Məhkəmə qərarları › İş №2(049)-1980/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1980/2023

25.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1980/2023 25.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar aylıq ödəncin hesablanaraq cavabdeh müəssisədən tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-də “qaynaqçı” vəzifəsində çalışdığı vaxt istehsalatda aldığı xəsarətlə əlaqədər 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək (20 ay) ona əksik ödənilmiş 1280 (min iki yüz səksən) manat və 01 iyun 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 (min altı yüz səksən) manat pulun, həmçinin 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin, 01 yanvar 2023-cü il tarixdən hesablanmalı olan 276 (iki yüz yetmiş altı) manat aylıq ödəncin təshih edilməsi və cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-də qaynaqçı vəzifəsində çalışmışdır. 1988-ci ildə həmin müəssisədə işləyərkən travma almış, iki onurğa fəqərəsi sınmış, kəllə-beyin travması almışdır. Hal-hazırda da aldığı kəllə-beyin travmasından əziyyət çəkir və epilepsiya xəstəsidir. Uzun müddət Lənkəran Rayon Mərkəzi Xəstəxanasında və Bakı şəhərində yerləşən neyro-cərrahi xəstəxanalarda müalicə olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışa əsasən istehsalatda aldığı xəsarətə görə ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən ona hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. Lakin sonradan “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265 nömrəli Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci il tarixdən dayandırılmışdır. Prezident sərəncamı ilə minimum aylıq əmək haqqı məbləği qaldırıldıqdan xeyli müddət sonra, yəni 2021-ci ilin aprel-may aylarında "xxxx" ASC-yə minimum aylıq əmək haqqının qaldırılması səbəbindən ona verilən aylıq ödəncin də artırılmalı olduğunu bildirmiş və bunu cavabdehdən tələb etmişdir. Bundan sonra ona verilən aylıq ödənc artırılmaq əvəzinə tamamilə kəsilmişdir. Cavabdeh "xxxx" ASC-yə yazılı müraciətinə xx.xx.2021-ci il tarixli 20/21 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlillik dərəcəsi verilərkən əmək fəaliyyəti göstərdiyi müəssisə olan “X2” daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC özəlləşdirilən müəssisə olduğu üçün ona aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətin verilməli olduğu cavabdeh tərəfindən bildirilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.2-ci bəndi qeyd olunan fikrə əsas olaraq qeyd edilmişdir. Qeyd olunan hallarla əlaqədar 23 dekabr 2021-ci il tarixdə X4 Xidmətinin Lənkəran Regional Ərazi Şöbəsinə müraciət etmişdir. DƏMX Lənkəran Regional Ərazi Şöbəsi 26 yanvar 2022-ci il tarixdə müraciətinə cavab olaraq onun istehsalatda aldığı xəsarətə görə aylıq ödəncinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-ctt il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” Qaydalarının 3.5-ci bəndinin tələblərinə (ölkə üzrə minimum əmək haqqının 01 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən olunması nəzərə alınmaqla) əməl edilməklə yenidən təshih edib ödənilməsini təmin etmək məqsədi ilə "xxxx" ASC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli **********2 nömrəli göstəriş xarakterli məktub göndərmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən ona verilən 136 manat aylıq ödəncin qanunsuz olaraq dayandırılması barədə qərarından narazı qaldığı üçün və cavabdeh müəssisənin X4 Xidmətinin göstəriş xarakterli məktubuna əməl etməməsi səbəbindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmişdir. Araşdırma zamanı "xxxx" ASC-nin ləğvetmə prosesində olduğu məlum olmuşdur. "xxxx" ASC-nin ləğvetmə komissiyasının sədrinin X4 Xidmətinə təqdim etdiyi məktubda 01 iyun 2021-ci il tarixdən ödəncin verilməsinin dayandırılması və səhmdarların ümumi yığıncağında "xxxx" ASC-nin ləğv edilməsinin qərara alındığı bildirilmişdir. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı tərəfindən verilən 10 fevral 2022-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh "xxxx" ASC DƏMX-nin Lənkəran Regional Ərazi Şöbəsinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) qanuni göstərişlərinə məhəl qoymayaraq ödənilməsi dayandırılmış aylıq ödənci verməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, iddiaçının iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddiaya qarşı etraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı yazılı etirazda və cavabdehin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında etirazın dəlillərini onunla əsaslandırılmışdır ki, “X2” daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. Həmçinin, işin digər mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı X1 işlədiyi zaman (1986-1989) istehsalat qəzası keçirmiş və ona Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 5.2-5.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Həmin müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. İş materiallarında olan: 6 saylı Ərazi Vergilər İdrəsi tərəfindən verilmiş hüquqi şəxslərin qeydiyyat reyestrindən çıxarışdan görünür ki, Cavabdeh ləğv prosesində olmaqla xx.xx.1997-ci il tarixdən etibarən 98,28 % payla «X5» MMC-yə məxsusdur. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, İddiaçı X1 işləmiş, 1988-ci ildə istehlasat qəzası nəticəsində iki onurğa fəqərəsi sınmış, kəllə-beyin travması almış, ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra X2 özəlləşdirilmiş Cavabdeh adı altında fəaliyyət göstərmişdir. 2021-ci ilədək İddiaçı X1 istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə Cavabdeh tərəfindən 136 manat məbləğində müavinət verilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən həmin müavinətin ölkə üzrə minimum əmək haqqına uyğun şəkildə yenidən hesablanaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə tələbin əsassız olduğunu bildirərək, rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 238-ci maddəsinə əsasən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən:

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi istehsalat zamanı işçinin aldığı xəsarətə görə işəgötürən o halda məsuliyyət daşıyır ki, işəgötürən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməsin və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilməsin. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, İddiaçı xəsarət aldığı zaman dövlətə məxsus X1 işləmiş, yalnız həmin müəssisə özəlləşdirildikdən sonra müəssisənin adı Cavabdeh olmuşdur ki, həmin qəzanın baş verməsində Cavabdeh-nin təqsiri mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları»nın 3.5-ci bəndinə görə istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 2.1-ci bəndinə görə bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Həmin Qaydaların 3.1-ci bəndinə görə bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 5.1-ci bəndində görə, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etdikdə müəyyən edilir ki, İddiaçı istehsalatda baş vermiş qəza nətcəsində xəsarət aldığı zaman, yəni 1988-ci ildə X2 dövlət müəssisəsi olmuş, həmin müəssisə xx.xx.1997-ci il tarixdə özəlləşdirilmiş və adı dəyişdirilərək 98,28 % payla «X5» MMC-yə məxsus Cavabdeh adı altında fəaliyyət göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisələrində istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış şəxslərə müavinət həmin müəssisə tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməlidir. Belə olan halda hazırki iş üzrə Cavabdeh-nin İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət ödəmək öhdəliyi mövcud deyildir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları tədim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə təqdim edilmiş sübutlarla əlaqədar aşağıdakıları qeyd edir: MPM-nin 76-cı maddəsinə əsasən: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh-yə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar aylıq ödəncin hesablanaraq cavabdeh müəssisədən tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh-yə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar aylıq ödəncin hesablanaraq cavabdeh müəssisədən tutulması” tələbinə dair idiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar