Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2140/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş Lənkəran rayonu, Boladi kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********98 olan çıxarış əsasında ümumi birgə mülkiyyət əsasında ona və ailə üzvlərinə məxsus olan 0,6185 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsini qanunsuz istifadə etməsi nəticəsində vurulmuş maddi ziyana görə 5365 (beş min üç yüz altmış beş) manat məbləğində pulun, mütəxəssis rəyinə görə ödədiyi 70 (yetmiş) manat pulun, 14 illik vergi pulu olan 70 (yetmiş) manat pulun, vəkil tutmağı üçün ödədiyi 320 (üç yüz iyirmi) manat pulun, 5825 (beş min səkkiz yüz iyirmi beş) manat pulun, həmçinin dövlət rüsumuna görə ödədiyi 79 (yetmiş doqquz) manat pulun, ümumilikdə 5904 (beş min doqquz yüz dörd) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərinə 0.6185 hektar torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********98 olan çıxarış alıblar. Ona və ailə üzvlərinə verilmiş torpaq sahəsini uzun müddətdir ki, cavabdeh tərəfindən zəbt edilmişdir. Belə ki, həmin torpaq sahəsi onun yaşadığı evə xeyli məsafədə uzaqda yerləşir. Lakin Cavabdeh isə evinin yaxınlığında yerləşir. Ona görə də o, Cavabdeh ilə 2000-ci il tarixdə danışaraq razılaşmaya gəlmişdir ki, həmin torpaq sahəsini 200 ABŞ dolları müqabilində 5 illik müddətə icarəyə versin. İcarənin müddəti 2005-ci ildə başa çatmış və yenidən Cavabdeh ilə razılaşmışlar ki, növbəti dəfə də 5 illik müddətə həmin torpaq sahəsini icarəyə götürsün. 2010-cu il tarixdə növbəti 5 illik müddət başa çatdıqdan sonra o, 2010-cu ildə Vüqara demişdir ki, daha torpaq sahəsini ona icarəyə vermək istəmir və o, özü torpaq sahəsindən istifadə edəcək. Lakin həmin vaxtdan bəri Cavabdeh onu ümumiyyətlə həmin torpaq sahəsinə buraxmır. Həmin torpaq sahəsində ot yetişdirilir və mövsümü gəldikdə ot biçilərək satılır. Cavabdeh onu yalnız ot biçimi vaxtında torpaq sahəsinə buraxır. Ot biçildikdən sonra mütləq bir neçə gün torpaq üzərində qalmalıdır ki, qurusun və yalnız quruduqdan sonra preslənərək satılması mümkündür. Cavabdeh otu biçdikdən sonra onun evinin torpaq sahəsinə 3-4 kilometr uzaqlıqda yerləşməsindən istifadə edərək otun qurumasını elə gözləmədən ot presliyən maşını gətirib otu preslədərək satır. O, bir neçə gündən sonra otu preslətdirmək üçün gəldikdə isə artıq otun satıldığını görür. O, 14 ildir ki, demək olar Vüqar ilə bu barədə mübahisə edir və dava-dalaş edirlər. Lakin bunun heç bir faydası olmur. Hətta bir neçə dəfə Lənkəran ŞRPŞ-yə Vüqar barədə şikayətlər etsə də, Vüqar sadəcə olaraq həmin torpaq sahəsini aldığını bildirdiyi üçün sərbəst buraxılır. Bu minvalla Cavabdeh 14 ildir ki, onun torpaq sahəsindən özbaşına istifadə edir. Onu öz torpaq sahəsinə buraxmır. Yalnız ot biçimində bir günlük o öz torpaq sahəsinə daxil ola bilir. Cavabdeh hər il həmin torpaq sahəsindən otu sataraq pul əldə edir. Cavabdehin ona bu 14 il ərzində vurduğu ziyan 5365 (beş min üç yüz altmış beş) manat təşkil edir. Yəni o, bu 14 il ərzində torpağından əldə etdiyi otu sataraq qeyd edilən məbləğdə ot əldə edə bilərdi. Bu il isə cavabdeh müxtəlif şəxslərə məxsus iri buynuzlu heyvanları onun torpaq sahəsinə salmış və faktiki olaraq artıq oradan ot biçməyi mümkünsüz etmişdir. Bunu isə o fotoşəkillərlə sübut edə bilər. Odur ki, cavabdehdən orta hesabla hesablanıb 14 il ərzində ona və ailə üzvlərinə məxsus torpaq sahəsini qanunsuz istifadə etməklə əldə etdiyi 5365 (beş min üç yüz altmış beş) manat məbləğində pul, mütəxəssis rəyinə görə ödədiyi 70 (yetmiş) manat pul, vəkil tutmağı üçün ödədiyi 320 (üç yüz iyirmi) manat pul, dövlət rüsumuna görə ödədiyi 78 (yetmiş səkkiz) manat pulun, ümumilikdə 5833 (beş min səkkiz yüz otuz üç) manat məbləğində maddi ziyan cavabdehdən alınıb ona verilməli, həmçinin cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılmalıdır. Həmçinin hər il üçün torpağın vergi pulu 5 manat təşkil edir və 14 il üçün 70 manat təşkil edir. Ona görə də Cavabdeh həmçinin 14 illik vergiyə görə 70 manat pul alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, 2000-ci ilin aprel ayında uzaq qohumu olan iş üzrə iddiaçı Nəsirov X3 rayonu, Boladi kəndi ərazisində ərazisində ona və ailə üzvlərinə ayrılmış 0.62 ha torpaq sahəsini xahiş və israrla ona satmışdır. O, əvvəlcə razı olmamış, lakin İddiaçı başqa qohumlarını da xahiş üçün onun yanına göndərmiş və nəticədə onlar həmin torpaq sahəsinin satılması üçün 200 (iki yüz) ABŞ dollarına razılaşmışlar. O, torpağın müqabilində İddiaçı 200 (iki yüz) ABŞ dolları pul vermişdir. Həmin torpaq sahəsini İddiaçı 200 ABŞ dollarına almasını təsdiq edə biləcək şahidlər vardır. İddiaçı da torpağı ona satmasının sübutu olaraq ona və ailə üzvlərinə verilmiş müvafiq Dövlət Aktının əslini ona vermişdir. Lakin sonra onun evi yandığı üçün evdə olan digər sənədlərlə yanaşı, Dövlət Aktı da yanmışdır. Dəfələrlə İddiaçı torpaq sahəsinə dair notarial alğı-satqı müqaviləsinin bağlanmasını ona təklif etsə də, İddiaçı yayınmışdır. İddiaçının dediyi kimi onların arasında heç bir icarə münasibətləri mövcud olmamışdır. 2023-cü ilə qədər həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə etsə də, iddiaçı və onun ailə üzvləri həmin torpaq sahəsini başqa şəxslərə satmağı planlaşdırdıqları üçün ondan şikayət etməyə başlamışlar. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, İddiaçı onun doğma bibisi oğlu, Cavabdeh isə onun qohumudur. Xatırladığı qədər 20 ildən yuxarıdır ki, İddiaçı təxminən 0.63 ha torpaq sahəsini 300 ABŞ dolları müqabilində Cavabdeh satmışdır. Cavabdeh həmin torpaq sahəsini almaq istəməsə də, İddiaçı xahiş etdiyi üçün razılaşmışdır. İddiaçı torpağın sənədini də Cavabdeh vermişdir. Onda olan məlumata görə təxminən 2 ilə yaxındır ki, Həsənağa ilə Cavabdeh arasında həmin torpaq sahəsinə dair mübahisə yaranmışdır. Məhkəmə iclasında Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, İddiaçı onun doğma qardaşı, Cavabdeh isə onun qohumudur. Xatırladığı qədər 20 ildən yuxarıdır ki, İddiaçı təxminən torpaq sahəsini 200 ABŞ dolları müqabilində Cavabdeh satmışdır. Cavabdeh həmin torpaq sahəsini almaq istəməsə də, İddiaçı xahiş etdiyi üçün razılaşmışdır. Torpaq sahəsinin nə qədər olduğunu bilmir. Torpaq sahəsinin sənədinin Həsənağa tərəfindən Vüqara verilib-verilmədiyindən məlumatı yoxdur. Bir-iki il əvvəl Həsənağa sonradan fikrini dəyişdiyi üçün onların arasında mübahisə yarandı. Həsənağanın polisə müraciət edib-etməməsini bilmir. Vüqarın atası vəfat etdiyi üçün məşğul olduğundan torpaq sahəsinin alğı-satqısı ilə bağlı sənədləşmə olmamışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, şahid ifadələrinə qiymət verib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Liman şəhər istehsal-istehlak kooperativ cəmiyyəti ot bağlamalarının bazar qiymətinə və mümkün gəlir barədə xx.xx.2024-cü il tarixli rəydən görünür ki, 2011-2017-ci illərin yay aylarında bir bağlama yabanı yonca otunun təklif qiyməti 1,2-1,5 manat, qış aylarında 2-3 manat olsa da,sonrakı illərdə ötən 2023-cü ildə daxil olmaqla analoji olaraq yay aylarında 2,5-3 manat, qış aylarında 3,5-4 manatdan təklif olunmuşdur. İllər üzrə məhsuldarlıq qeyd olunan 0,6185 ha torpaq sahəsində 200-250 ədəd ot bağlaması olmuşdur.Sahənin biçin xərci hektara 30-35 manat, bir ədəd ot bağlamasını preslənməsi 0,30-0,35 manat,yığılma nəqliyyat və digər xərclər hər ot bağlamasına görə 0.30 manat civarında olmuşdur. Hesab edir ki, tərtib olunan sxemlə illər üzrə yay və qış qiymətlərindən orta qiymət, eyni zamanda orta məhsuldarlıq çıxarılmalı illərin (14) sayına və qiymətinə vurulmaqla nəticə əldə olunmalıdır. İllik orta məhsuldarlıq 225 ədəd, ümumi sayı 3150 ədəd, illik yay orta qiymət 1,5+1,2+2,5+3=8,2/4=2,05 manat, illik qış orta qiymət 2+3+3,5+4=12,5/4=3,125 manat, orta təklif qiyməti 3,125+2,05=5,175/2=2,5875 <2,5 manat, İllik biçin,presləmə və digər xərclər daxil 180 manat,cəmi xərc 2520 manat, 3150x2,5 manat =7885-2520=5365 manat. Beləliklə xərc yanaşması çərçivəsində aparılmış analiz və hesablamalar əsasında Lənkəran rayonu Boladi kəndində yerləşən 0,6185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2011-ci ildən 2024-cii ilədək, yabanı halda bitən yonca otunun xüsusi texnika ilə biçilərək ot bağlaması kimi bağlandıqdan sonra illər üzrə sayı 3150 ədəd dəyəri 7875 manat xərci 2520 manat əldə oluna biləcək mümkün gəlir 5365 (beş min üç yüz altmış beş ) manat dəyəri müəyyən edildi. Aparılmış qiymətləndirmə əsasında belə nəticəyə gəldim ki, sifarişçi Lənkəran rayon Boladi kənd sakini İddiaçı və digərləri ümumi birgə mülkiyyətdə olan Lənkəran rayonu Boladi kəndində yerləşən 0,6185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2011-ci ildən 2024-cii ilədək, (2011-ci,2024-cii illər daxil) yabanı halda bitən yonca otunun xüsusi texnika ilə biçilərək ot bağlaması kimi bağladıqdan sonra ümulikdə 5365 (beş min üç yüz altmış beş ) manat gəlir əldə edə bilərdi. Liman şəhər istehsal-istehlak kooperativ cəmiyyəti tərəfindən verilən xidmət xərclərinə dair bildirişdən görünür ki, aparılmış qiymətləndirmənin dəyəri 70 manat təşkil edir. İddiaçı ilə Lənkəran Rayon Vəkil Bürosu arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi haqqında” 166 №-li müqavilədən görünür ki, hüquqi yardım göstərilən İddiaçı tərəfindən 320 manat ödənilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonunun Boladi kəndində yerləşən 0.6185 ha torpaq sahəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq ümumi birgə mülkiyyət hüququ üzrə X6, İddiaçı, X7, X8, X9 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lənkəran Rayon Boladi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 27 №-li arayışdan görünür ki, Lənkəran rayonu Boladi kənd sakini İddiaçı həqiqətən onun ailə üzvlərinin mülkiyyətində olan (reyestr nömrəsi-**********98, xx.xx.2019-cu il tarixdən – X6), 0.6185 ha paybəlli torpaq sahəsinin torpaq vergisi 2000-2024-cü illər ərzində Boladi Bələdiyyəsinin büdcəsinə ödənilməmişdir. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 79 manat dövlət rüsumu ödəmişdir. Lənkəran ŞİHB-nin Boladi KİƏD üzrə nümayəndəliyi xx.xx.2024-cü il tarixli, 12-30/727 №-li arayışdan görünür ki, Lənkəran rayonu, Boladi kənd sakini İddiaçı qardaşı X10 ilə qonşu olsalar da, bir-birilə danışmırlar. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X4 HK-1-135 nömrəli yoxlama materialı üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X5 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daxil olmuş HK-1-2503 nömrəli yoxlama materialı üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin mübahisə edilməyən halı Cavabdeh 2000-ci ildən İddiaçı və onun ailə üzvlərinə məxsus Lənkəran rayonu, Boladi kəndində yerləşən 0,6185 ha torpaq sahəsindən faktiki istifadə etməsidir. İddiaçı tərəf bildirir ki, sözügedən torpaq sahəsi iki dəfə 5 il müddətinə olmaqla 2000-2010-cu illər ərzində, ümumilikdə 10 il müddətinə cavabdehə icarəyə verilmişdir. 2010-cu ildən dəfələrlə xəbərdarlıq edilməsinə, müxtəlif dövlət orqanlarında müraciət edilməsinə baxmayaraq cavabdeh torpaq sahəsini zəbtdən azad edib onlara təhvil vermir. Cavabdeh isə 2000-ci ildə 200 ABŞ dolları müqabilində İddiaçı və onun ailə üzvlərinə məxsus Lənkəran rayonu, Boladi kəndində yerləşən 0,6185 ha torpaq sahəsini aldığını, iddiaçının həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlamaqdan boyun qaçırdığını, həmin torpaq sahəsinin ona satılmasını təsdiq edən şahidlərin olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırda cavabdehin iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi üçün qanuni əsas mövcud deyil. Belə ki, cavabdehin vəsatəti ilə dindirilmiş şahid ifadələrinə qiymət verən məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə şahid ifadələri sübut növlərindən biri hesab edilir. Lakin MPM-nin sübutların mümkünlüyündən bəhs edən 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada Cavabdeh Lənkəran rayonu, Boladi kəndində yerləşən 0,6185 ha torpaq sahəsinin mülkiyyətçisi olması şahid ifadələri ilə deyil, müvafiq alğı-satqı müqaviləsi və onun əsasında həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını təsdiq edən müvafiq çıxarış əsasında müəyyən edilə bilərdi. Buna görə də, məhkəmə, cavabdehin vəsatəti əsasında dindirilmiş şahid ifadələrini mümkün sübutlar sırasında qəbul etmir. Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (Mülki Məcəllənin 646.1 və 646.2-ci maddələri). Mülki Məcəllənin 144.1-ci maddəsində əkstin tapmışdır ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. İddia tələbinin digər - torpaq sahəsini qanunsuz istifadə etməsi nəticəsində vurulmuş maddi ziyana görə 5365 (beş min üç yüz altmış beş) manat məbləğində pulun, mütəxəssis rəyinə görə ödədiyi 70 (yetmiş) manat pulun, 14 illik vergi pulu olan 70 (yetmiş) manat pulun, vəkil tutmaq üçün ödədiyi 320 (üç yüz iyirmi) manat pulun, 5825 (beş min səkkiz yüz iyirmi beş) manat pulun ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 5365 manat pulun tələb etməsinin əsası kimi maddi ziyan vurulmasını göstərsə də, əslində müvafiq məbləğ maddi ziyanın vurulması şəklində deyil, əldən çıxmış fayda şəklində tələb edilə bilər. İddiaçı 14 il üçün əldən çıxmış fayda tələb etsə də, məhkəmə araşdırması zaman müəyyən edildi ki, iddiaçı əvvəlki 2023-2024-cü illər istisna olmaqla, daha əvvəlki illər üzrə nə məhkəməyə, nə də digər dövlət orqanlarına müvafiq torpaq sahəsinin Cavabdeh alınıb ona təhvil verilməsi ilə bağlı müraciət etməmişdir. Ona görə də məhkəmə cəmi iki il üçün əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya verilməsini ədalətli hesab edir. 14 il ərzində bələdiyyə büdcəsinə ödənilməli torpaq vergisinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin tələblə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Buna görə iddia bu hissədə təmin edilə bilməz. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lənkəran rayonu, Boladi kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********98 olan çıxarış əsasında ümumi birgə mülkiyyət əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan 0,6185 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, Cavabdeh əldən çıxmış faydaya görə 766.42 manat məbləğində, mütəxəssis rəyinə görə 70 manat məbləğində, vəkil tutulması üçün 100 manat məbləğində olmaqla, 936.42 manat məbləğində pul və iddia qismən təmin edildiyi üçün 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun 49 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran rayonu, Boladi kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********98 olan çıxarış əsasında ümumi birgə mülkiyyət əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan 0,6185 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Cavabdeh əldən çıxmış faydaya görə 766.42 manat məbləğində, mütəxəssis rəyinə görə 70 manat məbləğində, vəkil tutulması üçün 100 manat məbləğində olmaqla, cəmi 936.42 manat məbləğində pul və iddia qismən təmin edildiyi üçün 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 49 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2140/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2140/2024
19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver