Məhkəmə qərarları › İş №2(049)-1850/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1850/2024

08.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1850/2024 08.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqı və təzminatın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli K-73 nömrəli əmrin və Lənkəran - Astara Regional Təhsil idarəsinin X5 xx.xx.2024-cü il tarixli 01 saylı protokol qərarının ləğv edilməsi, Cavabdeh tərəfindən ona qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddətinə görə əmək haqqı, şərəf və ləyaqəti alçaldığına görə təzminatın ödənilməsi və son haqq hesabı gecikdiriyi üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Lənkəran - Astara Regional Təhsil İdarəsi onunla bağlanmış dövlət qulluqçusu kimi əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 33.1.6-cı maddəsi ilə xitam vermişdir. Verilmiş xitam əmrini əsassız sayaraq xx.xx.2024-cü il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatının nəznində yerləşən ünvan 1 ünvanında yerləşən mediasiya kabinetinə mediasiya müraciəti etmişdir. Tərəflər arasında barışıq əldə edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət edir. O, özü ali təhsillidir, Lənkəran Dövlət Universitetinin “Humanitar elmlər” fakültəsinin məzunu olmuşdur. Universiteti fərqlənmə ilə bitirmiş, 2003-cü ildən müəllim kimi Astara rayon Koraoba kənd orta məktəbində (indiki Tüləküvan kənd tam orta məktəb) pedaqoji fəaliyyətə başlamışdır. 2008-2011–ci illərdə rayonun Ərçivan qəsəbə 1 saylı tam orta məktəbində ikinci iş yeri kimi ixtisası üzrə tarix müəllimi, 2011-2016-cı illərdə Ərçivan qəsəbə 1 saylı tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-2018-ci illərdə Astara şəhər 6 saylı tam orta məktəbində direktor, 2018-2022-ci il may ayına kimi Astara rayon təhsil şöbəsində müddətli müqavilə ilə məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğunun müsabiqə vəmüsahibə mərhələsinin nəticəsinə əsasən uğur qazandığından yeni yaranmış Cavabdeh Astara rayonu üzrə təhsil sektorunda xx.xx.2022ci il tarixində vakant məsləhətçi vəzifəsinə işə qəbul olunmuşdur. Əvvəlcə stajçı kimi 6 ay, sonra sınaq müddətinə 3 ay işlədikdən sonra 13 mart 2023-cü il tarixindən daimi dövlət qulluğu vəzifəsinə keçirilməklə ona “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. Dövlət Qulluğu vəzifəsində işlədiyi müddətdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş bəndlərin icrasını layiqincə yerinə yetirmiş və tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşlədiyi müddətdə heç vaxt intizam tənbehi almamışdır. İşlədiyi müddətdə rayonun ictimai siyasi həyatında fəal iştirak etmişdir. Xidmətlərimə görə 2023-cü il dekabr ayında Astara rayon İcar Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Yuxarıda qeyd olunan naliyyətlərinə baxmayaraq Lənkəran - Astara Regional Təhsil idarəsinin vakant müdir vəzifəsinə yeni təyinat almış ( xx.xx.2023-cü il tarixdə) Bəhruz Mehdiyev onunla dövlət qulluqçusu kimi bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 33.1.6-cı maddəsi ilə xx.xx.2024- cü il tarixli K-73 nömrəli əmrlə xitam vermişdir. Verilən əmr əsassız olduğundan ləğv edilməlidir. Məlumat üçün bildirir ki, 21 il pedaqoji, o cümlədən 2 il dövlət qulluqçusu kimi iş stajı vardır. İşlədiyi müddətdə müxtəlif vəzifələrdə çalışmış və işlədiyi müddətdə, xüsusən son 3 il ərzində heç bir intizam tənbehi almamışdır. İşində həmişə nümunəvi olmuşdur. Lənkəran-Arsatara Regional Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli K-73 nömrəli Dövlət Qulluğuna xitam əmrində qeyd olunur ki, onun sosial şəbəkələrdə qeyri- etik davranışlarının yayılması və bu davranışların ictimaiyyət arasında müzakirəyə səbəb olması, bu barədə idarəyə çoxsaylı şikayətlərin daxil olması səbəbi ilə “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2 ; 7.1 -ci maddələrinə laqeyd yanaşdığıma, o cümlədən “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12-ci maddələrində üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol verilmişdir. Verilən xitam əmrində və Cavabdeh X5 xx.xx.2024-cü il tarixli 01 nömrəli protokol qərarında onun tərəfindən etik qaydaların nə vaxt pozulduğu və hansı sosial şəbəkələrdə paylaşılması barədə heç bir məlumat verilməmişdir. İşlədiyi müddətdə işimdə həmişə düz olmuş və bu məqsədlə bir qrup şəxslər onu sosial şəbəkələrdə həmişə ləkələməyə çalışmışlar. Onu işdən azad etmək üçün 2020-ci ilin aprel-may aylarında şəklini bir qadın şəkli ilə mantaj edib şantaj etmək istəyiblər. Hətta fiziki güc tətbiq edib qorxutmaq məqsədi ilə tanımadığı şəxslərlə mübahisələri də olub. Həmin mübahisə 23 saniyəlik video kimi mobil telefonla çəkilib, sonra da vhatsapp şəbəkəsi üzərindən paylaşılmaqla onun şərəf və ləyaqətini alçatmaq istəyiblər. Onun müraciəti üzrə rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılmış, Astara rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə paylaşılan şəkilin montaj olduğu təsdiqlənmişdir. Çəkilən 23 saniyəlik video ilə bağlı Prokurorluqda cinayət işi açılmış, bu işi təşkil edən şəxslər (X9) məsuliyyətə cəlb edilmiş və Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (018)-186/2022 saylı qərarı ilə cinayət təqibi üzrə icraata xitam verilməsinə dair qərarla münasibət bildirilmişdir. X9 digər cinayət əməlinə görə azadlıqdan məhrum edilərək həbs edilmişdir. Tərəfindən hər hansı etik qaydaların pozulması baş verməmiş, əksinə ona qarşı hüquqpozma baş verərək, şərəf və ləyaqəti alçalmışdır. Baş vermiş hüquqpozmaya polis və məhkəmə aydınlıq gətirmişdir. Lakin hansısa məqsədlərinə çata bilməyən bəzi şəxslər baş verənləri əllərində bayraq edərək vhatsapp üzərindən paylaşımlar etmiş və həmin görüntülər youtube kanalında arxiv kimi qalmışdır. Həmin hadisələrdən sonra 2022-ci il may ayında Cavabdeh yaranması ilə dövlət qulluğuna qəbul edilmişdir. Dövlət Qulluğu vəzifəsində işləməklə barəsində idarəyə heç bir şikayət olmamış, və ya olunmuş şikayətlə ondan heç bir izahat alınmamışdır. Əgər işlədiyi müddətdə yoxarıda qeyd olunmuş hallar etik qaydaların pozulması kimi qiymətləndirilsəydi, hər halda ona xəbərdarlıq və ya intizam tənbehi tətbiq edilmiş olacaqdı. Ona qarşı baş vermiş hüquqpozmadan 4 il keçmiş və Astara Rayon Məhkəməsi baş vermiş hadisəyə hüquqi qiymət verməsinə baxmayaraq 2024-cü il fevral ayında yeni təyinat almış Cavabdeh müdiri (Bəhruz Mehdiyev) Youtube kanalındakı videonu əsas götürərək onunla bağlanmış dövlət qulluqçusu kimi əmək müqaviləsinə xitam vermişdir. Eyni cinayətə təkrar baxılması yolverilməzdir və bu da Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə ziddir. Lənkəran - Astara Regional Təhsil idarəsinin X5 xx.xx.2024-cü il tarixli iclası cəmi 4 nəfər rəyasət heyətin üzvü (iki nəfəri müddətli müqavilə ilə işləyir) və onunla bərabər 2 nəfərə dəvət olunmuş qonaq olmaqla cəmi 6 nəfərin iştirakı ilə baş tutmuşdur. Əgər həqiqətən onun fəaliyyəti işlədiyi müddətdə Cavabdeh imicini aşağı salmışdırsa bu idarənin həmkarlar təşkilatının iclasında müzakirə olunmalı idi (76 nəfər ştat işçilərin iştirakı ilə). Verilən qərar isə X5 rəyasət üzvləri arasında müzakirə olunub təsdiq olunmalı idi. Lakin müzakirə birbaşa rəyasət heyətin üzvünün iştirakı ilə regional idarənin müdirinin təqdimatı əsasında aparılıb. Qəbul edilən qərarda da X10 ona qarşı birbaşa qərar verərək onunla bağlanmış əmək müqaviləsinə “Dövlət Qulluğu haqqında” qanunun 33.1.6-cı maddəsi ilə xitam edib. Əslində xitam edilməsi idarənin müdirinə (Bəhruz Mehdiyevə) tapşırılmalı idi. Həmkərlar təşkilatında idarə müdirinin təqdimatı müzakirə olunub. Onun fəaliyyəti ictimayəti narahat etmişdirsə ilk öncə onunla bağlı məsələ Astara rayonu üzrə təhsil sektorunda müzakirə olunmalı idi və sektor rəhbərinin arayışı X5 iclasına daxil olmalı idi. Bunların heç biri aparılmamış və idarə rəhbərin təqdimatı müzakirə olunaraq əsassız qərar verilmişdir. Buna görə də Lənkəran - Astara Regional Təhsil İdarəsinin X5 xx.xx.2024-cü il tarixli 01 saylı protokol qərarı və Lənkəran - Astara Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli K-73 nömrəli əmri ləqv olunmalıdır. Lənkəran - Astara Regional Təhsil idarəsi onunla dövlət qulluqçusu kimi bağlanmış müddətsiz əmək müqaviləsinə “Dövlət Qulluğu haqqında” qanunun 33.1.6-cı maddəsini rəhbər tutaraq xx.xx.2024-cü il tarixdə K-73 nömrəli əmrlə xitam vermişdir. “Dövlət Qulluğu haqqında” qanunun 33.1.6-cı maddəsi (bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;) ilə əmək müqaviləmə xitam verilmişdir. “Dövlət Qulluğu haqqında” qanunun 25.2.6 -cı maddəsi əsas götürüldükdə (dövlət qulluqundan azad edildikdə) işçinin intizam tənbehi olmalıdır. Xitam edilən maddə də etik qaydaların pozulması bəndi qeyd olunmamışdır. Görünür qərəzli olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Digər hal ondan ibarətdir ki, onunla bağlanmış dövlət qulluqçusu kimi əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli K-73 nömrəli əmrdə “Dövlət Qulluğu haqqında” qanunun 33.1.6-cı maddəsi ilə xitam edilmişdir. Lakin onunla dövlət qulluqçusu kimi bağlanmış əmək müqaviləmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənd ilə xitam edilmişdir. Digər hal isə Lənkəran- Astara Regional Təhsil idarəsi ilə onun aramsına elektron əmək müqaviləsi mövcud olsa da, aralarında yazılı əmək müqaviləsi mövcud deyil. Tələb etsə də ona verilməmişdir. Onunla bağlanmış elektron əmək müqavilələrində xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və 26.01,2024-cü il tarixində xəbəri olmadan müqavilə dəyişikliyi aparılmış və bu barədə ona məlumat verilməmiş və kağız müqavilə üzərində əksini tapmamışdır. Bu uyğunsuluqlardan görünür ki, Lənkəran - Astara Regional Təhsil idarəsinin X5 xx.xx.2024-cü il tarixli 01 saylı protokol qərarı və Lənkəran - Astara Regional Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli K-73 nömrəli əmri ləğv olunmalıdır. Onunla dövlət qulluqçusu kimi bağlanmış əmək müqaviləsinə Lənkəran-Astara regional idarə tərfindən “Dövlət Qulluğu haqqında” qanunun 33.1.6-cı maddəsi ilə xx.xx.2024-cü il tarixində K-73 nömrəli əmrlə xitam verilmiş, ona hesablanmış son haqq hesab isə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 174-cü maddəsinin 4 və 5-ci bəndlərinə uyğun olaraq işçi işdən çıxarkən ona veriləcək bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bundan əlavə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsi əsassız olaraq ləğv edilmişdir. Belə ki, 4 il əvvəl baş vermiş hadisəni təkrar işıqlandırmaqla onun şərəf və ləyaqətinə mənəvi zərbə vurulmuşdur. Dövlət Qulluğu haqqında” Azərbaycan Respubnlikası Qanununa əsasən Dövlət Qulluğun imtahanından və müsahibə mərhələsindən uğur qazanaraq dövlət qulluğu vəzifəsinə təyin olunmuşdur. Onunla bağlı dövlət qulluğu vəzifəsində dövlət qulluqçusunun xidməti davranışında hər hansı qeyri-etik hərəkətlər olduğu halda bu məsələni Azərbaycan Respublikasının Dövlət X4 həll etməli və müvafiq qərarı verilməlidir. Dövlət qulluqçusunun xidməti fəaliyyəti araşdırılmadan birbaşa onun barəsində qərar vermək olmaz. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən onunla dövlət qulluqçusu kimi bağlanmış əmək müqaviləsinə “Dövlət Qulluğu haqqında” qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli K-73 nömrəli əmri ləğv olunmalı, məcburi iş buraxma müddətinə görə ona əmək haqqı ödənilməli və şərəf və ləyaqəti Cavabdeh tərəfindən alçaldığına görə ona təzminat ödənilməlidir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Bəhruz Məmmədov Cavabdehnə müdir təyin edildikdən sonra ona təzyiq göstərərək ərizə yazaraq öz xahişi ilə işdən azad edilməsini tələb etmiş, o, da buna etiraz etdikdə məcburi qaydada onu işdən azad edəcəyini bildirmişdir. Sonradan o, qərəzli olaraq işdən azad edilmişdir. Cavabdehin nümayəndəsinin sübut kimi məhkəməyə təqdim etdiyi fotoşəkil tamamilə montajdır və onu nüfuzdan salmaq məqsədilə müəyyən şəxslər tərəfindən düzəldilmişdir. Eyni zamanda qarşı tərəfin məhkəməyə təqdim etdiyi videoyazı aparılarkən müəyyən şəxslər tərəfindən ona qarşı təzyiq göstərilərək hansısa hərəkəti bir daha etməyəcəyi ondan tələb edilməmiş və o, məcburiyyət qarşısında videoyazını aparan şəxsin dediklərini təkrar etmişdir. Sonradan həm sübut kimi məhkəməyə təqdim edilən fotoşəkil, həm də videoyazı ilə əlaqadar pozulmuş hüququnun müdafiəsi ilə əlaqadar hüquq mühafizə orqanlarına müraciət etmiş və qeyd etdiyi xüsusatlar araşdırılmışdır. Cavabdehin nümayəndəsinin məhkəmədəki izahatında bildirdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron poçt ünvanından olan çıxarışda qeyd edilən guya onun barəsində şikayət vermiş Ağa Məmmədov və Abdulla Orucov adlı şəxslərin kimliyi araşdırma nəticəsində müəyyən edilməmiş, onların izahatı alınmamış, onlar nə Təhsil idarəsinə, nə də ki, X5 iclasına dəvət edilməmişlər. Həmin müraciət hər-hansı bir şəxs tərəfindən qərəzli olaraq tərtib edilərək idarənin poçt ünvanına göndərilə bilərdi. Qanunvericiliyin tələbinə əsasən anonim müraciətləri isə baxılmamalıdır. Hazırda adları qeyd edilən şəslərin Astara şəhəri ərazisində yaşamamaları barədə müvafiq arayışı da məhkəməyə təqdim etmişdir. Həmçinin məhkəməyə təqdim edilən fotoşəklin və videoyazının nə vaxt, hansı şəraitdə və harada çəkilməsi də X10 tərəfindən araşdırılmamışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, İddiaçı işlədiyi dövrdə dövlət qulluqçularının etik davranış qaydalarını kobud formada pozduğu üçün onunla bağlanmış əmək müqavləsinə xitam verilmişdir. İddiaçı təhsil işçisinə yaraşmayan hərəkətləri sisoal şəbəkədə yayılmışdır. Belə ki, onun bir qadınla olan fotoşəkli və 25 saniyəlik videoyazı sosial şəbəkələrdə yayıldıqdan sonra bu barədə valideynlər və Astara rayonu sakinləri tərəfindən İddiaçı barəsində Lənkəran – Astara Regional Təhsil İdarəsinə kütləvi şikayətlər daxil olmuşdur. Eyni zamanda məhkəmə sübut kimi təqdim etdiyi CD diskdə olan videoyazı və fotoşəkil rayon sakinləri Ağa Məmmədov və Abdulla Orucov adlı şəxslər tərəfindən Lənkəran – Astara Regional Təhsil İdarəsinin elektron poçt ünvanına göndərilməklə İddiaçı barəsində tədbir görülməsi xahiş edilmişdir. İdarənin rəhbəri tərəfindən sözügedən müraciət araşdırılaraq, müzakirə edilməsi üçün X7 göndərilmişdir. X6 sözügedən məsələ müzakirə edildikdən sonra İddiaçı ilə əmək müqaviləsinə dövlət qulluqçularının etik davranış qaydalarını kobud formada pozduğu üçün İdarənin müdirinin 13 fevral 2024-cü il tarixli əmri ilə xitam verilmişdir. Məhkəməyə sübut kimi təqdim etdiyi CD diskdə olan video çəkilişi aparan şəxslərin və fotoşəkildə olan qadının kimliyi barədə heç bir məlumatı yoxdur. Videoyazının və fotoşəklin harada, nə vaxt və hansı şraitdə çəkildiyi barədə heç bir məlumatı yosdur. X5 xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında o, özü də iştirak etmişdir. Həmin iclasa izahatının əvvəlində qeyd etdiyi şikayət etmiş Ağa Məhəmmədov və Abdulla Orucov adlı şəxslər iclasa çağırılmamışlar və araşdırma zamanı onların kimliyi müəyyən edilməmiş və izahatları alınmamışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr tamamilə əsaslı və qanunidir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları : Məhkəmə iclasında elan edilməklə tədqiq edilən : Lənkəran – Astara Regional Təhsil İdarəsinin K-35 nömrəli 10 iyun 2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi sistemində vakant olan vəzifələrin tutulması üçün 13 sentyabr 2021-ci il tarixdə elan edilmiş müsabiqə üzrə müsahibədən müvəffəqiyyətlə keçdiyi üçün 10 iyun 2022-ci il tarixdən 6 (altı) ay müddətinə stajçı kimi dövlət qulluğuna qəbul olunaraq, idarənin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin K-291 nömrəli 09 dekabr 2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı 12 dekabr 2022-ci il tarixdən 3 (üç) ay müddətinə idarənin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsində sınaq müddətinə təyin edilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-110K/2023 nömrəli 13 mart 2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı sınaq müddət bittidyinə görə 13 mart 2023-cü il tarixdən daimi dövlət qulluğuna qəbul edilmiş və ona “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmrin surətindən görünür ki, Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə əsas olaraq İddiaçı izahatı, Cavabdeh X5 08 fevral 2024-cü il tarixli, 01 nömrəli məktubu və 05 fevral 2024-cü il tarixli, 01 nömrəli protokoldan çıxarış qeyd edilmişdir. Cavabdeh X5 05 fevral 2024-cü il tarixli 01 №-li iclasının protokolundan görünür ki, Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin təqdimatı heyət üzvləri: Rövşən Məmmədov, Elnur Manafov, Tofiq Əsgərov, Firəngiz Hüseynova, dəvət edilənlər Qürbətəli Zeynalov və İddiaçı iştirakı ilə müzakirə edilmişdir. İslasda iştirak edənlər öz çıxıçlarında İddiaçı dövlət qulluqçusuna layiq olmayan, qeyri-etik davranışlarının idarənin adına yaraşmayan hərəkət olduğu, təhsil işçisinin nüfuzuna xələl gətirən olduğunu, kobud əmək və icra intizamı kimi qiymətləndirildiyini, sosial şəbəklərdə yayılan vüdeo görüntüləri utanc verici olduğunu qeyd edərək, İddiaçı işdən azad edilməsinə etiraz etmədiklərini bildirmişlər. İclasın qərarı ilə təqdimat nəzərə alınaraq, İddiaçı əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin X7 ünvanladığı xx.xx.2024-cü il tarixli təqdimatında İddiaçı sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olması barədə məlumatların yayılması, bu halın dövlət qulluqçusunun, ümumilikdə idarənin nüfuzunun aşağı salmasına səbəb olması qeyd edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsini müzakirə edərək, münasibət bildirilməsi xahiş edilmişdir. Astara rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X1 qəbul etdiyi “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı RPŞ-nə etdiyi müraciət əsasında toplanmış təhqiqat materialı üzrə ciayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, İddiaçı RPŞ-nə etdiyi müraciətində xx.xx.2022-ci il tarixdə saat 19 radələrində, Astara rayon Tüləgüvan kəndində yerləşən fərdi yaşayış evində, istifadə olan ***-***-**-** saylı “vhatsapp" nömrəsinə Türkiyə Respublikası vətəndaşı Alyara Soyderə adlı şəxsin istifadə etdiyi “+90-531 864-70-35” saylı vhatsapp nömrəsilə onunla danışdıqdan sonra onu tanımadığı şəxslərin fotoları ilə montaj edib müxtəlif sosial şəbəkələrdə paylaşacağı ilə hədələyib ondan 600 evro pul tələb etdiyini bildirərək, Alyara Soydere adı şəxsin kimliyinin müəyyən edib, tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 1(018)-186/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edimişdir. Qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir ki, X9 2021 -ci ilin aprel ayında İddiaçı Mirzəağa oğlunun onunla qonşuluqda yaşayan X3 müxtəlif məzmunda mesajlar yazıb narahat etməsini əsas gətirərək İddiaçı Astara şəhər dənizkənarı bulvarına aparıb sonuncuya qarşı nalayiq ifadələr işlətməklə bir daha insanları narahat etməməsinə dair vədlər verməsini videogörüntüyə almış, daha sonra 2022-ci ilin iyun ayında həmin videogörüntünü öz tanışlarına göndərib zərərçəkmiş şəxs İddiaçı şəxsi həyatının sirri olan məlumatları əks etdirən video çəkilişi materialını yaymaqla sonuncunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi Lənkəran – Astara Regional Təhsil İdarəsinin elektron poçt ünvanından çızarışdan görünür ki, Ağa Məmmədov və Abdulla Orucov tərəfindən idarənin poçt ünvanına İddiaçı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Astara RİHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 722 nömrəli, xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində Məmmədov Ağa və Orucov Abdulla adlı şəxslər yoxdur və yaşamırlar. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Lənkəran – Astara Regional Təhsil İdarəsi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən xitam verilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” xx.xx.2024-cü il tarixli MŞL- 00428 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə əmək mübahisəsi ilə əlaqadar mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş CD diskdə olan 25 saniyəlik videoyazıya məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilərkən müəyyən edildi ki, həmin videoyazını aparan şəxs və yaxud şəxslər tərəfindən İddiaçı hansısa hərəkətləri bir daha etməyəcəyini deməsi tələb olunur və o, da həmin tələbi yerinə yetirir. Tətbiq edilən hüquq : “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 30.6. Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 35. İddia müddətlərinin axımının dayandırılması

35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşin faktiki halları və məhkəmənin mövqeyi :

Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 10 iyun 2022-ci il tarixdən 6 (altı) ay müddətinə stajçı kimi dövlət qulluğuna qəbul olunaraq, Lənkəran – Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmiş, 12 dekabr 2022-ci il tarixdən 3 (üç) ay müddətinə idarənin həmin vəzifədə sınaq müddətinə təyin edilmiş və 13 mart 2023-cü il tarixdən daimi dövlət qulluğuna qəbul edilmiş və ona “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmr əsasında İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə əsas olaraq İddiaçı izahatı, Cavabdeh X5 08 fevral 2024-cü il tarixli, 01 nömrəli məktubu və 05 fevral 2024-cü il tarixli, 01 nömrəli protokoldan çıxarış qeyd edilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri tərəfindən X7 ünvanlanmış təqdimatda İddiaçı sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olması barədə məlumatların yayılması, bu halın dövlət qulluqçusunun və ümumilikdə idarənin nüfuzunun aşağı salmasına səbəb olması qeyd edilməsinə baxmayaraq qeyd edilən haları təsdiqləyəcək sübutlar təqdimata əlavə edilməmişdir. Eyni zamanda Cavabdeh X5 05 fevral 2024-cü il tarixli 01 №-li iclasının protokolundan da müəyyən edilir ki, İddiaçı hansı etik davranış qaydalarına yol verdiyi və bu halı təsdiqləyəcək sübutlar iclasda müzakirə edilməmişdir. İclasda iştirak edən şəxslərin qısa və eyni məzmunlu çıxışları əsasında qərar qəbul edilmişdir. Həmçinin nə Lənkəran – Astara Regional Təhsil İdarəsi tərəfindən, nə də ki, Cavabdeh X5 iclasında cavabdehin nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi xüsusata dair İddiaçı barəsində elektron qaydada şikayət etmiş Məmmədov Ağa və Orucov Abdulla adlı şəxslərin kimliyi araşdırılmamış, onların izahatı alınmamış və iclasa dəvət edilməmişlər. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə İddiaçı etik davranış pozuntusuna yol verdiyini təsdiqləmək üçün təqdim etdiyi fotoşəkil və video görüntülərin hansı tarixdə, kimin tərəfindən, hansı məqsədlə və hansı şəraitdə çəkildiyi araşdırılmamışdır. İddiaçı məhkəməyə təqdim edilən fotoşəkil və videogörüntü onun hüququnu pozduğu üçün aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etmişdir və həmin xüsusatlar araşdırılmışdır. İddiaçı tərəfindən qeyd edilən fotoşəkil və videogörüntü ilə əlaqadar tədbir görülməsi üçün 2022-ci il ərzində hüquq mühafizə orqanlarına müraciət edilmiş, lakin Lənkəran – Astara Regional Təhsil İdarəsi tərəfindən qeyd edilən xüsusatlar əsas götürülərək 2024-cü ilin yanvar ayında onun barəsində tədbir görüməsi qərara alınmışdır. Göründüyü kimi Lənkəran – Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1- 73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmrində və Cavabdeh X5 05 fevral 2024-cü il tarixli 01 №-li iclasının protokolunda İddiaçı vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verməsi halı öz təsdiqini tapmır. Eyni zamanda İddiaçı inzibati vəzifədə işləyən dövlət qulluqçusu olmasına və onunla işəgötürən arasında yaranan əmək münasibətləri “Dözvlət qulluğu haqqında” Qanun əsasında tənzimlənməsinə baxmayaraq, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən xitam verildiyi qeyd edilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin şərəf və ləyaqəti alçaldığına görə təzminatın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin tələblərinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında əksini tapmış tövsiyyəyə uyğun olaraq bu tip işlərə baxılarkən məlumatın şərəf və ləyaqəti ləkələməsi, məlumatın doğru olmaması və məlumatın yayılması məsələləri mütləq şəkildə aydınlaşdırılmalıdır. Yəni ki, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddianın əsaslılığı üçün 3 şərt eyni anda mövcud olmalıdır. Plenumun qərarında qeyd olunanlara istinad olunarsa məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Yayılmış məlumatın doğru olmadığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmür. Əksinə məlumatı yayan şəxs həmin məlumatların düzgün olduğunu sübut etməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə təzminatın tutulması hissəsini də aşağıda qeyd olunanlar baxımından əsaslı hesab etmir. Hazırkı mübahisədə cavabdeh tərəfindən barəsində şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması iş üzrə sübut olunmadığından iddiaçının mənəvi ziyan tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının iddia tələbinin həmkarlar təşkilatının protokolunun ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilmiş mübahisələndirilən protokol hər hansı hüquqi akt olmadığında o məhkəmədə mübahisələndirilə bilməz və bu səbəbdən iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının iddia tələbinin son haqq hesabı gecikdiriyi üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən ona son haqq hesabın ödənişinin gecikdiyini təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz.

Məhkəmənin gəldiyi nəticə :

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lənkəran – Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmri ləğv edilərək İddiaçı Lənkəran – Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə bərpa olunmalı və ona 14 fevral 2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam veriməsinə dair Lənkəran – Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Lənkəran – Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə bərpa olunsun. İddiaçı 14 fevral 2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar