Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-219/2023 17.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2, İddiaçı2 nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzil üzərində İddiaçı1 payının 4/6 hissədə (3/6+1\6), digər İddiaçı2 və Cavabdeh hər birinin payının isə 1/6 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı1 xx.xx.1958-ci il tarixdə Zaqatala rayonunun Muxax kəndində doğulmuş, 04 fevral 1982-ci il tarixdə X8 ilə Lənkəran şəhər «Nikah evində» nikahları 14 saylı akt qeydi ilə rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra o X6 məxsus Lənkəran şəhəri Mirsalayev küçəsində yerləşən 18 saylı evə gəlin köçmüşdür. Birgə nikah dövründə əri X8 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzili satın almışdır. Belə ki, xx.xx.2009-cu ildə X8 ilə «X10» ASC arasında 9905 saylı mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış və Tahir Kazımov Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzili 33.540 manata əldə etmişdir. Hazırda həmin mənzilə dair X3 adında heç bir borc yoxdur. Mənzil əldə edilərkən tam hazır olmamış və bir neçə il orada təmir bərpa işləri görülmüşdür. Həmin mənzil hazırda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixi ********** qeydiyyat nömrəli çıxarışla X3 adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınmışdır. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Tahir Kazımov vəfat etdikdən sonra Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzil miras əmlak olaraq qalmış və vərəsələr tərəfindən qəbul edilmişdir. Hazırki mülki iş üzrə vərəsələr aşağıdakılardır: o İddiaçı1, oğlu Cavabdeh və qızı İddiaçı2dır. Hazırda vərəsələr arasında payların müəyyən edilməsi və əmlakın bölünməsi ilə bağlı mübahisə olduğundan bu tələblərlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O mərhum X8 ilə 04 fevral 1982-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2009-cu ildə müvafiq alqı-satqı müqaviləsi ilə mərhum əri Tahir Kazımov hazırda mübahisə predmeti olan mənzili əldə etdiyindən həmin mənzil üzərində ½ hissədə payı vardır. Həmin mənzilin qalan ½ hissəsi isə Tahir Kazımovun payına düşür. Deməli hazırki mülki iş üzrə miras əmlakın kütləsini Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzilin ½ hissəsi (yarısı) təşkil edir. Hesab edir ki, mirasın kütləsi üzərində vərəsələrin payları barəbar qaydada müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 və İddiaçı2 nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə nümayəndə ilə təmsil olunmalarını nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan və «Fərdi yaşayış evinin Texniki Pasportu»ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, b 1, m 75-də yerləşən fərdi yaşayış evi üzərində X3 tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli Lənkəran rayon 1 saylı Notariat ofisinin məktubundan görünür ki, 19 dekabr 2020-ci ildə vəfat etmiş əri X1 yaşayış evi və mənzil miras qalmışdır. Akkord şirkətlər qrupunun xx.xx.2009-cu il tarixli 3433 N-li maliyyə arayışından görünür ki, X8 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 1-bina, B1-blok, 10-cu mərtəbədə, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzilin ümumi dəyəri 33.540,00 manat tam ödənilmiş, heç bir borcu yoxdur. AZ-İ № 109881 saylı ölüm haqqında olan şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 və X4 xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah 14 saylı akt qeydi ilə qeydə alınmışdır. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Kazımova X2 şəhər B.Mirsalayev küçəsi dalan 3, 18 saylı evin qeydiyyatındadır. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 Lənkəran şəhər Fizuli küçəsində qeydiyyatdadır. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 həyat yoldaşı X8 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş və vərəsələri həyat yoldaşı İddiaçı1, oğlu Kazımzadə X7 və qızı İddiaçı2dır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisələndirilməyən hallarından görünür ki, X8 və X4 xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların Kazımzadə X7 və qızı İddiaçı2 adlı övladları doğulmuşdur. Tahir Kazımov xx.xx.2009-cu il tarixdə (İddiaçı1 ilə birgə nikah dövründə) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 1-bina, B1-blok, 10-cu mərtəbədə, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzilin alqı-satqı yolu ilə əldə etmiş və mənzilin 33.540,00 manat olan dəyərini tam şəkildə ödəmişdir. X8 xx.xx.2020-ci il tarixdə ölmüş, ölümündən sonra qeyd olunan mənzil miras əmlak kimi qalmış və arvadı İddiaçı1, övladları - Kazımzadə X7 və İddiaçı2 adlı vərəsələri vardır. İş üzrə vəsiyyətnamə mövcud deyildir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunan hüquq normaları hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, Tahir Kazımov xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsi, 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzilin mülkiyyətçisi olsa da həmin mənzil arvadı İddiaçı1 ilə birgə nikah dövründə əldə edildiyindən onların payları bərabər olmaqla, ümumi birgə mülkiyyətindədir. Belə olan halda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsi, 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzil üzərində mərhum Tahir Kazımovun və Umukus Kazımovanın ½ hissə mülkiyyət hüquqları mövcuddur. Bu baxımdan məhkəmə qeyd edir ki, mübahisəli mənzilin ½ hissəsi miras əmlak kütləsinə daxildir. Məhkəmə mübahisəli miras əmlak üzərində tərəflərin vərəsəlik hüququnun olub-olmaması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qeyd olunan Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə olmaqlaa vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Adıçəkilən olunan hüquq normalarının hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsi, 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzil üzərində mərhum Tahir Kazımovun mülkiyyətində olan ½ hissəsi üzərində onun vərəsələri – İddiaçı1, Kazımzadə X7 və İddiaçı2 hər birinin 1/3 hissə miras payı vardır. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsi, 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzil üzərində İddiaçı1 4/6 hissədə (1/2+ (1/2x1/3)), İddiaçı2 1/6 və Cavabdeh 1/6 hissə payı müəyyən olunmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən, 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzil üzərində İddiaçı1 4/6 hissə, İddiaçı2 1/6 hissə və Cavabdeh 1/6 hissə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-219/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-219/2023
17.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver