Məhkəmə qərarları › İş №2(049)-2389/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2389/2024

28.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2389/2024 28.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan hüquq norması hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, İddiaçı istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, yəni iddia ərizəsində qeyd olunan əmlakların məhz ona məxsus olmasını, həmin əmlakların cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperativ şəkildə müəyyən olunmuşdur. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Bundan başqa iddia ərizəsində tələb edilən əmlakların ayrı-ayrılıqda qiymətləri ilə bağlı mütəxəssis rəyi iddia ərizəsinə əlavə edilməmişdir. MPM-nin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, İddiaçı iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı qeyd olunmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. MPM-nin 114.1.3-cü maddəsinin təəbi baxımından hesab edirəm ki, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 59 manat (mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X1 tərəfindən ödənilmiş 59 manat (mədaxil qəbzi № **********) dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar