Məhkəmə qərarları › İş №2(049)-186/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-186/2025

09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-186/2025 09.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1951-ci il tarixdə Lənkəran şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxx 1951-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ünvan 1 ünvanında yaşayır. O, anadan olarkən onun adına doğum haqqında şəhadətnamə verilmiş, həmin doğum haqqında şəhadətnamə əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir və onun doğum günü şəxsiyyət vəsiqəsində qeyd edilmişdir. Lakin sonradan o, özünə məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. Ona görə də o, yeni doğum haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət edib. Orada ona yeni doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilərək, bildirilmişdir ki, doğum qeydinin qeydiyyatı aparılmamışdır. xx.xx.2024-cü il tarixli Maraqlı şəxs 3491 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində saxlanılan 1948-1954-cü illər üzə doğum akt qeydləri yoxlanmışdır və onun doğum haqqında akt qeydi aşkar olunmamışdır. Buna görə də ona bildirmişlər ki, o, yenidən doğum haqqında şəhadətnamə almaq üçün doğulmağını təsdiq edən tibb müəssisəsindən sənəd təqdim etsin, lakin onda müvafiq həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etməyi ona məsləhət görmüşlər. Hazırda özü üçün doğum haqqında şəhadətnaməni başqa yolla əldə edə bilmir. Buna görə də xx xxx 1951-ci il tarixdə Lənkəran şəhərində doğulmağı, şəxsiyyət vəsiqəsinin surəti, orta məktəbdə 1968-1971-ci ildə oxumağı təsdiq edən məzunların fotosunu, həqiqi hərbi xidmətdə olmağı barədə biletin surətini və pasportunun surətini sübut kimi ərizəsinə əlavə edir. Bu səbəbdən doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə baxışında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun atası azərbaycanlı X10, anası X1 olmuşdur. Onun atası Səfər Abdullayev 1925-ci il təvəllüdlü olmuşdur. Atası 1943-cü ildə Lənkəran şəhərində həqiqi hərbi xidmətdə olarkən anası, əslən Lənkəranlı olan Şərqiyyə Abdullayeva ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Sonradan onlar Lənkəran şəhərində onun anasının anasının evində yaşamağa başlamışlar. Sonradan atası Lənkəran şəhərində özünə yeni ev tikmişdir və onlar həmin evə köçmüşlər. O, özü halhazıradək həmin evdə yaşamışdır. O, xx xxx 1951-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. 1958-1968-ci illər ərzində Lənkəran şəhərində yerləşən 2 nömrəli orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1968-1971-ci illər ərzində Bakı Yeyinti Sənayesi Texnikumunda təhsil almışdır. Texnikumu bitirdikdən sonra təhsilini Azərbaycan Xalq Təsərrüfatı Universitetində davam etdirmişdir və 1977-ci ildə həmin universiteti bitirmişdir.1977-1979-cu illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hazırda doğum haqqında şəhadətnaməsini itirmişdir və həmin şəhadətnamə ona müəyyən sənədləşdirmə işlərini aparmaqdan ötrü lazımdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə hazırki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişi göndərilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələblərinə müvafiq olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X16 ifadəsində bildirmişdir ki, o, 1948-ci ildə Lənkəran şəhərində anadan olmuşdur və hazıradək Lənkəran şəhərində yaşayır. O, Ərizəçi Lənkəran şəhərindən tanıyır. Onlar birlikdə 1968-1971-ci illər ərzində Bakı Yeyinti Sənayesi Texnikumunda təhsil almışlar. Ərizəçi Lənkəran şəhərində yaşamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirdi ki, o, 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur və hazıradək də orada yaşayır. Onlar Ərizəçi ilə qonşu olmuşlar və hazıradək də qonşudurlar. O, Hüsamədini uşaqlıqdan tanıyır. Hüsaməddin 1951-ci il təvəllüdlüdür. Hüsaməddin onun qardaşı ilə həmyaşlı olduqlarından onlar birlikdə Lənkəran şəhərində yerləşən 2 nömrəli orta məktəbdə təhsil almışlar. Sonradan Hüsaməddin Bakı şəhərində texnikumda və universitetdə təhsil almışdır. Hüsaməddinin atası azərbaycanlı X10, anası X1 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş : AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçin Səfər oğlu xx.xx.1951-ci il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır və Azərbaycan Respublikasının vətəndaşıdır. P seriyalı ******* nömrəli ümumvətəndaş pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il təvəllüdlüdür. NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi 10 sinif təhsilli və Xalq Təsərrüfatı Universitetinin tələbəsi olmaqla hərbi uçota alınmışdır. Məzun albomunun fotoşəklindən görünür ki, Lənkəran şəhər 2 nömrəli orta məktəbinin 1968-ci il məzunlarının fotoşəkilləri arasında Ərizəçi fotoşəkli vardır. Məzun albomunun fotoşəklindən görünür ki, Bakı Yeyinti Sənayesi Texnikumunun 1971-ci il 121-ci buraxılışının məzunlarının fotoşəkilləri arasında Ərizəçi fotoşəkli vardır. 529411 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1971-ci ildə Bakı Yeyinti Sənayesi Texnikumunu “ət və quş məhsullarının texnologiyası” ixtisası üzrə bitirmişdir. B-İ seriyalı 001049 nömrəli diplomun surətindən müəyyən edilir ki, Ərizəçi 1977-ci ildə X13 İnstitutunu “ictimai iaşənin texnologiyası və təşkili” ixtisası üzrə bitirmişdir. İ-JQ seriyalı 499211 nömrəli nikah haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur və bu barədə Lənkəran şəhər BBAQ şöbəsi tərəfindən nikah akt qeydi tərtib edilmişdir. X-JQ seriyalı 656168 nömrəli Sovet pasportunun surətindən görünür ki, X10 1925-ci il təvəllüdlüdür. Pasportun 11-ci səhifəsindəki ştampdan müəyyən olunur ki, o, xx.xx.1946cı il tarixdə X8 ilə rəsmi nikaha daxil olmuşdur. Pasportun 17-ci səhifəsindən müəyyən edilir ki, X2 şəhəri, B.O.Abbasov küçəsi ev 98 ünvanında pasport qeydiyyatında olmuşdur. Maraqlı şəxsndən verilmiş 3491 nömrəli xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində saxlanılan 1948-1954-cü illər üzə doğum akt qeydləri yoxlanmışdır. Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxsndən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-1253/2024 nömrəli məktubda qeyd edilmişdir ki, onun doğum haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Ərizəçi doğum faktının müəyyən edilməsi ilə əlaqadar məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Plenumunun 03 nömrəli 12 aprel 2019-cu il tarixli qərarına əsasən:

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxx 1951-ci il tarixdə Lənkəran şəhərində doğulmuş Ərizəçi doğumunun Lənkəran şəhərində qeydə alınması faktı müəyyən edilməlidir. xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Azərbaycan Respublikası, Lənkəran şəhəri”, doğum tarixi xx.xx.1951-ci il, adı “Hüsaməddin”, ata adı “Səfər”, soyadı “Abdullayev” valideynləri haqqında qeyddə atası qrafasında “X10”, anası qrafasında “X5” kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx xxx 1951-ci il il təvəllüdlü Ərizəçi doğumunun Lənkəran şəhərində qeydə alınması faktı müəyyən edilsin. xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində - doğulduğu yer “Azərbaycan Respublikası, Lənkəran şəhəri”, doğum tarixi xx.xx.1951-ci il, adı “Hüsaməddin”, ata adı “Səfər”, soyadı “Abdullayev”, valideynləri haqqında qeyddə atası qrafasında “X10”, anası qrafasında “X5” kimi qeyd edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar