə səni çağırıb, sənə yaxşı iş verəcəyik. Odur ki, Avropada yaxşı iş tapmağı xətrinə hələ təkrarən evlənməməklə gözləməlidirlər. Sevda da Anarın yalan vədlərinə inanaraq gözləmə məcburiyytində qalıb və beləliklə 3 ildən artıq müddət keçəndən sonra 2022-ci ilin yayında yenidən nigah bağlayıblar. İddiaçı Anar sonra qeyd edib ki, işlərinə başı qatışdığı üçün arvadına verdiyi etibarnaməni ləğv etdirmək yadındından çıxıb. Yaddaşsızlığını etiraf edən Anarın deyəsən həm də yadından çıxıb ki, o, 1.700 manatdan artıq əmək haqqı alır və sözü gedən əmlakın aylıq kirayə haqqı ilə birlikdə 3.000 manatdan artıq pulu ayda əldə edir. Qızına verdiyi etibarnamənin qüvvədə olduğu 7 ilə yaxın müddətdə Anar 3-4 il bekar qalıb və başqa şeylər yadına düşdüyü kimi etibarnamə də təbii olaraq yadına düşməli idi. Birdə ki, yaddançıxma işin tələbi üçün qanuni əsas ola bilməz. Yaddançıxma subut oluna bilməyən, yalan məqsədiylə işlənən əsassız, subyektiv, inandırıcı olmayan arqumentdir. Anar əslində özünü inkar etməklə özözünü məhkəməyə verib və onları nəyə görə cavabdeh hesab edir, bu aydın deyil. Belə ki, Anar bir yandan Sevdaya ehtibarnamə verməklə əmlakı bağışlamasına görə Sevdaya icazə verir, digər tərəfdən də Sevdanı məhkəməyə verir ki, mən deyəni niyə edib əmlakı bağışlayıbsan? Artıq burada Anar özü-özünü aşkar şəkildə inkar edir. Həm də işin xarakterindən aydın olur ki, Anar çıxarışı yazıb ona verən Asan Xidməti məhkəməyə verməsi əvəzinə ona gücü çatmayıb, nədənsə sənədi alanı, yəni onu məhkəməyə verib. Sual olunur ki, Anar boşanan zaman müqaviləni ləğv etdirsəydi, Asan Xidmət də Anarın yaddançıxartma ”qanun tələbi”nə əsasən çıxarış verməkdən imtina etsəydi, şübhəsizdir ki, onlar istəsəydilər də çıxarış əldə edə bilməzdilər. Anar Sevda ilə evənməmişdən qabaq həmin əmlak Anarın adına olduğunu iddia ərizəsində qeyd etsə də, Anarın bu iddiasının da doğru olmadığı aydın görünür. Belə ki, Anar öz iddia ərizəsində yazır ki, sözügedən daşınmaz əmlak barədə 03 may 2023-cü il tarixində Dövlət Reystrindən öz adına çıxarış verilib. X8 2022-ci il tarixində ikinci dəfə nigah bağlamaları faktı göstərir ki, iddiaçı məhkəməyə doğru yazmayıb. Anarla Sevdanın birgə nigah dövründə X11 Xidmətindən çıxarış alıb. Həm də etibarnamənin mahiyyətindən görünür ki, hətta Anarın 5 yaşında olan əmlakı belə Anarın 50 yaşında verdiyi etibarnaməsiylə tam qanuni olaraq başqasınınkılaşdırıla bilər. Boşanma işində Anar deyə bilərdi ki, o, arvadı ilə nigahdan qabaq əmlakı əldə etdiyinə görə bu əmlakdan arvadına pay düşməyir. Etibarnamə ilə bağışlayanda Anarın bunu deməsinin heç bir hüquqi əsası yoxdur. Anar əsassız varlanmadan danışsa da bunu sübut edən əsas kimi ancaq yaddan çıxartmasını göstərir ki, qanunda da yaddan çıxartma kimi əsas nəzərdə tutulmayıb. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 ona qarşı iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı ilə birgə nikah dövründə Anar ona bildirmişdir ki, onun işləri elədir ki, uzun müddət onlarla əlaqə saxlamaya bilər, onlardan əlaqəsi kəsilə bilər. Bu məqsədlə də ona xx.xx.2018-ci il tarixdə notarius vasitəsilə bütün əmlakına dair etibarnamə vermiş və ona bildirmişdir ki, birdən əgər nə vaxtsa onlarla əlaqa saxlaya bilməsə bütün əmlakını sərbəst surətdə idarə edə bilsin. Həmçinin Anar, ona bildirmişdir ki, bütün əmlakları onun və övladlarınındır. Nə vaxt istəsə həmin əmlakları ailənin təminatlarını təmin etmək üçün istədiyi kimi idarə edə bilər. Beləliklə də Anar onları atıb gedərək, başqa bir qadınla münasibət qurduğundan və uzun müddət onlarla əlaqə saxlamıdığından o, da Anarın ona əvvəl bildirdiklərini əsas tutaraq, ona verilmiş etibarnamə əsasında ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı bağışlama müqaviləsi ilə atası Cavabdeh2 bağışlamışdır. O, ona verilmiş qanuni etibarnamə əsasında Anarın adından həmin bağışlama müqaviləsini imzalamışdır. Həmin ərəfədə Anarı tapa bilmədiyindən ona bu barədə məlumat verə bilməmişdir. Həmçinin bağışlama müqaviləsi bağlandıqdan sonra da Anarı bu barədə məlumatlandırmamışdır. Onların arasında olan rəsmi nikah qeydi Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli müqaviləsi əsasında pozulmuşdu və həmin iş üzrə məhkəmə iclasında o, özü və atası Qurban Bağrov da onun nümayəndəsi kimi iştirak etmişdir. Lakin Anarla münasibətləri məhkəmə qətnaməsində çox əvvəl pozulmuşdur. İşin hallarından görünür ki, o, sözügedən bağışlama müqaviləsini imzalayarkən heç bir qanunu pozmayaraq, Anar tərəfindən ona verilmiş etibarnamə əsasında onun adından müqaviləni bağlamışdır. Belə ki, ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən : “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0041 ha torpaq sahəsində yerləşən 33,7 kv.m. sahəsi olan **********97-06301 reyestr nömrəli qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verilmiş 17350 reyestr nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə ilə İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh1 etibar etmişdir. Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş 4Ə-1590 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı tərəfindən Cavabdeh2 bağışlanmışdır. Həmin müqaviləni İddiaçı əvəzinə Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verilmiş 17350 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0041 ha torpaq sahəsində yerləşən 33,7 kv.m. sahəsi olan **********97-06301 reyestr nömrəli qeyri-yaşayış binası Cavabdeh2 xüsusi mülkiyyətindədir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3844 saylı arayışdan görünür ki, İddiaçı ilə X3 arasında Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.1998-ci il tarixdə 183 saylı rəsmi nikay qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Həbibova” soyadı verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-194/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh1 arasında Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 299 sayla qeydə alınmış nikah pozulmuşdur. Qətnamədən həmçinin görünür ki, həmin iş üzrə məhkəmə iclasında cavabdeh qismində Cavabdeh1 və onun nümayəndəsi qismində aatası Cavabdeh2 iştirak etmişlər. AZ-İ seriyalı 503195 saylı “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikahın pozulması haqqında Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə, 213 saylı nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh olan Cavabdeh1, keçmiş həyat yoldaşı olan iş üzrə İddiaçı məxsus olan daşınmaz əmlakı İddiaçı xx.xx.2018-ci il tarixdə ona verdiyi etibarnamə əsasında xx.xx.2024-cü il tarixdə notariat ofisində bağladığı bağışlama müqaviləsi ilə atası olan, iş üzrə digər Cavabdeh2 bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında bağışlanan daşınmaz əmlakı Cavabdeh2 öz mülkiyyətinə qəbul edərək, bu barədə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırki iddia tələbi ilə İddiaçı sözügedən bağışlama müqaviləsini və çıxarışı mübahisələndirərək, iddia tələbini onunla əsaslandırır ki, 2018-ci ildə Cavabdeh1 ilə nikahda olarkən onun adına əmlakını idarə etməsi üçün etibarnamə vermiş, sonradan münasibətləri pozulmuş, nikahın pozulması ilə əlaqədar cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin sözügedən və uzun illər əvvəl verdiyi etibarnaməni ləğv etməyi unutmuşdur. Sevda da bundan sui istifadə edərək aralarında olan rəsmi nikah qeydi pozulduqdan sonra onun daşınmaz əmlakını sözügedən etibarnamə əsasında atasına bağışlamışdır. Digər Cavabdeh2 da onunla qızı arasında rəsmi nikah qeydinin pozulduğundan məlumatlı olaraq həmin əmlakı mülkiyyətinə qəbul etmişdir. Onun bütün bu baş verənlərdən məlumatı olmamışdır. Sözügedən bağışlama müqaviləsi onu iradə ifadəsi ilə bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyası: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı: Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından müəyyən edilir ki, əqdin mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün tərəfin iradə ifadəsinin zəruri və yetərli olması əsas şərtdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Cavabdeh1 tərəfindən keçmiş həyat yoldaşı İddiaçı məxsus daşınmaz əmlakın bağışlanması zamanı İddiaçı bu barədə əqdin bağlanmasına iradə ifadəsi olmamışdır. Belə ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 əmlakının idarə edilməsi barədə etibarnamə verməsinə baxmayaraq, o, iddia tələbində mübahisələndirilən bağışlama müqaviləsi barədə məlumatlı olmadığını bildirmişdir. Cavabdeh1 da həmçinin məhkəmə iclasında izahatında İddiaçı adından bağışlama müqaviləsi bağlayarkən və sonradan ona bu barədə məlumat vermədiyini bildirmişdir. Halbuki ona verilmiş etibarnamə əsasında ona verilmiş sərəncam vermək hüququnu həyata keçirərkən bunu İddiaçı iradə ifadəsi əsasında həyata keçirməli və onu bu barədə məlumatlandırmalı idi. Cavabdeh1 həmçinin bu əqdi İddiaçıla aralarında olan rəsmi nikah qeydi pozulduqdan sonra bağlamışdır və məhkəmə iclasında izahatında bildirmişdir ki, onların arasında münasibətləri nikah pozulduqdan daha əvvəl pozulmuşdur. Sevda Həbibovun xx.xx.2024-cü il tarixdə həmin əmlakı özgəninkiləşdirərkən mülkiyyətçi İddiaçı məlumatlandırmaması məhkəmə tərəfindən, ona verilmiş etibarnamədən sui istifadə etməsi kimi qiymətləndirilir. Bu hallar onu göstərir ki, sözügedən daşınmaz əmlakın üzərində sərəncam verilməsi ilə əlaqədar Cavabdeh1 adına etibarnamə olmasına baxmayaraq, o, İddiaçı məlumatı olmadan həmin əmlakı özgəninkiləşdirdiyindən bu əqd İddiaçı iradə ifadəsi olmadan bağlanmışdır. Eyni zamanda iş üzrə Cavabdeh2 da qızı Cavabdeh1 ilə İddiaçı arasında münasibətlərinin pozulduğunu, onların arasında olan rəsmi nikah qeydinin pozulduğunu və daşınmaz əmlakın ona bağışlanmasından mülkiyyətçi İddiaçı məlumatının olmadığını bilərək həmin əmlakı öz mülkiyyətinə qəbul etmişdir. Bu hallar onu göstərir ki, Cavabdeh2 qeyd edilən ona bağışlanmış daşınmaz əmlakı mülkiyətinə qəbul edərək, əsassız olaraq varlanmışdır. Həmçinin o, qeyd edilən daşınmaz əmlakı vicdanlı olaraq əldə etməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş 4Ə-1590 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməlidir. Məhkəmə iddianın mübahisəli daşınmaz əmlakın mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, qeyd olunan çıxarış bağışlama müqaviləsi əsasında tərtib edildiyindən və həmin müqavilə də məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilərək “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənimişdir. Belə ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi təmin edilsin. Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş 4Ə-1590 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” və Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, **********97-06301 reyestr nömrəli çıxarış etibarsız hesab edilsin. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 v Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar