Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-199/2023 31.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı «istehsalat qəzası ilə əlaqədar olaraq müavinətin hesablanması və ödənilməmiş müavinətin alınması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən aldığı istehsalan qəzası ilə əlaqədar olaraq ona ödənilməli olan məbləğin ölkə üzrə hazırki minimum əmək haqqı olan 300 manata münasibətdə yenidən hesablanması və əvvəki illər üzrə, yəni xx.xx.2019-cu ildən 30 dekabr 2021-ci il tarixədək minimum əmək haqqının 250 manata uyğun hesablanmamış və ödənilməmiş müavinətin hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhərində yerləşən hazırkı adı Cavabdeh, əvvəlki adı isə X1 işlədiyi zaman istehsalat qəzası baş vermiş və həmin vaxt, yəni 1989-cu ildə bir qıçını istehsalat vaxtı itirmişdir. Bundan sonra həmin xəsarətlə bağlı olaraq ona əlillik təyin edilmiş, əlillik pensiyası ilə əlaqədar olaraq həmin əllik iş vaxtı müəssisədə baş vermiş istehsalat qəzası ilə bağlı olduğundan həmin kombinat tərəfindən də müavinat təyin edilmişdir. Sonradan həmin kombinatın adı dəyişdirilsə də hər il minimum əmək haqqı müəyyən olunanda ASC tərəfindən də həmin əmək haqqına uyğun olaraq müavinat təyin edilməklə ödənilmişdir. Lakin 2021-ci ildə hazırki iş üzrə müəssisə ona ödənilməli olan müavinatın minimum əmək haqqının kütləvi artımı ilə əlaqədar olaraq yenidən hesablamalı və ödəməli olduğundan bunu etməmiş və bundan sonra həmin müavinətin məbləğinin yenidən hesablanması üçün aidiyyəti qurumlara müraciət etmişdir. Lakin onun müraciətləri araşdırılsa da və əmək müfəttişliyi tərəfindən ona rəsmi cavab verilsə də həmin müəssisə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və minimum əmək haqqı olan 250 manata münasibətdə müavinətin yenidən hesablanmasını aparmamış və hazır ki vaxtda da həmin məbləği ona ödəməmişdir. 2022-ci ilin yanvar ayından isə minimum əmək haqqı 250 manatdan 300 manata qaldırılsa da müəsisə rəhbərliyi ona hesablanmalı olan müavinətin məbləğini 300 manata deyil, 200 manatla hesablanmış və bundan sonra yəni xx.xx.2019cu ilə olan hesablamalarla aparmaqla ödənilməli olan müavinəti ödəmişdir. Cavabdeh iddiaya qarşı etraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı yazılı etrazda və cavabdehin nümayəndəsi Nümayəndə məhkəməd verdy izahatında etirazın dəlilləri onunla əsaslandırılmışdır ki, “X3” daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. Həmçinin, işin digər mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı X1 işlədiyi zaman 1989-cu ildə istehsalat qəzası keçirmiş və ona Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 884 nömrəli müayinə protokolundan çıxarışına əsasən ümumi əmlak qabiliyyətinin 60 faiz, peşə qabiliyyətinin 80 faiz itirilməsi barədə müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. İddianın rədd olunması üçün ən ciddi əsas ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 5.2-5.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Həmin müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak lmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödəniləsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli Cavabdeh-nin Müavinət Komissiyası yığıncağının protoklundan görünür ki, İddiaçı hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdrəsi tərəfindən verilmiş hüquqi şəxslərin qeydiyyat reyestrindən çıxarışdan görünür ki, Cavabdeh ləğv prosesində olmaqla xx.xx.1997-ci il tarixdən etibarən 99,1884 payla «X4» MMC-yə məxsusdur. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, İddiaçı X1 işləmiş, 1989-cu ildə istehlasat qəzası nəticəsində bir ayağını itirmiş, ona 2-ci dərəcəli əlillik verilmişdir. Daha sonra X3 özəlləşdirilmiş Cavabdeh adı altında fəaliyyət göstərmişdir. 2021-ci ilədək İddiaçı X1 istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə Cavabdeh tərəfindən 136 manat məbləğində müavinət verilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən həmin müavinətin ölkə üzrə yaşayış minimumuna uyğun şəkildə yenidən hesablanaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə tələb əsassız olduğunu bildirərək, rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 238-ci maddəsinə əsasən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən:
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi sitehsalat zamanı işçinin aldığı xəsarətə görə işəgötürən o halda məsuliyyət daşıyır ki, işəgötürən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin etməsin və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilməsin. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, İddiaçı xəsarət aldığı zaman dövlətə məxsus X1 işləmiş, yalnız həmin müəssisə özəlləşdirildikdən sonra müəssisənin adı Cavabdeh olmuşdur ki, həmin qəzanın baş verməsində Cavabdeh-nin təqsiri mövcud olmamışdır. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları»nın 3.5-ci bəndinə görə istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 2.1-ci bəndinə görə bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Həmin Qaydaların 3.1-ci bəndinə görə bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etdikdə müəyyən edilir ki, İddiaçı istehsalatda baş vermiş qəza nətcəsində xəsarət aldığı zaman, yəni 1989-cu ildə X3 dövlət müəssisəsi olmuş, həmin müəssisə xx.xx.1997-ci il tarixdə özəlləşdirilmiş və adı dəyişdirilərək 99,1884 payla «X4» MMC-yə məxsus Cavabdeh adı altında fəaliyyət göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisələrində istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış şəxslərə müavinət həmin müəssisə tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməlidir. Belə olan halda hazırki iş üzrə Cavabdeh-nin iddiaçıya İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət ödəmək öhdəliyi mövcud deyildir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları tədim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə təqdim edilmiş sübutlarla əlaqədar aşağıdakıları qeyd edir: MPM-nin 76-cı maddəsinə əsasən: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh-yə qarşı «Cavabdeh-dən aldığı istehsalan qəzası ilə əlaqədar olaraq ona ödənilməli olan məbləğin ölkə üzrə hazırki minimum əmək haqqı olan 300 manata münasibətdə yenidən hesablanması və əvvəki illər üzrə, yəni xx.xx.2019-cu ildən 30 dekabr 2021-ci il tarixədək minimum əmək haqqının 250 manata uyğun hesablanmamış və ödənilməmiş müavinətin hesablanmaqla ona ödənilməsi» tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh-yə qarşı «Cavabdeh-dən aldığı istehsalan qəzası ilə əlaqədar olaraq ona ödənilməli olan məbləğin ölkə üzrə hazırki minimum əmək haqqı olan 300 manata münasibətdə yenidən hesablanması və əvvəki illər üzrə, yəni xx.xx.2019-cu ildən 30 dekabr 2021-ci il tarixədək minimum əmək haqqının 250 manata uyğun hesablanmamış və ödənilməmiş müavinətin hesablanmaqla ona ödənilməsi» tələbinə dair idiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Rəşad Məmmədov