Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-20/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı iki mərtəbəli yaşayış evinin ətrafında olan və Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş 6 sot torpaq sahəsindən həmin evin yan hissəsində olan sahənin cavabdehin zəbtindən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinidir. 40 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Nərimanabad qəsəbəsində yerləşən iki mərtəbəli hökumət evində yaşayır. Bu kommunal ev əvvəllər Balıq Kombinatının balansıda olmuşdur. Mənzili bu evin ikinci mərtəbəsində yerləşir. Evin birinci mərtəbəsində mənzilinin altındakı qonşusu, Cavabdeh öz ailə üzvləri ilə yaşayır. Cavabdeh müxtəlif illərdə səmimiyyətlərindən və bir müddət başqa yerdə müvəqqəti yaşamaqlarından istifadə edərək evin ətrafında, qarşısında, arxasında və yan tərəfində olan təqribən 6 sotdan çox torpağı qanunsuz olaraq zəbt etmiş və daş hasara almışdır. O, zəbt etdiyi torpaqda artırma etmiş, su quyusu, kanalizasiya yeri, hamam və tualet tikmişdir. Onlara isə zəruri ehtiyacları üçün az bir yerdən istifadə etməyə imkan vermir. Sovet dövründə inşa edilmiş bu kommunal evin yaşayış üçün tam şəraiti yoxdur. Odur ki, qonşular öz aralarında razılaşaraq evin ətafında olan torpaqlarda yaşayış üçün zəruri olan bəzi tikililər tikmiş və artırmalar etmişlər. Onların ailəsi isə hələ tikili aparmamışdır. Bundan istifadə edən cavabdeh ailələrinin payına düşən hissəni də zəbt etmişdir. Hətta o, əvvəlki kanalizasiya quyularını da bağlamışdır. Dəfələrlə cavabdehə bu barədə bildirmiş, adət üzrə və qonşular arasında olan razılaşmaya uyğun haqlarını tələb etmişlər. Lakin, o, onlarla dalaşır və birinci mərtəbədə yaşadığını deyib ətraf torpağın ona aid olduğunu israr edir. Onlar isə çox çıxılmaz vəziyyətdə qalmışlar. Belə ki, mənzilləri çox kiçikdir, mətbəxi yoxdur, sanitar qovşaqdan istifadə etmək münasib deyil, kanalizasiya xəttinin keçməsi üçün yol və su quyuları yoxdur. Əvvəllər qonşulardan xahiş edib onlarla razılaşdırılmış qaydada kommunal xətlərdən istifadə etmişlər. Amma bu xahişləri daimi etmək mümkün olmur. Yaşadıqları evin sakinlərindən heç kimin, o cümlədən onun və cavabdehin bu evə və mənzilə, ətrafdakı torpaqlara dair sənədi yoxdur. Sakinlər aralarında razılığa gələrək şəraitə uyğunlaşmış və ev ətrafındakı torpaqda zəruri tikililər tikib özlərinə şərait yaratmışlar. Ailələrinə şərait və kommunal rahatlıq yaratmaq üçün onlara münasib olan yan tərəfdə torpağa ehtiyacları vardır. Bu torpaq da cavabdehin zəbt etdiyi 6 sota daxildir. Buna görə də onlara münasib olan yerdən, evin yan tərəfindən torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi vacibdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilən hallara uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdhin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02 dekabr 2021-ci il tarixli, **********13 №-li məktubdan görünür ki, vətəndaş İddiaçı müraciəti üzrə Xidmətin Lənkəran ərazi şöbəsi tərəfindən yerində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh və digər bina sakinləri tərəfindən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə etməsi faktı öz təsdiqini tapmış, bununla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən Lənkəran rayonunun Nərimanabad qəsəbəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, baza məlumatlarına əsasən Cavabdeh və digər vətəndaşlar tərəfindən əhatəyə alınaraq tikinti aparılan torpaq sahəsi dövlət mülkiyyətinə aid olan ümumi istifadəki torpaq sahəsidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 13 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-343/2023 №-li mütəxəssis rəyindən görünür ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən Cavabdeh istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edildi. Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1942 №-li, 25 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi 13 fevral 2023-cü il tarixli, 3-21-3- 43/2-343/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən Cavabdeh istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmə iddia ərizəsi verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə təqdim olunmuş sənədləri araşdıraraq və onlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və İV hissələrində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, icazə verilmir. İş materiallarını qeyd olunan hüquq normalarının tələbləri baxımından araşdıran məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Belə ki, məhkəmə araşdırması nəticəsində Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən Cavabdeh istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur. İşin qeyd olunan halı alınmış ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. İddiaçı tərəfindən iddia ərizəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı iki mərtəbəli yaşayış evinin ətrafında olan və Cavabdeh tərəfindən 6 sot torpaq sahəsinin zəbt edildiyi iddia edilsə də, ekspert tədqiqatı nəticəsində cavabdeh tərəfindən 6 sot deyil, 0,035 ha ölçüdə torpaq sahəsinin hasara alınaraq qanuni əsas olmadan istifadə edildiyi, mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Göründüyü kimi hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Belə ki, iddiaçının cavabdeh tərəfindən zəbtdən azad edilməsini tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi irəli sürülə bilməzdi. Hərçənd ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin tələbinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, onun ailə üzvləri ilə birlikdə yaşadığı iki mərtəbəli yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə qanuni əsaslarla sahiblik etməsinə dair hər hansı sübut təqdim edilməmiş, əksinə iddiaçı iddia ərizəsində özü də yaşadığı evə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlərinin olmadığını göstərmişdir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçılar iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, təqdim edilən və məhkəmənin sorğusu əsasında əldə edilən sübutlar isə iddianın əsaslılığını təsdiq etmədiyindən İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə onu qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməklə, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-20/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-20/2023
30.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver