Məhkəmə qərarları › İş №2(049)-2303/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2303/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2303/2023 18.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı2 nümayəndəsi və İddiaçı1 qanuni nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və cavabdehin paylı mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən mənzildən onlar hər birinin 1/12 hissədə payının Cavabdeh payından naturada ayıraraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar anaları ilə birgə yaşayırlar. X1 20 oktyabr 2007-ci il tarixdə vəfat etdiyindən nənələri İddiaçı2 İbrahim qızından miras qalmış və ünvan 1 1/2 hissə bibiləri Cavabdeh və X1nun 1/2 hissə payı isə onlara çatmışdır. Bu barədə adlarına çıxarış verilmişdir. Onlar həmin evin paylı mülkiyyətçiləri olsa da, bibiləri ona cavabdeh onları həmin mənzilə buraxmır və onlara paylarının pulunu da vermək istəmir. O, həmin mənzili kirayə verərək, ondan qazanc əldə edir və həmin puldan onlara vermir. Ona görə də, özlərinə düşən payı naturada ayıraraq satmaq istəyirlər. Paylarını naturada ayırmaq istəsələr də, cavabdeh onlarla razılaşmır. Ona görə də onlar məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edirlər ki, məhkəmə qaydasında öz ümumi birgə paylarını cavabdehin payından naturada ayırıb, bundan sonra özlərinə çatan paydan sərbəst şəkildə istifadə etsinlər və lazım gəldikdə satsınlar. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı2 nümayəndəsi və İddiaçı1 qanuni nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun çıxış etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə təqdim olunmuş sənədləri araşdıraraq və onlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AZ-İV 313624 №-li “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhərində doğulmuş xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 atası X8, anası Nümayəndədır. AZ-İV 644540 №-li “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhərində doğulmuş xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 atası X8, anası Nümayəndədır. AZ-İV 708728 №-li “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhərində doğulmuş xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 atası X8, anası Nümayəndədır. AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Əliyeva X6 şəhəri, Vidadi küçəsi, ev 43 ünvanında yaşayır. 22 oktyabr 2020-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 12987 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş İddiaçı2 İbrahim qızının vərəsəsi Cavabdeh şəhadətnamə verilən əmlak ƏMDK DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə İddiaçı2 İbrahim qızına verilmiş **********04-05101- 093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,5 kv/m, yaşayış sahəsi 24,3 kv/m, yardımçı sahəsi 13,2 kv/m, 2 otaqlı olan mənzilin 1/2 hissəsindən ibarətdir. 22 oktyabr 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş İddiaçı2 İbrahim qızının vərəsələri qızı Cavabdeh və oğlu X4r və onlar miras əmlakdan hər birinə 1/2 hissə pay almalıdır. X2 xx.xx.2007-ci il tarixdə vəfat etdiyindən ona çatası 1/2 hissə onun uşaqları İddiaçı1, İddiaçı3 və İddiaçı2 keçir. Şəhadətnamə verilən miras əmlak ƏMDK DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə İddiaçı2 İbrahim qızına verilmiş **********04-05101-093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,5 kv/m, yaşayış sahəsi 24,3 kv/m, yardımçı sahəsi 13,2 kv/m, 2 otaqlı olan mənzilin 1/2 hissəsindən ibarətdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.90 kv.m olan mənzilin 3/4 hissəsi Cavabdeh, 1/12 hissə İddiaçı1, 1/12 hissə İddiaçı3 və 1/12 hissə İddiaçı2 mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin 10/5327 saylı 07 sentyabr 2023-cü il tarixli ekspertiza rəydən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 38,90 kvadratmetr olan mənzilin 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşməsini, giriş qapısının yeganə olmasını, əlavə giriş qapısının açılmasının texniki olaraq mümkün olmamasını, yardımçı tikililərinin yeganə olmasını nəzərə alaraq, həmin mənzilin ümumi paylı mülkiyyətçilərin (İddiaçı1 1/12 hissə, İddiaçı2 1/12 hissə və İddiaçı3 1/12 hissə) paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.90 kv.m olan mənzilin 3/4 hissəsi Cavabdeh, 1/12 hissə İddiaçı1, 1/12 hissə İddiaçı3 və 1/12 hissə İddiaçı2 mülkiyyətindədir. İddiaçılar mənzildən öz paylarının naturada ayrılaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin keçirilmiş müvafiq ekspertiza rəyi ilə sözügedən mənzilin naturada bölünməsinin tikinti normaları baxımından bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Qeyd olunan Məcəllənin 220.6-cı maddəsinə əsasən həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarını hazırki işin halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığından iddia rədd edilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat pul iddiaçılardan müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar