Məhkəmə qərarları › İş №2(049)-2388/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2388/2024

15.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2388/2024 15.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının mənə məxsus olan evdən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 63 adda olan cehiz əmlakların ona məxsus Lənkəran rayonunun Mamusta kəndində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur, iş üzrə cavabdeh olan Lənkəran rayonunun Mamusta kənd sakini Cavabdeh ilə oğlu X6 nikaha daxil olmuşdur. Nikahları 02 iyun 2014cü il tarixində Mamusta kənd ərazi nümayəndəliyində 08 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2014-cü ildə X7 və xx.xx.2017-ci ildə X3 dünyaya gəlmişlər. Uşaqlar sağ-salamat olmaqla Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin himayəsində yaşayırlar. Məhkəmənin 2(049) 456/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa görə oğlu Allahverdiyev Elnur cavabdehə 200 manat olmaqla cəmi 400 manat məbləğində aliment ödəyir. Cavabdeh, mərhum əri X4 və onun alın təri və zəhməti ilə tikdikləri evə gəlin gəlmişdir. Cavabdeh Allahverdiyeva X1 olan fərdi yaşayış evinə gəlin gələrkən özü ilə gəlinlik cehiz əmlakı gətirmişdir. Cavabdeh ilə oğlunun arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh öz valideynlərinə məxsus evdə onlarla birgə yaşayır. Hazırda cavabdehin gəlin gələrkən gətirdiyi cehiz əmlakı onun evində yerləşir. Cavabdehə öz əmlakını evindən götürülməsini dəfələrlə təklif etsə də o, əmlakını götürmək istəmir. İddiaçı bildirir ki, cavabdehin əmlakı evində artıq yer tutur. Məhz bu səbəbdən də o, cavabdehin iddia ərizəsində siyahısı əks olunmuş cehiz əmlakının onun evindən çıxarılması ilə bağlı məkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İşin məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X6 ilə Cavabdeh arasındakı nikah 02 iyun 2014-cü il tarixdə 08№-li aktla Lənkəran rayonu, Mamusta kənd İcra nümayəndəliyində qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışda bildirilmişdir ki, X6 ilə Cavabdeh övladı X7 xx.xx.2014-cü ildə Lənkəran rayonu, Şürük kəndində anadan olmuşdur. Bu barədə xx.xx.2014-cü il tarixdə Lənkəran rayonu, Mamusta kənd İcra nümayəndəliyində 34 № doğum haqqında akt qeydi tərtib edilmişdir. Digər doğum haqqında arayışda qeyd olunmuşdur ki, X6 ilə Cavabdeh övladı X3 xx.xx.2017-ci ildə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuşdur. Bu barədə xx.xx.2017-ci il tarixdə Lənkəran rayonu, Mamusta kənd İcra nümayəndəliyində 42 № doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Mamusta kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Lənkəran Rayon Məhkəməsinə təqdim edilmiş 12-06/267 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Lənkəran rayonunun Mamusta kəndində yerləşən özünəməxsus 1 (bir) mərtəbəli 3 (üç) otaqdan ibarət fərdi yaşayış evində yaşayır. İş materiallarında olan 2(049)-456/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 02 iyun 2014-cü il tarixdə Lənkəran Şəhəri icra Hakimiyyəti Başçısının Mamusta kənd inzibati Ərazi Dairəsi nümyəndəliyində bağlanmış 08 saylı nikah aktı qeydi pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 06 iyun 2014-cü il tarixdə doğulmuş X7 və 27 iyul 2017-ci il tarixdə doğulmuş X3 anası- Cavabdeh yanında saxlanılmışdır. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 06 iyun 2014-cü il tarixdə doğulmuş X7 və 27 iyul 2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, ümumilikdə hər ay iki uşaq üçün 400 manat sabit pul məbləğində aliment cavabdeh X2 tutularaq iddiaçı Cavabdeh verilmişdir. İş materiallarında olan JN-0475 nömrəli, 80214018 kodlu “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə görünür ki, Lənkəran rayon Mamusta kəndində yerləşən 0.11 hektar ölçüsündə torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 06 iyul tarixli, 18 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, İddiaçı Lənkəran rayonu, Mamusta kəndində yerləşən özünəməxsus 1 (bir) mərtəbəli 3 (üç) otaqdan ibarət fərdi yaşayış evində yaşayır. Həmçinin müəyyən edildi ki, Cavabdeh ilə X6 arasında 02 iyun 2014-cü il tarixdə Lənkəran Şəhəri icra Hakimiyyəti Başçısının Mamusta kənd inzibati Ərazi Dairəsi nümyəndəliyində bağlanmış 08 saylı nikah aktı qeydi pozulmuşdur. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus olan iddia ərizəsində qeyd edilmiş 63 (altmış üç) adda əşyalar İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Lənkəran rayonu Mamusta kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar