Məhkəmə qərarları › İş №2(049)-2298/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2298/2023

07.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2298/2023 07.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin azad edilməsi və həmin hissədə tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə 07 avqust 2023-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin azad edilməsi və həmin hissədə tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, Aqrar İslahat Komissiyasının 2002-ci ilin 06 avqust tarixli qərarına ilə onlara Lənkəran rayonu, Sütəmurdov kəndində 0,06 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 760 A saylı 80200058 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyət hüququ əsasında adlarına rəsmiləşdirlmişdir. Bir müddət öncə cavabdeh həmin torpağın ona satmasını, o, satdıqı təqdirdə, pulu nağd verəcəyini bildirmişdir. Bu danışıqdan sonra cavabdeh ona 200 AZN beh vermiş və belə razılaşmışlar ki, cavabdeh bir ilə onun pulunu verdikdən sonra ailə üzvləri ilə birlikdə torpaq sahəsini Lənkəran 1 saylı Notariat kontoruna cavabddehin adına alqı-satqı yolu ilə rəsmiləşdirəcəklər. O vaxtdan etibarən cavabdeh verdiyi sözə əməl etməmiş, üstəlik onun və ailəsinin mülkiyyətində olan torpaq sahəsinə onları buraxmamışdır. O, cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmiş, haçansa, pulu olarsa onlara verəcəyini söyləmişdir. Buna görə də onlar torpaq sahələrini cavabdehə satmalarından vaz keçmişlər. Özləri torpaq paylarını əkib-becərmək və orada tikinti aparmaq istəyirlər. Cavabdeh tərəfindən hüquqları pozulduğu üçün bu haqda Lənkəran Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Polis şöbəsindən onlara bildirmişlər ki, buna dair Lənkəran Rayon Məhkəməsində iddia qaldırmalıdırlar. Göstərilənləri əsas tutaraq, məhkəmədən onun və ailə üzvlərinin JN 760A saylı 80200058 kodlu torpaq şəhadətnaməsinə əsasən mülkiyyətlərində olan və Cavabdeh zəbt etdiyi 0.06 ha torpaq sahəsinin cavabdehin hesabına azad edilərək onlara qaytarılması, orada əvvəllər çəkdiyi dəmir torları yenidən yenidən cavabdeh tərəfindən çəkilməsi, cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişlər. İddiaçı1 əlavə olaraq göstərmişdir ki, o, iddia ərizəsində cavbabdehdən beh kimi 200 AZN aldığını göstərsə də, əslində satmaq istədikləri torpaq sahəsinə görə 1998-ci ildə cavabdehdən “bir paçka şirvan”, həmin vaxtki pul ilə 1 000 000 manat almışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 bacanağı ilə yaxşı münasibəti olmuşdur. 1998-ci ildə həmin torpağın ona satılmasını təklif edib. Əvvəl 600 dollara razılaşmışlar. O, onlara əvvəlcə 200 manat vermişdir, daha sonra Bakı şəhərində 100 dollar vermişdir. O, torpaq sahəsinin pulunu tam olaraq ödəmişdir. Lakin aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmamış, torpaq sahəsini almaq üçün ödədiyi pularla bağlı əlində qəbzlər yoxdur. Lakin özü özündə müvafiq qeydlər aparmışdır. Hazırda həmin ərazidə tövlə və anbar tikmişdir. Uzun ildən sonra iddiaçıların həmin torpaq sahəsini tələb etmələri əsassızdır. Torpaq sahəsini aldığı zaman orada mal-qaranın əzdiyi dəmir tordan çəpər olsa da, həmin çəpər yarasız halda olduğundan, özü yeni çəpər çəkmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, iclas iştirakçılarının izahatlarını, təqdim olunmuş sübutları tədqiq edib, onlara ümumilikdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağa mülkiyyətə verilməsinə dair” JN-760A saylı Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayonu, Aqrar İslahat Komissiyasının 08.08. 2002-ci il tarixli 04 saylı qərarı ilə verimiş və Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı1 və digər iddiaçıların mülkiyyətlərinə verilmişdir. Məhkəmə qeyd olunan mübahisə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında torpağ alqısatqısı ilə bağlı şifahi razılaşma olsa da, alqı-satqı müqaviləsinin mühüm şərtlərindən biri olan həmin razılaşma notarial qaydada rəsmiləşdirilməmişdir. Onlar arasında şifahi qaydada bağlanmış əqd etibarsızdır. Mübahisəli torpaq sahəsinə dair əqd notariat qaydasında təsdiq edilmədiyindən Mülki Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən cavabdehin həmin torpaq sahəsinə sahiblik və istifadə hüququ əmələ gəlməmişdir. Bu səbəbdən, də məhkəmə hesab edir ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsə də, yəni özbaşına tutmasa da, ondan qanunsuz istifadə edir. Bunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməli, Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan və hazırda Cavabdeh qanunsuz istifadə etdiyi 0,06 ha torpaq sahəsi cavabdehdən geri alınaraq, iddiaçılara qaytarılmalı, cavabdeh tərəfindən iddiaçılara qarşı edilən maneələr aradan qaldırılmalı, tərəflər arasında şifahi olaraq bağlanmış əqd etibarsız olduğundan, iddiaçılardan müştərək qaydada 1998-ci il tarixdə cavabdehdən aldılqları 1 000 000 manat pulun bu günə olan nominalı-200 manat cavabdehə qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə ədq bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə iddiaçılardan İddiaçı1 cavabdeh tərəfindən pulu ona beh şəklində verildiyinə dair göstərdiyinə qiymət verərək qeyd edir ki, o, bu halı təsdiqləyən hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də o, torpaq sahələrinin çəpərinin əvvəllər dəmir torla hasarlanmasına dair hər hası bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin həmin torpaq sahəsinə görə iddiaçının göstərdiyi 1 000 000 manatdan da artıq pul verdiyinə dair göstərdiyinə qiymət verərək qeyd edir ki, o da, həmin 1 000 000 manatdan da artıq pulu iddiaçılara verdiyinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mübahisəli torpaqla bağlı alqı-satqı razılaşması olmuş, cavabdeh həmin torpaq sahəsini almaq məqsədilə iddiaçılara onların göstərdiyi kimi 1998-ci ildə o vaxtki pul ilə 1 000 000 manat vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı1 ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh aid edilməli və sonuncudan tutularaq İddiaçı1 verilməlidr. Azərbaycan Respublikası MPM-nin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin azad edilməsi və həmin hissədə tikilinin sökülməsi” tələbinə dair iddiası qismən təmin edilsin. JN 760A saylı 80200058 kodlu “Torpağa mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məxsus olan və Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən, hazırda Cavabdeh istifadə etdiyi 0,06 ha torpaq sahəsi cavabdehdən geri alınaraq, iddiaçılara qaytarılmaqla cavabdeh tərəfindən iddiaçılara qarşı edilən maneələr aradan qaldırılsın. Tərəfdlər arasında həmin torpaq sahəsinin alqı-satqısına dair şifahi olaraq bağlanmış əqd etirasız olduğundan, iddiaçılardan müştərək qaydada 1998-ci il tarixdə cavabdehdən aldılqları 1 000 000 manat pulun bu günə olan nominalı-200 manat cavabdehə qaytarılsın. İddiaçı1 ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh aid edilsin və sonuncudan tutularaq İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar